Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 26 İyun-Silahlı Qüvvələr Gününə həsr edilmiş “Heydər Əliyev irsi və müstəqil Azərbaycanın ordu quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri polkovnik-leytenant Samir İsmiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin sədri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, 44 günlük Vətən müharibəsinin qaziləri və iştirakçıları, Milli Müdafiə Universitetinin nəznində Təlim -tədris mərkəzinin zabitləri və rayonun fəal gəncləri iştirak edib. Əvvəlcə konfrans iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. YAP Yasamal rayon təşkilatında baş tutan konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfranası giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, artıq 25 ildir ki, iyunun 26-sı-Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğunda görülən mühüm işlər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Orudusunun öz tarixi missiyasını yerinə yetirib 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından xilas edərək tarixi ədaləti bərpa etməsi ilə nəticələndi. Çıxışının sonunda B.Nəbiyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə tədbirdə iştirakçılarını təbrik edib.
Konfransda çıxış edənlər- Yasamal rayon Gənclər və İdman İdarəsinin sədri İlham Səfərov, Milli Müdafiə Universitetinin nəznində təlim tədris mərkəzinin baş müəllimi Məhəmməd Əliyev, 44 günlük Vətən müharibəsi qazisi Pəsərək Fərzalı və Bakı Dövlət Universitetinin tələbəsi İsmayıl Əliyev ordu quruculuğu siyasətindən bəhs edərək bu istiqamətdə Ulu öndər Heydər Əliyevin rolundan bəhs ediblər. Qeyd olunub ki, bu ordu quruculuğu siyasəti Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində Şəradətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edilməsi ilə nəticələndi. Əldə olunan nəticə regionda reallıqların yaranmasına və beynəlxalq müstəvidə sülh sazişi istiqamətində keçirilən görüşlərdə Azərbaycanın diqtəsini təmin etdi.
Konfransın sonunda xatirə şəkli çəkdirilib.