Azərbaycan müstəqil dövlət olaraq bütün sahələrdə olduğu kimi, xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması və beynəlxalq konvensiyalara qoşulmaq istiqamətində böyük uğurlar qazanıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, xarici siyasətin həyata keçirilməsi istiqamətində də ardıcıl işlər görüldü. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu. Ümummilli Liderin hazırladığı mükəmməl xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz bütün regional məsələlərdə həlledici söz sahibinə çevrildi. Bir çox dövlətlərlə yanaşı, müstəqil Azərbaycan Pakistanla da diplomatik əlaqələr qurdu. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb.
Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır. Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırması böyük əhəmiyyət daşıyır. İki ölkə arasında bir sıra sənədlərin, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokolun imzalanması, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə"nin bağlanması və s. bu əlaqələrin daha da genişlənməsinə səbəb olmuşdu. Ölkələrarası münasibətlərdə nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə, təhsil və digər sahələrdə əməkdaşlıq sazişləri imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə daxil olub. Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdən biridir və Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi və Azərbaycana dəstək nümayiş etdirdi və yanımızda olduqlarını sərgilədi. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri münasibətlərin davamlı olduğuna söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatla çıxışında bildirdiyi kimi, bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir:"Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib".
Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş bunun bariz nümunəsidir. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Qardaş ölkə Azərbaycana dəstək verərək, həmrəylik nümayiş etdirdi. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan da Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib.Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində regional proseslər, regional təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlıq və s. kimi məsələlər müzakirə olunub. Enerji sahəsində olan perspektivlər diqqətə çəkilib. Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malik olan dövlət kimi diqqətdədir. Pakistanın da bu sahədə sıxıntısı olan dövlətdir. Ötən il bu sahəyə 27 milyard ABŞ dolları xərcləyən Pakistan bunun öhdəsindən gələ bilmir. Baş nazir Məhəmməd Şahbaz Şərif bəyanatında "Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik", - deyə bildirib. Azərbaycan və Pakistan qardaş xalq olduğunu və münasibətlərin qarşılıqlı dəstək, səmimiyyət üzərində qurduğunu əməli fəaliyyətdə göstərib. Bu münasibətlər müasir dünyada yeni müstəviyə yüksəlib.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşklatının sədri