2025 ci il oktyabrın 10 da Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi və bu iclas çərçivəsində Prezident İlham Əliyev mühüm çıxışla iştirak etdi. Bu çıxış yalnız MDB məkanı üçün əhəmiyyətli deyil, həm də Azərbaycanın diplomatik strategiyasının yeni səviyyəyə qalxmasının əksidir. Çıxışına qonaqpərvərliyə görə təşəkkür edərək başlayan Prezident İlham Əliyev Tacikistanın inkişafını yüksək qiymətləndirdi və paytaxt Düşənbənin sürətli şəhərsalma transformasiyasını vurğuladı. O dedi ki, bu tip inkişaf nümunələri dost ölkənin dövlət idarəçiliyində tarazlıq və strateji planlaşdırmanın nəticəsidir. Daha sonra Azərbaycan-Tacikistan ikitərəfli münasibətlərinə diqqət yetirən dövlət başçısı, bu əlaqələrin “qardaşlıq, dostluq və qarşılıqlı dəstək” prinsipləri əsasında qurulduğunu vurğuladı. Bu münasibətlər beynəlxalq platformalarda da bir-birinin mövqeyini dəstəkləməklə ifadə olunur. Çıxışında İlham Əliyev MDB məkanında humanitar və mədəni inteqrasiyanın əhəmiyyətini xüsusilə qeyd etdi. O, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəkləyənlərin sırasına qatıldığı üçün təşəkkür etdi və Laçının bərpası prosesini diplomat kimi beynəlxalq platformalarda simvolik nümunə olaraq təqdim etdi. Bundan başqa, dövlət başçısı 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçirilmiş III MDB Oyunlarını qeyd etdi. Bu oyunların yalnız idman yarışları olmadığını, eyni zamanda xalqlar arasında dostluq, mədəniyyət və əməkdaşlıq platforması rolunu oynadığını bildirdi. Bu çıxış Azərbaycan diplomatiyasının çoxsahəli və strateji konsepsiyasını – siyasi, iqtisadi, humanitar və mədəni elementləri bir arada tutan yanaşmanı – bir daha nümayiş etdirdi. Düşənbədə səslənən mesajlar göstərdi ki, Azərbaycan yalnız öz maraqlarını qorumaqla kifayətlənmir, həm də regional sabitlik və inteqrasiyaya töhfə vermək istəyir. Bu isə yalnız MDB çərçivəsində deyil, Avrasiya və beynəlxalq miqyasda Azərbaycanın artan rolunun əlamətidir.
Misir Məmmədov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi