Siyasət

  • 1 113

İşğal və Zəfər muzeylərimiz TƏHLİL

image

İşğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlər həyata keçirilir. Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilmişdir. Əlbəttə ki, bu erməni vandallığının bir nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bədxah əməlləri bütün dünyaya çatdırıldı və dünya özü bu vəhşiliyin canlı şahidinə çevrildi.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyekti tamamilə dağıdılıb. Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətlərinin ağır nəticələrini nəinki insanlarımız, eləcə də tarixi-dini mədəniyyət abidələrimiz də yaşamışdır. 1988-ci ildən başlayaraq, erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalmışdı. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olub. Zəngilan, Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeylərində də minlərlə abidə talan edilib. Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb. Bir qisim muzey əşyalarımız 3-cü ölkələrə də aparılıb.
Canlı muzey hesab olunan Şuşa şəhərində 8 muzey fəaliyyət göstərmişdi. Şuşanın işğalı zamanı Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəylinin Şuşadakı Ev Muzeyi və s. işğala məruz qalıb. Şuşa şəhərində Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Dövlət Qarabağ Tarixi Muzeyi, Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin, Mir Mövsün Nəvvabın və başqalarının ev muzeyləri, Qurban Pirimovun Ağdamdakı xatirə muzeyi, Ağdam, Füzuli, Xocalının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Eyni zamanda, Ağdamdakı unikal Çörək muzeyi də digər muzeylər kimi dağıdılıb. Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində muzeylərimiz də bərpa və təmir olunur. Musiqiçilərdən Bülbülün, Üzeyir Hacıbəylinin ev muzeyləri təmir və bərpa olunub. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçına səfəri çərçivəsində Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirakı fikirlərimizi əsaslandırır. Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir. Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir. Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək. Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq.
Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ ərazilərində Zəfər və İşğal muzeylərinin yaradılması təklifi açıq səma altında muzeylərin yeni forması kimi 2021-ci il mayın 28-də Ağdamda öz real həllini tapdı. Bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaq. Ağdam Zəfər muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaq.
Muzeylər Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirəcək mərkəzə çvriləcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər