PDF Oxu

Sosial

  • 2 392

Həyəcan təbili: selektiv abortlar qadağan olunmalıdır

image

Avropaya doğru çıxdığımız yolçuluqda arxada qoyub üzərindən irəliyə addımladığımız məsələlərdən biri də dünyaya gələn uşaqların hər il sayının azalmasıdır. Bu say o qədər azalıb ki, indi üçuşaqlı ailələr barmaqla göstəriləcək qədər qalıb. Müasir ailələrimizdə iki uşaq, son vaxtlar isə bir uşaqla kifayətlənmək bizim hələ bir neçə illər öncəki avropalaşmaq meyilimizin bəhrəsidir. Hansı ki, artıq budur, meyvəsini dəririk.

Tanıdığım yaşlı bir qadın var, mama-tibb bacısıdır. O deyir ki, ailədə iki uşaqla kifayətlənmək tamamilə səhv fikirdir. Həmin ailə fikirləşməsin ki, biz dünyaya insan bəxş etdik. İki uşaqdan biri ata, biri anadır. Əgər ailədə üçüncü uşaq varsa, bu, artım sayıla bilər.

Nə qədər doğru söylənmiş fikirdir. Dəfələrlə təsadüf etmişik ki, ailələrdə iki övladdan biri ya xəstəlikdən, ya da hansısa qəza nəticəsində dünyasını dəyişir, o biri uşaq tək qalır, bundan böyük travma alır. Bu, həm də uşaqların psixoloji durumuna ciddi təsir göstərir. Qardaş və ya bacısını itirən uşaq əgər ailədə üçüncü uşaq olarsa, onunla təsəlli tapar, əks təqdirdə onun vəziyyətini düşünmək heç də çətin deyil. Belə uşaqlar üçün gələcək həyat daha dözülməz olur. Çünki onlar tamamilə tək qalırlar.

Qadınlar günahkardır...

İki övladından birinin oğlan olması ilə kişi artıq ailə üzvlərinin daha da artmasında maraqlı olmur. Çünki onun artıq oğlu var. Hər bir kişinin arzusunda olduğu, doğulmasını səbrsizliklə gözlədiyi oğlu. Elə ki, birinci və ya ikinci uşaq oğlan oldu, deməli, kişilər arzularına çatdılar. Onlar daha ailə artımı barədə düşünmürlər.

Məsələnin bu tərəfi üçün məhz qadınlar günahkardır. Çünki qadın həm də anadır. Övladının bu gününü və gələcəyini düşünmək kişilərdən çox qadınlara bəxş olunan hissdir. Bu səbəbdən də qadınlar iki uşaqla kifayətlənməməlidir. Lakin onlar işlərinin yüngül olması, karyera dalınca gedə bilmələri, daha çox əziyyət çəkməmələri üçün USM-lərin köməkliyi ilə ailə planlaşdırması tərtib edərək bu kimi problemlərin yaranmasına rəvac verirlər. O problemlər ki, əhali sayının da, ailədə uşaq sayının da artımına və bunun yaratdığı problemlərə ciddi şəkildə təsir göstərir. Əslində isə dünyaya uşaq gətirmək, onun qayğısına qalmaq, gözəl tərbiyə verib böyütmək valideynlərin, xüsusilə də anaların üzərinə düşən mühüm vəzifədir. Digər işlər, karyeralar isə bundan sonra düşünülməlidir.

Axı biz ailə dəyərlərimizə bu cür münasibət bəsləyə-bəsləyə onu cılızlaşdırırıq. Ailəyə iki övlad bəxş etməklə ölkəmizin əhali sayına, inkişafına zərbə vurmuş oluruq. Mənsub olduğumuz kökün, nəslin getdikcə azalmasına, yoxa çıxmasına şərait yaradırıq...

Bacısız qardaşlar, qardaşsız bacılar və ya əmi-dayısız, bibi-xalasız uşaqlar

Beləliklə, cəmiyyətimizə yeni ailə modelləri təqdim edirik: azuşaqlı, azüzvlü, qohumsuz ailə modelləri. Hazırda yüzlərlə ailə var ki, onlar bir uşağa sahibdirlər. İkincisi barədə isə əsla düşünmürlər. Bu isə yüzlərlə qardaşsız bacı, bacısız qardaş deməkdir. Tək böyüyən, ata-ana dünyasını dəyişəndən sonra tamamilə təkləşən uşaqlar deməkdir. Gələcəkdə övladının bu təkliklə necə yaşayacağını valideynlər bu gün düşünürlərmi? Düşünsələr, yəqin ki, övladları üçün məlum gələcəyi verməzlər.

Və yaxud da ailə iki uşaqla kifayətlənirsə, əmi-dayısız, xala-bibisiz bir cəmiyyət formalaşdırırıq. Son onilliklərin ailə modeli olan ikiuşaqlı ailələrdə bir qız, bir oğlan doğulur. Minlərlə belə ailələr var. USM-lərin köməyi ilə bir qızı övladı olan ailələr ikinci uşağı oğlan istəyir və buna selektiv abortların köməyi ilə nail olurlar. Beləliklə də onların həm qızı, həm oğlu olur. Bu uşaqlar isə gələcəkdə yalnız dayı və bibi olurlar. Əmi və xala qohumluğu isə artıq sona çatmaqdadır. Biz özümüz öz əllərimizlə əmisiz və xalasız cəmiyyət qururuq. Hansı ki, bizdə xalaya ikinci ana, əmiyə ikinci ata deyirlər. Yeri gələndə-həyatın sərt üzü ilə qarşılaşanda xala bacısının övladlarına analıq, əmi isə qardaşının övladlarına atalıq edə bilir. Yalnız iki uşaqla-həm də onlardan birinin qız, digərinin isə oğlan olması ilə kifayətlənməklə bu kimi “yeniliklərə” rəvac veririk.

Məsələnin əsas tərəfi də var...

Bəli, bu məsələnin əsas tərəfi haqqında danışmamaq olmur. Ailələrdə iki uşağın olduğu məlumdur. Bəs sual edən varmı ki, nə üçün bir qız, bir oğlan? Belə ailələrin əksəriyyətində ilk uşaq qızdır. Məhz qız olduğu üçün də valideynlər oğlan axtarışına çıxır. Nə etməli ki, ikinci uşaq hökmən oğlan olmalıdır. Beləliklə, yeni bir proses başlayır. Analar növbəti hamiləlikləri o vaxta qədər pozur ki, USM ona oğlun olacaq deyir. Beləliklə də birinci uşaqla ikinci arasında 2-3, bəzən də bundan da çox qız uşağını qurban veririk. Onlar selektiv abortların qurbanına çevrilir.

Yox, əgər ailədə ilk uşaq oğlandırsa, müasir valideynlər bəlkə də bununla kifayətlənərlər. Lakin ata-analarının təkidi ilə, “bir uşaqla olmaz” tələbi, umu-küsüsü ilə bir neçə ildən sonra ikinci uşağın doğulmasını planlaşdırırlar. Bu dəfə isə fərq etməz, qız, ya oğlan olsun. Çünki istənilən əsas övlad-oğlan artıq onlarda var.

Beləliklə, bu qənaətə gəlmək olar ki, cəmiyyətimiz ciddi bir xəstəliyə düçar olub. Yaxşı həkimlər lazımdır ki, bu səhv psixoloji vəziyyətdən bizi çıxara bilsin. Ailənin, övladların dəyərini bizə anlada bilsin. Uşaqların çoxsaylı olmasının onların gələcəkdə bir-birinə dəstək, arxa-dayaq olmasını anlada bilsin.

Bizə yaxşı ağsaqqal və ağbirçəklər lazımdır ki, əvvəlki illərdən söhbət açsın. Çoxuşaqlı ailələrdən, çoxsaylı bacı-qardaşlardan danışsın. Belə ailələrdə yaşanan maraqlı anları, xoşbəxtliyi anlatsın. Toy-ziyafətlərdə əmi-dayı, bibi-xala uşaqlarının gəlinin, bəyin əhatəsində yaratdığı xoş xatirələri xatırlatsın. Onların bir-birilərinə arxa-dayaq, dost-rəfiqə olmasından, bununla da bütövlükdə həyatlarının maraqlı keçməsindən söhbət açsın. Hansı ki, biz uşaqlarımızı bu xoşbəxtlikdən məhrum edənlərik.

Nə oldu bizlərə, nə üçün bu qədər dəyişdik? Nə üçün nənə-babalarımızın ardınca deyil, Avropanın ardınca getməyə üstünlük verdik? Nə üçün özümüzün neçə-neçə əmi-dayımız, xala-bibimiz ola-ola övladlarımızı bu qohumlardan məhrum edirik? Bu haqqı bizə kim verir? Avropamı? Axı əsrlərin o üzündən bəri onlarla bizim bütün dəyərlərimiz fərqli olub. Onlar ailə dəyərlərinə görə həmişə bizə köks ötürüblər. Bizi nümunə göstəriblər. Çoxuşaqlı ailələr onlar üçün bir möcüzə qaynağı olub.

Biz nə edirik? Bir vaxtlar bizə oxşamağa çalışanlara indi biz oxşayırıq?..

Nə qədər ki, selektiv abortlar var...

Son 3 ilə nəzər salsaq, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşüb. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.

2022-ci ildə Azərbaycanda 122846 körpə doğulub. Onlardan 64940 nəfəri oğlan, 57906 nəfəri isə qız uşaqlarıdır. Göründüyü kimi ötən ildə də son illərin hər birində olduğu kimi, oğlan uşaqları qızlardan çox doğulub.

2024-cü ilin yanvar-iyul ayları ərzində isə ümumilikdə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb, bunlardazn 31 306-sı oğlan, 27 542-i isə qız olub.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

Ekspertlər bu fikirdədir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura Gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.

Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə...

Selektiv abortlar qadağan olunmalıdır

Selektiv abortlar insanlığa qarşı haqsızlıq, təhqirdir. Qadınla kişi arasında bərabərliyə zidd, ən təhlükəli vasitədir. Hansı ki, biz Gender bərabərliyindən danışırıq, lakin bu bərabərliyi pozan birinci amil selektiv abortlardır.

Selektiv abortların çoxalmasında, dünyada ölkəmizi birinci etməsində, oğlan və qız balansının pozulmasında, bunun gələcəkdə böyük problemlərə səbəb olmasında hər birimiz günahkarıq. Biz illər öncədən bu xalqa məxsus milli adət-ənənələrdən yola çıxmalıydıq. Bu yolda insanlığa balta çalan bu yeniliyi baltalamalı, onun inkişafının, yayılmasının qarşısını almalıydıq.

Bu gün son illərin statistikasına nəzər salanda bütün illərdə doğulan uşaqlar arasında oğlanların qızlardan artıq olmasını müşahidə edirik. Bunun yaratdığı problemlər isə artıq hiss olunmaqdadır. Yaxın gələcəkdə isə bu problemin ağırlığı çiyinlərimizi yara edəcək.

Bu gün Azərbaycanın selektiv abortlara görə dünyada birinci yerdə olması artıq səhiyyə sistemində həyacan təbili çalınmasının vaxtının ötdüyünü göstərir. Selektiv abortlar indiyədək niyə qadağan olunmayıb? Görəsən bunun qarşısını nə kəsib? Çünki kiminsə haqqı deyil dünyaya gətirəcəyi uşağın cinsini əvvəlcədən bilsin. Heç kimin də bunu bilməməklə hüququ pozulmur. Bəs belə isə bu növ abort nə üçün qadağan olunmur?

Oğlanların sayı artır, qızların sayı dəfələrlə azalır. Biz gələcəkdə ana olacaq qız tapa bilməyəcəyik. Bir əmili, xalalı uşaq görməyəcəyik. Ən dəhşətlisi isə bacısız və qardaşsız bir cəmiyyətə doğru gedirik. Bu barədə düşünmək hələ də gec deyil...

Mətanət Məmmədova

Digər xəbərlər