Siyasət

  • 3 105

Azərbaycan–Almaniya əlaqələri yüksələn inkişaf yolunda - ŞƏRH

image

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Ötən il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Onu da vurğulamaq lazımdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.

Elə bu günlərdə, yəni martın 13-14-də Prezident İlham Əliyevin Kansler Olaf Şoltsun dəvəti ilə Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə, Kansler Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşləri, iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi bir daha Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun təsdiqi olmaqla Almaniyanın Azərbaycanın əhəmiyyətini qəbul etməsidir.

Ən vacib məqam isə, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Cənubi Qafqazdakı vəziyyət haqqında da müzakirələr aparılıb, dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyini vurğulayıb: "Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Federal Kansler Olaf Şolts da çıxışında Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib: "Almaniya hələ o vaxt beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir".

Prezident İlham Əliyev mətbuata bəyanatında onu da bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır: "Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır".

Dövlətimizin başçısı Azərbaycanın Avropa məkanına qaz ixracatının artırıldığını vurğulayaraq qeyd edib ki, əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq. Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısını təşkil edir. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəyini söyləyn Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir. Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı vurğulayıb: "Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir".

Beləliklə, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib və Azərbaycanın nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq.

Bir sözlə, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçımızın söylədiyi kimi: "Əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir".

FUAD HEYDƏR,
Siyasi icmalçı

Digər xəbərlər