Siyasət

  • 9 052

Pyotr Petrovski: İrəvanın KTMT-dən çıxmaq oyunları buna hesablanıb - MÜSAHİBƏ

image

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması məsələsi əvvəllər müzakirə olunsa da, hazırda bu məsələ gündəmdə deyil. Bunu xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bu həftə parlamentdə jurnalistlərin ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın KTMT-dən çıxmaq məsələsini əvvəllər müzakirə etdiyi barədə son sözlərini şərh etmək xahişinə cavab olaraq bildirib.

“Bu məsələ nə vaxt müzakirə olunub, Qriqoryanın özündən soruşmaq daha düzgün olar, amma ola bilsin ki, bu, ötən ilin sentyabr eskalasiyasından sonra olub. Sonra bunu etməmək və birlikdə işləmək qərarına gəldilər”,- o deyib. Diplomat xatırladıb ki, Ermənistan tərəfi öz suallarını KTMT-nin noyabrda İrəvanda keçirilən sammitində təqdim edib.

“İşlər davam edir. Cənubi Qafqazdakı vəziyyətlə bağlı da müzakirələr aparılacaq, bu barədə əlavə məlumat verəcəyik. Vəziyyət mürəkkəbdir və biz KTMT-nin üzvü olmaqla, həm də öhdəliklərimiz var, ümid etməkdə davam edirik ki, işimiz müəyyən nəticələrə gətirib çıxaracaq”,- Ermənistan xarici işlər nazirinin müavini bildirib.

Gələcəkdə KTMT-dən çıxmaq məsələsinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala nazir müavini cavab verib ki, hər şey konkret vəziyyətdən asılıdır.

İrəvanın Rusiya XİN-in Ermənistan ərazisində KTMT missiyasını yerləşdirməyə hazır olması ilə bağlı bəyanatlarına münasibətinin necə olduğunu soruşduqda, Səfəryan respublika rəhbərliyinin mövqeyini xatırladıb: təşkilat vəziyyətə siyasi qiymət verməlidir. Burada isə söhbət açıq-aydın ondan gedir ki, guya Azərbaycan 2022-ci ilin sentyabrında Ermənistan ərazisinin bir hissəsini işğal edib və onu “işğal etməkdə” davam edir.

Bəli, İrəvanın KTMT-yə iddiaları ortadan qalxmayıb. Ancaq gördüyümüz kimi, bəzi ümidlər qalır. Ancaq bütün bu vəziyyət qəribə görünür. Bəzi bazarlıqlar gedir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edəndə ki, “Rusiya erməni tərəfdaşlarından respublika ərazisində KTMT missiyasının yerləşdirilməsi məqsədilə əsaslı işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyir” bəyanatının cavabı təxminən Səfəryanın dediyi kimi olub – deyilir ki, gəlin, açıq etiraf edək, Azərbaycan Ermənistana qarşı təcavüz edib, amma bunu sonra danışarıq. Bu hərbi ittifaqla bağlı İrəvanın son məqsədi və niyyətləri o qədər də aydın deyil.

Bəs, Ermənistan KTMT-dən çıxmaq istəyir, yoxsa hələ də bunu özü üçün təhlükəli hesab edir? İkincisi, Moskva bu ölkəni “buraxmağa” hazırdır, yoxsa bunun KTMT-də mərkəzdənqaçma tendensiyalarına səbəb olacağından və blokun tamamilə dağılacağından qorxur?

Baş verənlərin əsl mənasını dəyərləndirən belaruslu politoloq, “Şimali Avrasiya” İnteqrasiya Araşdırmaları Mərkəzinin eksperti Pyotr Petrovski “Caliber” analitik mərkəzinə prosesi şərh edib.

Ekspert hesab edir ki, bu gün Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə mövzusu deyil. Onun fikrincə, erməni informasiya məkanında daha əvvəl oxşar məsələnin gündəmə gəlməsi isə bir neçə amillə bağlıdır.

“Birincisi, İrəvan Moskvaya təzyiq göstərmək istəyirdi ki, regionda erməni maraqlarının müdafiəsi istiqamətində daha fəal addımlar atsın.

İkincisi, bu, Ermənistanın Qərb tərəfdaşları ilə sövdələşməsi üçün siqnal idi. İrəvan Qərbin Azərbaycanla münaqişənin həllində, o cümlədən Qərb missiyalarının, bəlkə də sülhməramlıların cəlb edilməsi yolu ilə daha dərin qarşılıqlı fəaliyyətə və iştiraka hazır olduğunu nümayiş etdirmək qərarına gəlib.

Üçüncüsü, unutmaq olmaz ki, Ermənistan əhalisinin təxminən dörddə biri bu və ya digər dərəcədə əvvəlki hakimiyyətin- "Qarabağ klanı"nın qondarma ideologiyasını dəstəkləyir. Və bu, Paşinyanın siyasətindən fərqli olaraq, daha radikal və revanşist xarakter daşıyır. Paşinyan bununla özünü daxili siyasi iğtişaşlardan qorumaq qərarına gəlib”, - Petrovski qeyd edir.

Lakin belə siyasət həm Brüsseldə, həm də Moskva və Vaşinqtonda etimadsızlıq yaradıb,- ekspert deyir.

“Ukrayna işi kontekstində Brüssel və Vaşinqton Rusiyanı Ermənistandan sıxışdırmaq üçün real imkanlar görmədilər və görmürlər, çünki Moskva indi Qərbin onun maraq zonasına nüfuz etməsi vəziyyətində daha sayıqlaşıb. Rusiyanın təsir zonasının daralması və anti-Rusiya koalisiyasının olması vəziyyəti gərginləşdirib.

Moskva üçün Qərblə qarşıdurma kontekstində Cənubi Qafqazın rolu artıb və indi bu region İran və Türkiyəyə “həyat yolu” xarakteri daşıyır. Və onun Ermənistan kimi bəlkə də problemli, lakin yenə də müttəfiq sayılan ölkədən imtina etməsini gözləmək gülünc olardı.

Üstəlik, Moskva getdikcə daha çox başa düşür ki, İrəvanla müttəfiqlik onun Bakı ilə qarşıdurma sxeminə görə qurulmamalı, yeni geosiyasi vəziyyətə görə Azərbaycanla Ermənistan arasında, həmçinin Ermənistan və Türkiyə münasibətlərin normallaşması üçün alət olmalıdır. Bu gün Rusiya Cənubi Qafqazda maraqlar balansını saxlamaqla silahlı qarşıdurmanı aradan qaldırmaqda maraqlıdır. Burada əsas məsələ onunla heç bir əlaqəsi olmayan ölkələrin regiona buraxılmamasıdır. Və bu gün nəinki Böyük Britaniya, Almaniya, ABŞ, Fransa kimi Qərb dövlətləri, hətta məsələn, İsrail də Moskvaya heç bir şəkildə yaramır.

Odur ki, regionda yeni normallaşma üçün ideal sxem 3 böyük oyunçunun (İran-Rusiya-Türkiyə) 3 kiçik oyunçu ilə (Azərbaycan-Ermənistan-Gürcüstan) sabitliyi təmin etdiyi “3+3” formuludur. Bunun fonunda Moskvanın təkcə Qarabağ məsələsində deyil, Tbilisi ilə münasibətlərində də vəziyyəti normallaşdırmaq istəyini görmək olar.

Bu, birbaşa Rusiyanın Şimal-Cənub dəhlizində Cənubi Qafqazdan İran və Türkiyəni Rusiya ilə sabit şəkildə birləşdirəcək ən güclü logistika qovşağı yaratmaq marağına təsir edir.

Bu ssenaridə Ermənistan yeni geosiyasi şəraitə görə KTMT ilə yeni əməkdaşlıq formulunu qurmağa, Rusiya isə təşkilatı institusional olaraq gücləndirməyə çalışır. Nizamnaməsinə görə, KTMT Azərbaycanın razılığı olmadan Qarabağ məsələsinə qarışa bilməz, lakin Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilər. Gümrüdə Rusiya hərbi bazasının mövcudluğunu da unutmaq olmaz ki, bu da Moskva üçün müəyyən qırmızı xəttdir. Şəxsi heyətinə təhlükə yaranarsa və ya ona tapşırılan hər hansı tapşırıq həll olunarsa, Rusiya KTMT-dən kənarda birtərəfli reaksiya verəcək.

Bundan çıxış edərək, bu gün nə Rusiya, nə də Ermənistan KTMT formatında ölkələr arasında əməkdaşlıqdan imtina etməkdə maraqlı deyil. Ermənistan Rusiyanın həmin qırmızı xətlərinin harada olduğunu dərk edir və Rusiya Cənubi Qafqazın geosiyasətinin ümumi konturunda Ermənistanın özü üçün əhəmiyyətini anlayır”, - belaruslu politoloq hesab edir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər