Siyasət

  • 3 302

Novruz bayramı Azərbaycan xalqının mühüm milli simvollarından birinə çevrilib ŞƏRH

image

Müasir Azərbaycan dövlətinin milli quruculuq siyasətində mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm milli simvollarından birinə çevrilib. Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza, millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza güc veribdir.

XX əsrin əvvəllərində – 30-cu illər stalinizm repressiyaları dövründə milli mədəniyyətimiz bütövlükdə repressiyalara, bir çox hallarda məhvə məruz qaldığı kimi, bu qanlı təqiblər Novruz bayramından da yan keçmədi. Qırmızı İmperiyanın, yəni Sovetlər quruluşunun vaxtında Novruz bayramına sırf dini bayram donu geydirib, onu milli mədəniyyətimizdən silməyə çalışırdılar. Bu bayrama İslam dininin qalığı kimi baxan bolşevizm bütün cəhdlərə baxmayaraq, onu xalqın yaddaşından silə bilmədi. Öz tarixi ənənələrinə sadiq qalan xalq bu mərasimin meydanlarda olmasa da, mənzillərdə keçirilməsinə nail oldu. Bu bayramı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb atmaq mümkün olmadı. Bir sözlə, nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər illərlə gendə köklənmiş Novruzu yaddaşlardan birdəfəlik silə bilmədi.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar su, od, yel və torpaq çərşənbələridir. Hər bir çərşənbənin özünün ritualları var. Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılır. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. 1991-ci ilin oktyabrında müstəqillik nemətinə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermədi. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu Öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.

Ulu Öndərin ideyalarına hər bir məsələdə tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyevin xalqımıza Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir: "Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir".

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.Bu gün xalqımız öz sevincli günlərini yaşayır, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Artıq torpaqlarımız azad nəfəs alır, həmin ərazilərdə tonqallar yandırılır və yazın gəlişi hiss olunur.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər