Xalqımızın tarixində elə günlər olmuşdur ki, o Azərbaycanın taleyini dəyişən, onun həyatında böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulan böyük zəfər tarixinin başlanğıc günü kimi tarixə əbədi həkk olunmuşdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış, Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik, xalqımız üçün əsl qurtuluş tarixi olan bir gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarixi yaradan isə tariximizə böyük xilaskar kimi öz adını qızıl hərflərlə yazan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyev oldu.
Dinlər tarixini araşdırarkən maraqlı bir məqam diqqəti cəlb edir-hər bir peyğəmbər müəyyən xalqların həyatında taleyüklü məqamların olduğu vaxtda tarixi səhnəyə çıxaraq Tanrı müsafiri missiyasını şərəflə yerinə yetirmişdir. Misirlilər qul kimi işlətdikləri yəhudiləri məhv etməyə qərar verəndə Musa peyğəmbər onları Nil çayından keçirərək xilas etmişdir. Qüreyş tayfasnda bütpərəstlik adamları bir-birinə düşmən etdiyi dördə Məhəmməd peyğəmbər böyük xilaskarlıq missiyasını uğurla həyata keçirərək bəşəriyyətə möhtəşəm bir din bəxş etmişdir. Azərbaycan xalqnn taleyində bu nəhəng missiyanı yerinə yetirmək XX əsrin 90-cı illərində Ümummilli lider Heydər Əliyevə nəsib olmuşdur.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
90-cı illərdə Azərbaycan böyük təhlükə qarşısında idi-belə ki, Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxili qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, daxildə olan hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələrin bir ildən sonra hakimiyyətdən getməsinə gətirib çıxartdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt-tarixi şans, milli iradə və liderə malik olması –vacib amildir. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub- yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
1993-cü il iyunun 15-də Vətənin bu ağır dövründə Azərbaycan KP MK-nın birinci katibi (1969-1982) olmuş, daha sonra Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı- Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Ümummilli lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu, Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Müstəqilliyi qazanmaq ilkin şərt hesab olunsa da, onu qoruyub inkişaf etdirmək daha vacib məsələdir-bu məhz Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi, milli dövlətçiliyimizin konsepsiyası yaradıldı, bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ulu öndər iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü-bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı, dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Mövcud mürəkkəb siyasi şəraitdə dahi şəxsiyyətin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ulu öndərin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi siyasi və hərbi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi-onun müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Öz müstəqilliyinə qovuşan respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Böyük imperiyanın yaradılmasının təşəbbüskarı olan slayan xalqlarının başçıları siyasi sövdələşməyə gedərək Belovej razılığına-1991-ci ildə SSRİ-nin ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış sazişə-imza atdlar. Sazişin mürəkkəbi qurumamış onlar sanki itirdiklərini dərk edib elə burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ Konstitusiyasına görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi(referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdir. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdir). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli “itirilmişdir”-heç bir dövlətin arxivində yoxdur-ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur. Bu müqavilədən yalnız Pribaltika respublikaları yararlana bildi-digər respublikaların müstəqillik arzuları Rusiyanın müqaviməti ilə üzləşdi. Belə bir şəraitdə balanslı siyasət yeritmək, yaranmş şəraitdən maksimum bəhrələnmək qarşda dayanan vacib məsələ idi-məhz Ulu öndər bu məqama zərgər dəqiqliyi ilə yanaşa bilmişdir.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu öndər tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ümummilli liderin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu öndərin dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Türk dünyasının liderinin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Ulu öndər Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Ulu öndərin dühası, qlobal inkişaf meyillərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində müstəqil Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri qısa müddətdə ləğv edildi, ölkənin ordusu yaradıldı. Asayiş və qayda - qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması faktlarına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi. Dövlətçilik yenidən yaradıldı, insanların öz qüvvələrinə inamı özlərinə qaytarıldı. İctimai-siyasi vəziyyətin normallaşdırılması iqtisadiyyatda zəruri dəyişiklikləri həyata keçirməyə imkan verdi.
Ümummilli liderin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, onun ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmış, çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqının milli qurtuluş günü-1997-ci ilin 15 iyun günündən bayram elan edilmiş, ona 1998-ci ildən dövlət statusu verilmişdir. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdır. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdir.
Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixində dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Ümummilli lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu-Ümummilli Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu. Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, Ulu öndərin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin bizlərə bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Ümummilli liderin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyəti həmin hadisələrin şahidi olanlar yaxşı xatırlayırlar- ölkədəki kriminal vəziyyət son həddə çatmışdır. Qərbdə qiyamçı S.Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Ə.Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırırdı. Şimalda Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdır. Hətta məişət səviyyəsində kriminal vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi. Həmin dövrdə Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdır. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinidalana dirəmişdir. Hakimiyyətin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdir. Gürcüstanda Z.Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdır. Cənubi Azərbaycan məsələsi ilə bağlı rəhbərliyin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdir. Hakimiyyətin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur. Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdır.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə hakimiyyət xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi.
Ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sahəsində yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda sabitliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. Ulu öndərin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü başlandı-qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına alındı, sabitlik təmin edildi, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi, iqtisadi sahəni tənzimləyən müsbət qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi, vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı, ordu quruculuğunda mühüm addımlar atıldı, ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına başlanıldı-“Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu, uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar,
İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı, “Əsrin Müqaviləsi” çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsi uğurla həll edildi.Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanın xarici siyasətində də böyük uğurlara imza atıldı-ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu, dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı, sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. XX əsr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir-bu əsrdə Azərbaycan xalqı iki dəfə — 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı apardığı mübarizə nəticəsində öz milli azadlığına, dövlət müstəqilliyinə nail olmuşdur. İlk dövlət müstəqilliyini bir sıra tarixi, ictimai-siyasi səbəblərdən, milli dövlətçilik ənənələrinin formalaşmamasından, o cümlədən dünyanın yenidən bölüşdürülməsi ilə bağlı dünyanın aparıcı dövlətlərinin yürütdüyü siyasətin və bolşevik işğalının nəticəsində qoruyub saxlamaq mümkün olmamışdır- bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan xarici və daxili düşmənlərə qarşı mübarizələrlə dolu 23 aylıq mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirmişdir. Yetmiş ildən artıq Sovet rejimi şəraitində yaşayan Azərbaycan itirilmiş azadlığını qaytarmaq, dövlət müstəqilliyini bərpa etmək amalı ilə yaşamış, uzun illər boyu imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, öz dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş, müttəfiq respublika şəklində də olsa öz dövlətçiliyini saxlamışdır. Umummilli liderın ilk hakimiyyəti illərində bu proseslər daha geniş vüsət almış, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, dövlət quruculuğu, mədəni və mənəvi yüksəliş sahəsində mühüm işlər görülmüşdür. Bu dövrdə milli gəlir 2,5 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatında ümumi məhsul 2.7 dəfə artmış, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuş, 250 iri zavod və fabrik istifadəyə verilmişdir. Milli kadr korpusu yaradılmış, dövlət idarəçiliyi təsisatları möhkəmləndirilmiş, elm, səhiyyə, təhsil, mədəniyyət və incəsənət sahələrində ciddi uğurlar qazanılmış, minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı elm və tədris ocaqlarına göndərilmiş və yeni istehsal sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bakı həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət mərkəzinə çevrilmiş, azərbaycanlılar özünəməxsus tarixi, mədəniyyəti, ənənələri olan bir millət kimi tanınmışlar.
70-ci illərdə Azərbaycanda sözün həqiqi mənasında böyük quruculuq və yaradıcılıq epoxası, həyatın bütün sahələrində güclü inkişaf və tərəqqi dövrü yaşanmışdır-keçmiş SSRİ məkanında yalnız iki respublika — Rusiya Federasiyası və Azərbaycan keçmiş ittifaq büdcəsindən heç bir dotasiya almadan yaşayırdı. Bu isə Azərbaycanın siyasi müstəqilliyə aparan yolda ən mühüm və həlledici mərhələ olan iqtisadi müstəqilliyə tam nail olduğunu göstərirdi. Müstəqil daxili siyasət yeridilməsi nəticəsində Azərbaycanın siyasi, iqtisadi və milli-mədəni inkişafı üçün son dərəcə böyük işlər görülmüş, ən başlıcası isə xalqın milli mənlik şüurunun inkişif etdirilməsi, tarixi ənənələrinin qorunması, dilinin, mədəniyyətinin, ədəbiyyatının tərəqqisi, milli özünəməxsusluqlarının, adət-ənənələrinin yaşadılması istiqamətində mühüm irəliləyişlər əldə olunmuşdur. Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdir-bu proses ölkə rəhbəri tərəfindən həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. Keçmiş SSRİ-nin bir çox respublikalarında aramsız “dissedent ovu” aparıldığı halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti yaradılmışdır. Yaradılan güclü iqtisadiyyat və işgüzar kadr potensialı əhalinin rifah halı daha da yaxşılaşdırmışdır-bunlar isə yaxın gələcəkdə Azərbaycanda müstəqil dövlət qurulması üçün əsaslı zəminə çevrilmişdir. Belə bir şəraitdə Azərbaycan xalqı XX əsrdə ilk dəfə Heydər Əliyevin şəxsində özünün güclü ümummilli liderini yetişdirmiş və onun ətrafında sıx birləşmişdir.
1985-ci ildə Qorbaçovun hakimiyyətə gəlişi ilə keçmiş SSRİ-nin türk-müsəlman xalqlarına, ilk növbədə isə bu xalqların lideri hesab olunan Heydər Əliyevə qarşı məkrli planlar hazırlanmağa və həyata keçirilməyə start erildi. Respublikadan mərkəzə böhtan, yalan dolu məktublar yollanır, mərkəzi mətbuatda iftiralı yazılar dərc olunmağa başlandı. Stepanakertə bazara alverə gələn azərbaycanlılardan tərəzi vermək adı ilə pasportları yığılır, bütün məlumatlar yazılır, imza atdırılır, sonra isə istədikləri məzmunda böhtan yazılır, imzalar arxasına tikilərək Moskvaya göndərilirdi. Həmin vaxtlarda İttifaqın nüfuzlu qəzeti olan “Literaturnaya qazeta”da Vaynşteynin “Əliyevçilik” adlı böyük məqaləsi dərc olunmuşdur-iftira, yalan, böhtanla dolu yazının müəllifinin qohumu Azİİ-də hüquqşünas işləyirdi-onun məqalənin yazılması ilə bağlı dedikləri dövrün eybəcərliyinin göstəricisi idi. Məqalə Moskvanın dəstəyi, keçmiş respublika prokuroru, rüşvətə görə işdən qovulan Qanbay Məmmədovun maliyyə köməyi, respublika rəhbərliyinin biganəliyi nəticəsində dərc olunmuşdur. Keçmiş İttifaq rəhbərliyi müsəlman respublikalarının iqtisadi və mədəni inkişafına şərait yaratmır, bu respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdilər. SSRİ-nin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial, humanist və qətiyyətli mövqeyi onun Sov.İKP MK Siyasi Bürosunun və SSRİ hökumətinin tərkibindən istefası ilə nəticələndi. Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılsa da Moskva onun siyasi iradəsindən ehtiyatlanaraq Özbəkistanda həyata keçirdiyi, minlərlə günahsız insanın həbs olunması ilə nəticələnən Qdlyanın “pambıq qiyamını” Azərbaycanda həyata keçirə bilmədi. Qorbaçovun və onun ətrafındakı millətçi erməni dairələrinin Azərbaycana təzyiqləri daha da gücləndi-Azərbaycanı parçalamaq, onun inkişafının qarşısını almaq, əhalini sonu görünməyən etnik münaqişəyə cəlb etmək məqsədi ilə qondarma Dağlıq Qarabağ problemi ortaya atıldı, Azərbaycan torpaqlarının işğalının əsası qoyuldu. Azərbaycan xalqının milli və tarixi maraqlarını qorumağa, ölkə vətəndaşlarını müdafiə etməyə qadir olmayan o zamankı Azərbaycan rəhbərləri mərkəzin bir çox hallarda Azərbaycanın ziyanına olan qərarlarını kor-koranə yerinə yetirməkdən başqa bir iş bacarmırdılar. SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə yol verdiyi tarixi ədalətsizlik, respublika rəhbərliyinin fərsizliyi, Dağlıq Qarabağ probleminin həllində yol verilən kobud səhvlərdən yorulan xalq meydanlara axışaraq həm sovet rəhbərliyinə, həm də onun yerlərdəki canişinlərinə öz kəskin etirazlarını bildirdi. Azərbaycanda keçmiş SSRİ rəhbərliyinə etimadsızlıq, eləcə də milli-azadlıq hərəkatının ilk rüşeymləri Qarabağ problemi ilə bağlı meydana çıxdı. Problemin həll edilməməsi bu etimadsızlığı və mübarizə əhval ruhiyyəsini daha da artırdı.
Xalq hələ 1988-ci ilin ilk mitinqlərindən başlayaraq, Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçini görür və onun yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını arzulayırdı. Yüzlərlə adamın mitinq və nümayişlərə Heydər Əliyevin portretləri ilə çıxması bu arzunun ümumxalq miqyasında, açıq şəkildə ifadəsi idi. Bu arzu münaqişə zonasında — Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisi arasında daha kəskin surətdə və qətiyyətlə ifadə olunurdu. Bütün Azərbaycan xalqı öz böyük oğluna — Heydər Əliyevə qarşı yerli və mərkəzi mətbuat səhifələrində aparılan qərəzli kampaniyaya qəti etirazını dönə-dönə bildirmişdir.
Həmin dövrdə olan, mərkəzin etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxan respublika rəhbərliyi milli birlik haqqında, xalqı düşdüyü ağır vəziyyətdən qurtarmaq haqqında düşünmürdü-məhz onların xalqın taleyinə tam laqeydliyi, o zamankı SSRİ rəhbərliyinə yarınmaq naminə yol verdikləri milli xəyanət, fəaliyyətsizlik və prinsipsizlik 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşun hissələrinin yeridilməsi və Azərbaycan xalqının ədalətli, haqlı tələblərinin qan içində boğulmasına gətirib çıxarmışdı. Moskvada yaşayan Heydər Əliyev sülhsevər Azərbaycan xalqına qarşı silah tətbiq edilməsini qətiyyətlə pisləmiş, 20 yanvar cinayətinin mahiyyətini və onu törədən qüvvələrin niyyətlərini aydın şəkildə göstərmiş, Azərbaycanın haqq səsini dünyaya yaymışdır.
Moskvanın təzyiqlərinə və yerli hakimiyyətin törətdiyi bütün təhlükəli maneələrə baxmayaraq 1990-cı ilin yayında Azərbaycana qayıdan Heydər Əliyev Azərbaycanda kommunist ideologiyasının hələ də dövlət səviyyəsində davam etdirildiyi bir şəraitdə milli və bəşəri inkişaf yolunda sipərə çevrilmiş bu ideologiyadan qətiyyətlə imtina etdi. Xalq onu yekdilliklə Azərbaycan Ali Sovetinə deputat seçdi-o Ali Sovetin iclaslarında Dağlıq Qarabağ probleminin həlli, respublikanın gələcək siyasi və iqtisadi müstəqilliyi ilə bağlı proqram mahiyyətli nitqlərlə çıxış etdi-təəssüf ki, çoxları fundamental, uzaqgörən təklifləri dərk edib qiymətləndirə bilmədi.
1991-1993-cü illərdə Ulu öndər Naxçıvana rəhbərlik etdi-Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisi üzərində qaldırıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycan hüquqi baxımdan müstəqillik əldə etsə də, əslində yerli rəhbərlik imperiyaya yarınmaq siyasəti yeridirdi-onlar Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirləri həyata keçirmək əvəzinə yalnız öz şəxsi hakimiyyətlərini qorumağa çalışırdırlar.
Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələnlərlə hakimiyyətdə olanlar arasında kürsü davası gedirdi-ölkədə xaos, özbaşnalıq hökm sürürdü, ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələrin yaradılması ölkəni vətəndaş müharibəsinə sürükləyirdi-bütün bunlar XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə nəticələndi. Hakimiyyətdən rüsvayçılıqla uzaqlaşdırılan rejimi heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan, mitinq tribunalarından gələn AXC iqtidarı əvəz etdi. AXC-nin meydan qəhrəmanları özlərini iddialı şəkildə milli azadlıq hərəkatının liderləri adlandırsalar da, əslində ölkədə gedən proseslər, milli azadlıq hərəkatının, müstəqillik meyllərinin güclənməsi bütün keçmiş SSRİ məkanında, hətta dünya miqyasında cərəyan edən proseslərlə sıx bağlı idi.
Yaranmış şəraitdə Azərbaycan xalqı öz sınanmış liderinin hakimiyyətə qayıdışını daha böyük təkid və qətiyyətlə tələb etməyə başladı-əslində xalqın bu tələbi hələ 1988-ci il mitinqlərindən başlayaraq mütəmadi şəkildə irəli sürülürdü. Yüz minlərlə adam millət və dövlət üçün belə böhranlı məqamda Heydər Əliyev təcrübəsindən, siyasi fəhmindən və uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasına imkan verilməsini tələb edirdi. Lakin nə sovet imperiyasının sadiq buyruqçuları olan yerli kommunist “rəhbərlər”, nə də silahlı çevrilişlər yolu ilə müəmmalı şəkildə hakimiyyətə gəlmiş yalançı demokratik qüvvələr milli dövlət quruculuğunda, milli həmrəylik və birlik yolunda son dərəcə mühüm amil olan Heydər Əliyev fenomenindən faydalanmaq istəmirdilər. Çünki birincilər üçün öz ağalarının əmr və tapşırıqlarını sədaqətlə yerinə yetirmək, ikincilər üçün isə əllərinə keçirdikləri hakimiyyət kürsüsünü nə yolla olursa-olsun qoruyub saxlamaq hər şeydən vacib idi. Xalqın və dövlətin taleyi onlar üçün o qədər də əhəmiyyətli deyildi. Onlar Heydər Əliyevin necə böyük bir qüvvə olduğunu, Azərbaycanı düşdüyü bəlalardan yalnız onun çıxara biləcəyini kifayət qədər başa düşürdülər. Lakin hakimiyyət hərisliyi, hədsiz ambisiyalar və milli maraqlara tam laqeydlik bu imperiya buyruqçularına və əyalət siyasətçilərinə layiq olmadıqları halda tutduqları yeri ümummilli mənafelər naminə xalqın həqiqi liderinə, müdrik rəhbərinə və yolgöstəricisinə qaytarmağa imkan vermirdi. İstər o dövrdə hakimiyyətdə olanlar, istər hakimiyyətə hərəkat dalğası ilə gələnlər, istərsə də qəfil zühur etmiş digər başabəla “siyasi liderlər” və onların öz ətrafına topladığı qruplar xalqın yeganə ümid yeri olan Heydər Əliyevi hər vəchlə siyasi meydandan sıxışdırıb çıxarmağa, onu xalqdan təcrid etməyə can atır və bu yolla da özlərini güclü şəxsiyyətdən qorumaq istəyirdilər. Bu adamlar adi bir həqiqəti belə dərk etmək istəmirdilər ki, konkret ictimai-siyasi şəraitdə hakimiyyətin əldə edilməsi mümkün olsa da, onun idarə edilməsi çox-çox çətindir.
Parlamentin o dövrdə keçirilən iclaslarında Ulu öndərin tövsiyyə xarakterli hər bir çıxışına yerlərdən mənasız, problemdən uzaq replikalar atılır, mikrafon qarşısında hazırlanmış xüsusi adamların böhtan dolu çıxışlarının növbəsi yaranırdı. Seçkilərlə bağlı yaş senzi müzakirə olunarkən xalqın tələbi ilə 70 yaş məhdudluğunun aradan qaldırılması məsələsində də saxtakarlığa yol verildi-guya Heydər Əliyevin razılığını almaq üçün Naxçıvana zəng vurmağın mümkün olmadığı bəhanəsi ortaya atıldı. Bundan əlavə AXC-nin missionerləri “biz hakimiyyətə gəlmək üçün altı dövlətin razılığını almışıq” bəyanatları da gülünc görünürdü.
Qarabağ problemini həll etmək və ölkədə demokratik dəyişikliklər aparmaq vədi ilə hakimiyyətiə gələnlər nəinki öz vədlərinə əməl etmədilər, hətta qısa müddət ərzində ölkəni fəlakət girdabına, vətəndaş müharibəsi və parçalanma həddinə gətirib çıxardılar. Onların bir illik hakimiyyəti dövründə Azərbaycanın strateji cəhətdən əhəmiyyətli əraziləri itirildi, yeni ərazi itkiləri üçün real təhlükə yarandı. Ordu quruculuğu sahəsində konkret heç bir iş görülmədi. Dövlət quruculuğu kimi son dərəcə mühüm sahə başlı-başına buraxıldı, xalqın mənafeyi unudularaq, ayrı-ayrı şəxslərin istək və iddialarına meydan açıldı. Xarici siyasət xəttinin müəyyənləşdirilməsində yol verilən kobud səhvlər və ifrat subyektivizm halları Azərbaycanın dünya miqyasında təklənməsinə, bir sıra region dövlətləri ilə qarşılıqlı münasibətlərinin gərginləşməsinə gətirib çıxardı. Ölkədə dövlətə deyil, ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr yarandı. Bu isə həmin şəxslərin Konstitusiyaya zidd yolla hakimiyyətə gəlmələri, qeyri-sabitlik və hərc-mərclik üçün zəmin yaratdı, Azərbaycanın bir müstəqil dövlət kimi varlığını təhlükə altına aldı. Ölkədə iqtisadi böhran dərinləşdi, xalqın həyat səviyyəsi xeyli pisləşdi, hakimiyyətin bütün pillələrindəki fərsizlik, təcrübəsizlik və naşılıq, kadr siyasətində neobolşevizm meylləri və kobud səhvlər yalançı “demokratik” iqtidarın bütün mahiyyətini, onun xalqdan uzaqlığını, sosial dayaqlardan məhrum olduğunu aşkara çıxardı. Siyasi böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter aldı-daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanmasının əsası qoyulur, etnik qarşıdurmalar və vətəndaş müharibəsi üçün zəmin hazırlanırdır-artıq Azərbaycanda hökumət böhranı deyil, dövlət böhranı yaranmışdır. Kəlbəcərin işğalı Azərbaycanda böhranı son həddə çatdırdı-bununla bir sırada ölkə daxilində hərc-mərclik, quldurluq, korrupsiya, banditizm baş alıb gedirdi, cəzasızlıq mühiti yaranmışdır, addımbaşı insanların hüquqları tapdalanırdı, iqtidarın dövləti idarəetmədə səriştəsizliyi, ciddi siyasi səhvləri, tale yüklü məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi, xalqdan ayrılması və onun etimadını tamamilə itirməsi hakimiyyəti iflic vəziyyətinə gətirdi. Ölkə idarə edilmir, hər kəs öz başının çarəsini qılmağa çalışırdı. Öz ətrafında qanunsuz silahlı hərbi birləşmələr yaratmış siyasi qruplar hakimiyyət uğrunda çəkişməni yenidən qızışdırmağa başlamışdırlar.
Gəncədə S.Hüseynovun başçılıq etdiyi hərbi dəstələr xalqdan dəstək görməyən iqtidarının istefasını tələb edərək, Gəncədən Bakıya yürüş edib, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar. Digər tərəfdən Azərbaycana arxadan zərbə vuraraq, “Talış—Muğan Respublikası” elan edən Ə.Hümbətov və onun ətrafında birləşən separatçı quldur dəstələri cənub bölgəsində ağalıq edirdilər. Şimalda Sadval fəallaşmışdır. İqtidar özünü qorumaq məqsədi ilə Milli Ordu hissələrini cəbhə bölgəsindən çıxarmaları nəticəsində erməni təcavüzkarlarının Azərbaycanın yeni-yeni yaşayış məntəqələrini işğal etməsinə şərait yaranırdı. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdır.
Belə bir vəziyyətdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın xilasına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən iqtidar xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri meydana çıxmış vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məhsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi.
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi-bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən böyük şəxsiyyətin öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.Əvvəlki hakimiyyətdən Heydər Əliyevə son dərəcə ağır miras qalmışdır-siyasi oyunlara və hakimiyyət çəkişmələrinə cəlb edilmiş ordu öz döyüş qabiliyyətini itirmişdir, naşılıq və səriştəsizlik nəticəsində dövlət aparatı dağılmış, idarəetmə və nəzarət funksiyasından məhrum olmuşdur. 1993-cü ilin iyun günlərində Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi, cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi kök atmağa başlamışdır. Heydər Əliyevin qarşısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək, ona ümid və inam aşılamaq, qətiyyət və mübarizlik təlqin etmək vəzifəsi dayanırdı.
Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi. 1993-cü ilin avqustunda Azərbaycanın ərazi bütövlüyünü cənubdan təhdid edən oyuncaq “Talış—Muğan Respublikası” iddiasına xalqın iradəsi ilə silah işlədilmədən son qoyuldu. Böyük çətinliklərə baxmayaraq, xalq güclü şəxsiyyətin, böyük dövlət xadiminin, Qarabağ problemi də daxil olmaqla Azərbaycan xalqı və dövlətçiliyi qarşısında duran mühüm problemləri həll etməyə qadir şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra sabaha daha böyük ümid və inamla baxmağa başladı. Məhz bu ümid və inamla Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də yekdilliklə Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir. Azərbaycan dövlətçiliyinə qarşı 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında qaldırılan qiyamlar Prezidentin və xalqın yekdil iradəsi ilə dərhal yatırıldı. Xüsusilə 1995-ci ilin martında Xüsusi təyinatlı polis dəstəsindən istifadə etməklə daxildəki barışmaz müxalifətin və xaricdəki havadarlarının fəal yardımı ilə Heydər Əliyev hakimiyyətini devirmək, Azərbaycanda oyuncaq Dövət Şurası qurmaq və ölkənin müstəqilliyinə son qoymaq cəhdləri prezident tərəfindən Azərbaycanın siyasi tarixində bənzəri olmayan soyuqqanlıq və qətiyyətlə dəf olundu. Prezidenti sui-qəsd yolu ilə aradan götürmək və beləliklə də onun yürütdüyü Azərbaycanın dövlət müstəqilliyi siyasətinə son qoymaq istəyən qara qüvvələrin əl atdığı qeyri-insani üsullar heç bir nəticə vermədi və xalq tərəfindən sonsuz nifrətlə qarşılandı. 1988-ci ildən bəri dəfələrlə özünün dövlət və hökumət başçılarına qarşı mitinqlər, nümayişlər, piketlər düzəldən xalq ilk dəfə Heydər Əliyevin Prezidentliyi dövründə legitim dövlət hakimiyyətini, legitim Prezidenti müdafiə üçün izdihamlı mitinqə toplaşdı. Heydər Əliyev xalqın Prezidenti olduğunu, xalq isə ona olan dərin hörmət və məhəbbətini sözdə deyil, əməldə nümayiş etdirdi.1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun cəbhədəki uğurları, 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə “əsrin müqaviləsi”nin bağlanması, dövlət aparatının təkmilləşdirilməsi və Milli Ordunun qurulması, ölkədaxili vəziyyətin sabitləşməsi, dünya miqyasında Azərbaycana marağın artması və dünyanın iri dövlətlərinin Azərbaycanın haqq işini dəstəkləməyə başlaması, mahir siyasətçinin Lissabon sammitində siyası qələbəsi, Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri bu inamı daha da qüvvətləndirir. Son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında qalan Azərbaycan güclü Ümummilli liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan Prezidenti böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Ulu öndərin dühasına arxalanaraq, öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.Ümummilli lider dövlət quruculuğu sahəsində başladığı böyük işi məntiqi şəkildə davam etdirərək, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik etdi. Azərbaycanın siyasi tarixində yeni bir era açan və onun dövlət müstəqilliyinin, cəmiyyətdə insan azadlığının və demokratik dəyərlərin əsas qarantına çevrilən bu Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. İlk dəfə olaraq demokratik şəraitdə çoxpartiyalılıq əsasında Azərbaycan parlamenti - Milli Məclisi seçildi. Azərbaycan Respublikası dünyanın azad, suveren, müstəqil dövlətləri arasında özünə layiq yerini tutdu.Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır.Tale elə gətirdi ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyin qorunması və möhkəmləndirilməsi kimi müstəsna əhəmiyyət daşıyan missiya da hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə düşdü. Heydər Əliyev xilaskarlıq missiyasına Naxçıvandan başladı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdur. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də “QKÇP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş İttifaq, onunla bərabər də kommunist partiyası dağıldı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində xalq ölkədə tüğyan edən hərc-mərclikdən, iqtidarın yarıtmaz siyasətindən yorulmuşdur. Xalqımızın sağlam qüvvələri və ziyalılar Heydər Əliyevə müraciət edərək Onu xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu Öndər mövcud reallıqları dərindən təhlil edərək bu partiyanın yaradılmasına razılıq verdi. Lakin o zamankı hakimiyyət nümayəndələri partiyanın təsis konfransını Bakıda keçirməyə imkan vermədilər və konfrans Naxçıvanda baş tutdu. Beləliklə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymayıb Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Xalqın böyük etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümummilli Lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkələsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Bununla da Ulu Öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu.
Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi. Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi-müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi, erməni təcavüzü güclənirdi, Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı-bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin gəlişi ilə ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı. Ümummilli lider ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli liderin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır. Dahi şəxsiyyətin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.Bu gün müasir müstəqil Azərbaycan Ümummilli liderin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik - belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu öndərin əsasını qoyduğu siyasi kurs son illərdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaqdır. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınmışdır. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə etmişlər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artmışdır, qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilmişdir. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir ki, bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olmuş, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilmişdir. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artmışdır. Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndərin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, Ulu öndərin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Ümummilli liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyi, özümüzə inamımızı dirçəltdiyi, milli şüuru oyatdığı kimi, ölkə başçısı da həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir. Bu gün əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynamış, zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaqdır. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcəkdir-o tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmiş, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılmışdır. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir-Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth etməkdədir.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti