Siyasət

  • 1 838

Başlıbel qətliamı TƏHLİL

image

Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ilin aprel ayının 2-də baş verən qətliamdan 30 il ötür

Xalqımıza qarşı davam edən mənfur siyasətin nəticəsində XX əsrdə 2 milyona yaxın azərbaycanlı soyqırımı və deportasiyaya məruz qalıb. Xalqımıza qarşı törədilmiş milli qırğın, soyqırımı və deportasiyanın ağır nəticələrini yaşamışıq. 1905-1907, 1918-1920-ci illərdə ermənilərin Bakı, Quba, Naxçıvan, Qarabağ, Şamaxı və başqa bölgələrimizdə törətdikləri qırğınların dəhşətli nəticələri, Qaradağlı və Xocalıda eyni ssenari əsasında həyata keçirilən soyqırımları tariximizin qanlı səhifələrində yer alıb. Hüquq normalarına zidd olan qərarlara əsasən azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası da Azərbaycan xalqına qarşı törədilən cinayətlər sırasındadır.

AZƏRBAYCANLILARIN AMANSIZLIQLA QƏTLƏ YETİRİLDİYİ MART SOYQIRIMI

Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırım aksiyası nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə insan elindən-obasından didərgin düşüb.
105 il bundan əvvəl 1918-ci ildə erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən Comərdli soyqırımı da tariximizdə qanlı səhifə olaraq yer alıb. Comərdli kəndi Qarakilsə rayon mərkəzindən 15 kilometr aralıda – Salvartı dağının ətəyində yerləşirdi. Comərdli Qarakilsənin ən böyük türk kəndlərindən biri idi. 1918-ci ildə daşnak Andranik Ozanyanın quldur dəstəsi Qarakilsəyə qan uddurduğu vaxt onun zülmünə tuş olmuş kəndlərdən biri də məhz Comərdli idi. Əhalinin yarıdan çoxu qətlə yetirilib, bəladan qurtaranlar isə sıldırımlı dağları, qayalıqları aşaraq Naxçıvana pənah aparıblar.
Azərbaycan tarixində belə faciələrlə, soyqırımları ilə bağlı hadisələr yer alıb. Təbii ki, bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi soyqırım, genosid deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmışdır. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində xalqımız misli görünməmiş faciələlər yaşamışdır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini göstərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

BİR GECƏDƏ 613 NƏFƏR XOCALI SAKİNİ QƏTLƏ YETİRİLDİ

1992-ci ilin Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən Xocalıda yaşayan sakindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub. Keçən dövr ərzində 13 ölkənin Parlamentində Xocalı soyqırımı rəsmi olaraq tanınıb. 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, 2014-cü ildə Sudan və Honduras, 2015-ci ildə Qvatemala, 2017-ci ildə Cibuti və Paraqvay Parlamentlərində Xocalı faciəsi soyqırımı kimi tanınmışdır. Bundan başqa, ABŞ-ın 20-dən artıq ştatında və İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul olunmuşdur.

AĞDABAN SOYQIRIMI - BƏŞƏRİYYƏTƏ QARŞI TÖRƏDİLMİŞ ƏN BÖYÜK CİNAYƏTLƏRDƏN BİRİ

Xocalı faciəsindən bir neçə gün sonra 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi yazıldı. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Tariximizdə belə hadisələr kifayət qədərdir.
Tarix təkrarlanıb. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar. Ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. İyirminci yüzillikdəki tarixi yolumuza nəzər salaq görərik ki, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən baş verənlər erməni faşizminin xalqımıza qarşı olan çirkin niyyətlərinin göstəricisidir.

QƏTLİAMIN ACI NƏTİCƏLƏRİ

Bu faciələr sırasında Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbeldə törədilən qətliamdır ki, həmin tarixdən bu gün artıq 30 il ötür. 1993-cü ilin aprel ayının 2-də baş verən hadisə zamanı Başlıbelin kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra, iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

"DƏMİR YUMRUQ" YERİNDƏDİR

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunun nümayişi oldu. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür.
Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü. rəşadətli ordumuzun dönməzliyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində Zəfər qazandıq. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu. 44 günlük müharibə dövründə də erməni vandallığının, terrorunun acılarını da yaşadıq. Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Ermənistanın ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq əməlləri dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə yer aldı. Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə aldı.
Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. "Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"
Bu gün də Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, "dəmir yumruq" yerindədir.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər