Biləsuvar rayonunda Vətən müharibəsi şəhidləri Nəcəfli Sadiq Nüsrət oğlunun, Əlizadə Tahir Qəribəli oğlunun və Teymurzadə Nahid Üzeyir oğlunun doğum günlərində xatirələri anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları və ictimaiyyət nümayəndələri şəhidlərin ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları dinlənilib.
Daha sonra şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid leytenant Sadiq Nəcəfli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, şəhid Tahir Əlizadə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, şəhid Nahid Teymurzadə isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.