Siyasət

  • 2 601

Dünyanın ən səsli-küylü şəhəri ARAŞDIRMA

image

Söhbət Bakıdan gedir. Həm yerli sakinlər, həm müxtəlif bölgələrimizdən, həm də istənilən ölkədən şəhərimizə qonaq gələnlərin hər biri yekdil olaraq bu fikri təsdiqləyər ki, Bakı çox səsli-küylü şəhərdir. Bu səsi-küyü yaradan kimdir, nədir? Biz insanlarmı? Bəli, biz insanlar. Çığır-bağır salmaqla özümüz bu səs-küyü yaratmasaq da, avtomobillərimizdən yeri gəldi-gəlmədi verdiyimiz siqnallar bu şəhərin həyat ritmini pozub, hüzurunu qaçırıb. Günü-gündən artan siqnal səsləri insanları təngə gətirib. Nə küçədə rahat gəzə, nə parkda sakit bir guşəyə çəkilə bilirsən. Nə istidən bağrın çatlayan evində, iş otağında pəncərəni aça bilirsən. Günün istənilən vaxtında, hətta gecə yarısında belə yuxuların ərşə çəkilir. Səbəb siqnallardır.

Siqnalvermə səbəbləri

Siqnalvermənin qanunla tənzimlənən səbəbləri var. Bu, məsələnin əsas tərəfidir, bu barədə danışacağıq. Lakin biz niyə siqnal veririk? Hələlik, bunu açıqlamağa çalışaq. Hazırda şəhərimizi ağuşuna alan siqnallar yersiz siqnallardır ki, bu da digər bəzi məsələlər kimi, artıq dəb halını alıb. Siqnalvermə eyni zamanda ünsiyyət vasitəsinə çevrilib. Məsələn, kimsə bazardan gəlir, həyətdə maşından uğultulu siqnal səsi ətrafı bürüyür, bu həyat yoldaşını aşağı çağırmaq metodudur. Həyat yoldaşı aşağı düşüb bazarlığı yuxarı qaldırır. Tək bazarlıqdan yana yox, məsələn, hansısa bir sənəd, açar yaddan çıxıbsa, yaxud ata uşağı baxçaya, məktəbə, ailə üzvlərini gəzməyə, toya-düyünə aparmaq üçün gəlibsə, əziyyət çəkib telefonunu çıxarıb evinə zəng vurub demir ki, gəlmişəm, enin. Birbaşa siqnal verir ki, gəlin.

İki dost avtomobil idarə edərkən küçədə qarşılaşır. Siqnal nədir, onların salamlaşma metodudur. İşıqforda maşınlar dayanıb. Arxadakılar da təbii ki, bir-birinin ardına düzülüb gözləməlidirlər ki, vaxt tamam olsun. Lakin onlar səssiz gözləyə bilmirlər. Siqnallar hökmən ətrafa beyinləri çatladan bir “melodiya” yaymalıdır. Sürücülər bilə-bilə ki, avtomobillər işıqforu gözləyir, dayanmadan-durmadan siqnal verirlər.

Elə sürücülər bir haya bənddir ki, bir nəfər siqnal verə, vəssalam. Səs-səsə verib elə bir vəziyyət yaradırlar ki, evində, iş otağında insanlar bir-birinin danışığını belə eşitmir. Düşünürsən ki, İlahi, bu, nə mədəniyyətdir görəsən, bu sürücülər nümayiş etdirir? İlahi, görəsən nə xəstəlikdir bu sürücülər mübtəla olub?..

Əslində, siqnal nə zaman verilməlidir

Yol hərəkəti qaydalarında səs siqnallarından istifadəyə yol verilən hallar dəqiq və aydın şəkildə göstərilmişdir. Nəqliyyat vasitələrində səs siqnallarından yalnız iki halda istifadə oluna bilər: 1) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu halda səs siqnalı başqa hərəkət iştirakçılarının diqqətini cəlb etməyə, onları daha diqqətli olmağın, qaydalardan kənara çıxan, təhlükə yaradan hərəkətlərdən çəkinməyin zəruriliyi barədə xəbərdar etməyə yönəlib. Bu məqsədlə səs siqnalı həm yaşayış məntəqəsində, həm də bundan kənar yollarda verilə bilər. Lakin işıqforda qabaqda dayanan avtomobilin bir az ləng tərpənməsi kimi hallar heç bir halda qəza vəziyyəti sayılmır və belə hallarda səs siqnalı vermək qəti qadağandır. 2) yaşayış məntəqəsindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda. Səs siqnalından bu məqsədlə yaşayış məntəqəsində istifadə qadağandır.

Beləliklə, yuxarıda da aydın göründüyü kimi, əslində siqnal çox zəruri hallarda verilməlidir. O da ki, əgər sürücü işinin ustasıdırsa, necə gəldi avtomobil idarəetmə sahibi olmayıbsa, təbii ki, az hallarda baş verəcək. Səs siqnalının verilməsinə yol verilən hal olduqda isə sürücülər bu siqnalı zəruri müddətdən artıq verməməlidirlər.

Qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 151-2.2-ci maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə (yəni yuxarıda göstərilən iki haldan başqa digər hallarda səs siqnalı verməyə) görə 30 manat cərimə nəzərdə tutur. Nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması isə İXM-in 155.7-ci maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimənin tətbiqinə səbəb olur. Özü də belə siqnal müsadirə edilməli, onun nəqliyyat vasitəsinin dayandırıldığı yerdə sökülməsi mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa (cərimə meydançasına) yerləşdirilməlidir. Cərimə meydançasına qoyulumş belə avtomobil yalnız həmin qanunsuz siqnalı söküldükdən sonra sahibinə verilə bilər. Həmin siqnal müsadirə olunur və sürücü 1000 manatadək cərimə edilir. Müsadirə olunan avadanlığın qiyməti isə 5000 manatadək dəyərindədir. Lakin bununla iş bitmiş olurmu? Xeyr, cərimələr sürücüləri həmin siqnalların istifadəsindən uzaqlaşdırmır. Bunu şəhərimizdə açıq şəkildə görmək mümkündür.

Küçələrimizdə hər an toy karvanı...

Ölkəmizdə ailə, ailə dəyərləri əsrlərdən bəri xalqımızın ən müqəddəs adət-ənənəsi kimi qorunub saxlanılır. Bu səbəbdən də toy mərasimlərində gəlinin ata evindən çıxıb yeni bir ocağa üz tutması maşın karvanının müşayiəti ilə olur və bu vaxt sürücülər maşınlardan siqnal verib yeni ailənin qurulmasının təntənəsini artırır, hər kəsin bu hadisəyə sevincini ifadə edirlər. Bu adəti xalqımız uzun illərdən bəri yaşadır.

Toy mərasimlərində siqnalların verilməsi “Yol hərəkəti haqqında” Qanunda yaşayış məntəqələrindən uzaqda nəzərdə tutulsa da, illərdir ki, bu siqnallar düz qapılarımızın ağzında verilir. Bunu heç bir aid təşkilat qəbahət hesab etmir. Çünki xalqımızın hər bir üzvü ailə dəyərlərinə, milli adət-ənənələrimizə böyük sayğı ilə yanaşır.

Bu gün şəhərimizdə hər an toy-düyündür sanki. Yersiz siqnallar adamda elə təəssürat formalaşdırır ki, yəqin yoldan gəlin karvanı keçir. Gedib baxırsan ki, karvan nədir, maşınlar işıqforda dayanıb gözləyirlər, lakin siqnal səsi ətrafı bürüyüb.

Beləliklə, biz toy kimi bir adətin də mahiyyətini ucuzlaşdırırıq. Siqnal səsi gələn kimi təxəyyülümüzdə canlanan toy mərasimi ilə qarşılaşmayanda bu siqnalların aidiyyatı olmadan verilməsi bir adət-ənənəni də sanki adiləşdirir.

Siqnal səsləri əsəblərimizi o qədər korlayır ki, başımızı götürüb getməyə yer axtarırıq. Bəs görəsən bu sürücülərin ailəsi, uşağı, böyüyü yoxdurmu? Onlar arasında xəstə, körpə olanı necə, yoxdurmu? Bəs belə isə siqnal verəndə ətrafdakı xəstə olanları, uyuyan körpələri, istirahət edən yaşlıları, iş yerlərində zehni işlə məşğul olan insanları düşünürlərmi?

Məncə əsla düşünmürlər. Düşünsələr, əvvəldən özlərini bu siqnal sevdasına düşməkdən çəkindirərdilər.

Beləliklə, bu qənaətə gəlmək olur ki, biz birgə yaşadığımız şəhərdə bir-birimizə hörmət bəsləmirik. Hər gün, hər an bir-birimizi təhqir edir, əsəbləşdirir, sağlamlığı ilə oynayırıq. Hələ eşidəndə ki...

Qısa, orta uzunluqda, lap uzun siqnal

Bəli, eşidəndə ki, siqnallar həm də söyüş vasitədir, dəhşətə gəldim. Deməli, avtomobil idarə edənlər həm də siqnallardan söyüş növü kimi istifadə edirmişlər. Məsələn, bir qısa siqnal yüngülvarı, orta uzunluqda siqnal bir az ondan artıq, lap uzun siqnal isə ağır söyüş növü imiş.

Təbii ki, bu sadaladıqlarım bəzi sürücülərə şamildir. Çünki çox mədəni, ətrafdakı hadisələrə aqressiv deyil, səbirlə yanaşan, avtomobilin siqnalını qanunauyğun şəkildə istifadə edən yüzlərlə insan var ki, onlar həyatda söyüşün nə olduğunu bilmirlər. Lakin ağzısöyüşlü, dalaşqan, səbirsiz, özündən tez çıxan insanlar da var ki, nəinki kənarda, hətta ailəsində belə söyüş söyləməkdən utanmırlar. Belələri avtomobil idarə edərkən hər hansı bir hadisəyə dərhal aqressiv münasibət bildirir. Səsi çatmadığı üçün siqnal növlərindən istifadə etməklə “ürəyini başaldır”. Ta düşünmür ki, bu kimi vəziyyətin sonu yaxşı bitməyə də bilər. Bu sürücülər bir qısa siqnalla guya ki, kimə isə səhvini anladır, yüngülvari söyüşlə özünü göstərir. Orta uzunluqda siqnal verməklə ətrafındakı, qarşısındakı sürücüyə səhv hərəkət etməsini bir az ağır söyüşlə ifadə edir. Uzun siqnal verəndə isə, necə deyərlər, ağzına gələni danışır.

Lakin onu da qeyd edək ki, özünə, avtomobildə yanında əyləşən ailə üzvlərinə, dost-tanışına hörməti olan insan bu hərəkəti əsla etməz. Çünki artıq bu şəhərdə hər kəs siqnalların həm də söyüş növü olduğunu çox gözəl bilir.

Bəs dünya siqnal məsələsinə necə baxır?..

Xarici ölkələrdə siqnal vermək nəinki qadağandır, eyni zamanda insanları təhqir etmək kimi qəbul olunduğundan, qanuna müraciət edildiyi təqdirdə vətəndaşı bu formada narahat edən şəxs cəzaya məhkum olunur.

Məsələn, ABŞ-ın Arkanzas ştatında axşam saat 9-dan sonra siqnal vermək qadağandır. Bununla ətrafda yaşayan sakinlərin dincliyi qorunur.

Qonşu Rusiyada, ümumiyyətlə, siqnal səsi eşitmək çox təsadüfi halda mümkündür. Orada yol mədəniyyəti Azərbaycana nisbətən daha yüksək səviyyədədir. Rusiyada siqnalla bağlı baş verən maraqlı bir hadisədən uzun zamandır ki, hamı danışır: yolda əyləci basıb arxadakı avtomobilin hərəkətinə mane olan “Hummer H1”in sürücüsü bir nəfəri maşına mindirir və asta-asta, həm də dayanaraq hərəkət edir. Arxadakı səbirsiz sürücü isə siqnaldan əlini çəkmir. “Hummer”in sərnişini əlində noutbuk maşından düşərək dayanmadan siqnallayan sürücünün avtomobilini bloka salır və avtomobil sönür. Haker olduğu bildirilən sərnişin dərhal avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşır.

Rusiyada azərbaycanlı olan bir şəxslə bağlı bir hadisə. Deməli, Rusiyanın şəhərlərindən birində bir avtomobildə bir neçə azərbaycanlı gedirmiş, qarsıda da bir avtomobil. Həmin avtomobildən yüksək musiqi və siqnal səsi ətrafı bürüyür. Arxadakı maşındakı adamlardan biri deyir ki, o azərbaycanlıdır. Mərc edirlər. Qarşıda maşını saxladıb soruşurlar, görürlər ki, həqiqətən azərbaycanlı imiş.

Hindistanın Mumbay şəhərində sürücülərin lazımsız yerə siqnal verməsinin qarşısını almaq üçün işıqforlara səsölçən qurğular quraşdırılıb. Yeni sistemdə siqnal səsləri 85 desibeldən çox olduqda işıqforlar sıfırlanır. “Nə qədər çox siqnal versən, bir o qədər də gözləyəcəksən” şüarı ilə yeni sistem ölkədə təqdim edilib.

Dünyanın ən səsli şəhərlərindən biri hesab olunan Nyu-Yorkda lazımsız yerə istifadə olunan siqnallar üçün tətbiq olunan cərimənin məbləği 400 dollardır.

Siqnalların səsini necə kəsək?

Şəhərimizdə avtomobil sayı minlərlədir. Yəni bu şəhər üçün labüd avtomobillər çoxluq təşkil edir. Hər birimizə məlumdur ki, DİN əməkdaşları- yol polisləri yol-hərəkət qaydalarının tənzimlənməsi, yarana biləcək yol qəzalarının qarşısının alınması məqsədilə gecə-gündüz çalışırlar. Biz onları tez-tez şəhər sakinlərinin rahatlığına xidmət edən fəaliyyətlərdə görürük.

Avtomobillərin yersiz siqnallarının da qarşısı çox halda onlar tərəfindən alınır. Belə deyək ki, avtomobil sürücüləri yol polislərinə məxsus xidməti avtomobilləri harada görürlərsə, özlərinə xüsusi çəki-düzən verirlər. Nə siqnal vermək, nə işıqfordan bir an tez keçmək və yaxud hansısa bir qanun pozuntusuna əsla yol vermirlər.

Lakin bu böyüklükdə şəhərdə hər bir avtomobil sahibini də ayrı-ayrılıqda başa salmaq mümkün olmaz ki, siqnal vermə. Gərək insanların özündə mədəni səviyyə yüksək ola. Yuxarıda vurğuladığım kimi, ailəsinə, yaşlısına, körpəsinə hörməti olan adam yersiz siqnaldan istifadə etməz. Ailə tərbiyəsi görən sürücü siqnaldan söyüş vasitəsi kimi istifadə etməz. Ətrafdakı uşaq baxçalarında, məktəblərdə işin ahəngini pozmaz. İnsanları iş yerlərində rahat buraxar.

Yersiz siqnalların səsinin kəsilməsi üçün cərimə məbləğinin ən yüksək həddə çatdırılmasından gözəl variant ola bilməz. Elə bir məbləğ təyin olunmalıdır ki, bunu ödəməli olan sürücülərə baha başa gəlsin. Bəlkə belə olarsa, başımızı-beynimizi aparan siqnal səslərindən yaxa qurtara bilərik.

Unutmayaq ki, xarici ölkələrin hər birində insanların qayda-qanunlara tabe olmasında uzun illərin cərimə təcrübələri mövcuddur. Həm də yüksək həddə cərimə metodları. Düşünürəm ki, yersiz siqnalları yalnız bu yolla susdura bilərik və gözəl Bakımızı dünyanın siqnal verilməyən şəhərlərindən birinə çevirə bilərik.

Mətanət Məmmədova

Digər xəbərlər