Siyasət

  • 23 774

Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi ŞƏRH

image

Xalq yalnız o Liderlərin ardınca gedir ki, ona inanır, ona güvənir. Bu inam, bu güvənc isə sınaqlardan çıxaraq qazanılır. Əsl lider yalnız o zaman xalqının sevimlisinə çevrilir, onun gözündə ucalır, qəlbində özünə taxt qurur ki, söz və əməl birliyi ilə bütün sınaqlardan alnı açıq, üzü ağ çıxır. Tarix bu həqiqəti dəfələrlə sübut edib, bu həqiqət Prezident İlham Əliyevin simasında tarix səhnəsində bir daha öz təsdiqini tapdı.Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Prezident İlham Əliyev 11.04.2018-ci il tarixli andiçmə mərasimindəki çıxışında bildirib ki, biz gələcəyə baxmalıyıq və baxırıq: “Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Müzəffər Ali Baş Komandan həm də güclü, iradəli, uzaqgörən siyasətçi kimi bu Qələbəyə imza atdı. Son illər beynəlxalq informasiya məkanında ölkəmiz üstünlüyü ilə seçilmişdir. Bu sahədə üstünlüyümüzün ən mühüm amili isə Prezident İlham Əliyevin bu illər ərzində tamamilə haqlı, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən bir mövqe nümayiş etdirərək ali tribunalardan çıxışları, beynəlxalq aparıcı kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətlərini düzgün əks etdirən fikirləri oldu.

Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ildən artıq müddətdə işğal altında saxladı. Uzun müddət Ermənistanla aparılan danışıqlar nəticə vermədi və sonda Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq işğal faktına son qoydu. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə təkcə 44 günlük müharibənin nəticəsi deyil. Son 18 ildə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadiyyatımızın daha da gücləndirilməsi, qazanılan beynəlxalq nüfuz, gənclərimizin vətənpərvər ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar böyük qələbəmizə zəmin yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu BMT və vasitəçi dövlətlərin əvəzinə pozulmuş beynəlxalq hüquq normalarını bərpa edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutacaq. Ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı düşmənin darmadağın etdiyi ərazilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirmişdir. Artıq torpaqların bərpası prosesi başlanmışdır. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır, həmin ərazilərdə həyatın bərpası, müasir infrastruktur layihələrinin reallaşdırılması istiqamətində işlərə hazırlıq görülür.Cənab Prezident İlham Əliyev adını tarixə ölkəsinin ərazi bütövlüyünü bərpa edən müdrik dövlət başçısı, güclü lider, müzəffər Ali Baş Komandan kimi yazdı. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Dedi və etdi. Sözünün sahibi olduğunu yenidən ən ali səviyyədə nümayiş etdirdi. Onun fəlsəfəsi budur. Sözü imzası qədər keçərlidir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər