15 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Konstitusiya və Suverenlik ili çərçivəsində “Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib və bildirmişdir ki, ötən əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir ki, məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilməklə Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.
1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti olan müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması xüsusi önəm kəsb edir. Odur ki, 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Tədbirdə iştirak edən Aynur Əliyeva çıxış edərək 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Sonra tədbirdə iştirak edən partiya fəallarından Şəhriyar Mübarizli, Şəbnəm Bayramova və başqaları çıxış edərək XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs ediblər.