Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olmuşdur-həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı öz arxasınca aparmış, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Ulu öndərin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir-onun keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət olan Ulu öndər haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının dəfələrlə şahidi olmuşuq. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi hər kəsdə qürur və iftixar hissləri yaradır.
XX əsrin 80-ci illəri SSRİ üçün həm iqtisadi, həm də siyasi cəhətdən çətinliklərlə dolu olmuşdur-Qorbaçovun bir sıra üzdəniraq islahat tədbirləri bu çətinliklərə çarə olmamış, yarımçıq qalmış, nəhəng bir dövləti uçuruma sürükləmişdir. Yaranan şərait zəngin təbii sərvətləri olan Azərbaycanın talan edilməsinə yol açmışdır - Azərbaycan xalqına ermənilər tərəfindən edilən haqsızlıqlara həm ümumittifaq, həm də respublika Kommunist Partiyasının səssiz qalması azərbaycanlıları hərəkətə gətirmişdir. Xalq uzun müddətdir davam edən təzyiqdən yorulmuş, meydanlarda “Azadlıq!” şüarlarını səsləndirməyə başlamışdır. Ermənilərin tarixi Azərbaycan torpaqlarında, Qarabağda və sərhəd bölgələrində Azərbaycan xalqına qarşı tətbiq etdiyi qəddarlıqlar nəticəsində məcburi köçkünlər ordusu yaranmışdır-belə bir şəraitdə Moskvanın da ermənilər lehinə mövqeyi onsuz da gərgin olan vəziyyəti daha da kritik həddə çatdırmışdır. Qanlı yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur-ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirmişdir-bu qırğın nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Mərkəzi hakimiyyət Azərbaycan müstəqillik hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi qanunun zəruri olduğunu iddia edirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdırlar-yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda-yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbçilər tərəfindən 200 ev və mənzilə, 80 avtomaşına, o cümlədən təcili yardım maşınlarına ziyan vurulmuş, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır-bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca istiqamətini və məzmununu təşkil edir-o tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. Ümummilli lider bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır-20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, faciədən zərər çəkənlərə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı Ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar üç onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.
Sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq Azərbaycana qarşı irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı. Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridilmiş zəhmli bir güc-gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü bir qasırğanın qoynuna düşüb acizləşdi. Mərkəzin qarşılaşdığı bir hadisə-şəhərin Qərənfil gölünə bürünməsi bütün dünyanı heyrətə saldı. Artq hadisənin səhəri günü qırğının törədildiyi yerlərə qərənfillər düzülməyə başladı, bütün bunlar heç bir mərkəzdən idarə olunmadan həyata keçirildi və tezliklə bütün Azərbaycan qərənfilə büründü.
Həmin məqamda Moskvada qəfil baş verən hadisə mərkəzi kəskin diksindirməklə yanaşı, Bakı qırğınının gizlinlərini bütün dünyaya bəyan etdi. Ermənipərəst sovet rəhbərinin Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdığı və ciddi nəzarət altında saxladığı dünya şöhrətli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyev bütün maneələri aşaraq faciənin səhərisi gün Moskvada bir parça Azərbaycan sayılan resbublikamızın Daimi Nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu öndər Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi, Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açdı. Nümayəndəlikdəki bu çıxış təqaüdə göndərilən, siyasi arenadan uzaqlaşdırılan Ulu öndərin siyasi səhnəyə, fəal siyasi fəaliyyətə yenidən qayıdışı oldu.
Sonralar xatirələrində “20 Yanvar mənə dərs oldu” – deyən Qorbaçov 20 Yanvar qırğınının məsuliyyətini dolayısı yolla olsa da, etiraf etmişdir: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.
Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə M.Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxarılmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”. 1991-ci il martın 7-də AR Ali Sovetinin nöbəti sessiyasında Ulu öndər 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etdi: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ulu öndər qatillərin aşkarlanması məsələsini yenidən qaldırmış, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulamışdır.
Qanlı Yanvar faciəsi ilə bağlı verilən kəskin bəyanatlar artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanması idi-dahi şəxsiyyətin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir-o, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdir-o bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyildir”.
20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Ulu öndəri çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdir. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdir. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdır. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu öndər bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Yalnız Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. AR Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Təəssüf ki, 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə Sov.İKP, sovet dövləti və hökumətinin, şəxsən M.Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, yerli hakimiyyətin xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı.
Ümummilli lider şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənarda qoymurdu-20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən Prezident, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirən Prezident qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Ulu öndər bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir. “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının bir qrupu ilə 28 mart 1998-ci il tarixli görüşdə də bu dövrün dərin təhlil edilməsinin zərurətini nəzərə çatdırmışdır. Ümummilli lider 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir.
Xristian Qərb dünyasının diqqətini çəkmək istəməyən Moskva ermənilərə müdaxilə etməmiş, lakin məsələyə ikili standartlardan yanaşaraq, eyni mövqeyi Azərbaycana qarşı göstərməmişdir. Bu qətliamın məqsədinin başlıca olaraq, Azərbaycan milli azadlıq hərəkatına zərbə vurmaq olduğu aşkar görünür. Qarabağ müharibəsi ilə birlikdə yurdlarından köçürülən azərbaycanlıların sovet hakimiyyətinə qarşı narazılığı gündən-günə artmışdır. Eyni zamanda təbii sərvətlər baxımından zəngin olan Azərbaycanın müstəqillik qazanması sovet hökuməti üçün son dərəcə arzuolunmaz bir hadisə idi. Bu səbəbdən sovet rejimi Azərbaycanda yüksələn müstəqillik hərəkatını nə yolla olursa-olsun yatırmaq, sovetlərə bağlı digər respublikaların heç vaxt müstəqillik hərəkatına can atmamaları üçün onlara da bir ibrət dərsi vermək qərarına gəlmişdir. Hadisələrin inkişafı Azərbaycanda xalq hərəkatının daha da genişlənməsini və güclənməsini təmin etdiyi kimi, ölkədə müstəqillik istəyini daha güclü bir şəkildə gündəmə gətirdi. Bu proses Azərbaycanı müstəqilliyə aparacaq olan xalq hərəkatının da təşkilatlanmasını və güclənməsini təmin etdi.
Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə davam edən proseslərdə Ulu öndər SSRİ-nin siyasətini tənqid edən mövqedən çıxış etmişdir. 1991-1993-cü illər arasında Naxçıvan MR Ali Sovetinə sədrlik etmiş, həmçinin 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilmiş, 1993-2003-cü illərdə isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olmuşdur.
16 dekabr 1999-cu il tarixdə 20 Yanvar faciəsinin ildönümü haqqında fərman imzalanmış, bu qətliamın hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi qərara alınmışdır. Ümummilli lider demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haql olaraq qeyd edir ki, “hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”.
Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüşdür: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Sonradan araşdırmalar aparan Moskvadakı “Şit” (“Qalxan”) adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparmışdır. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi. 1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.
Müstəqilliyimiz tarixinin iki hadisəsi insanlığa örnək ola biləcək bir nümunə oldu: 1990-cı il yanvar faciəsindən sonra Qərənfil Şəhid gülü statusu aldı və Qəhrəmanlıq simvoluna çevrildi, 2020-ci il Vətən müharibəsində isə Xarıbülbül Milli mənlik gülü statusu aldı və Zəfər simvoluna çevrildi.
Ümummilli lider xalqımıza qarşı törədilən daha bir cinayət haqqında deyirdi: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”-1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir- həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, şəhərin özü isə talan edildi və dağıdıldı. Ümummilli lider hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ulu öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır. Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. Erməni siyasi lideri Xocalını törətməklə xalqımızı qorxutmaq istədiklərini həyasızcasına bəyan etmişdir-Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. Ümummilli lider Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur-o erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli liderin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz Ulu öndərin adı ilə bağlıdır: “ ...1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik....”. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ümummilli lider 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı.
Ulu öndər xalqa 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi ki: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. 2003-cü il 15 fevralda Xocalı qaçqınlarının BMT-yə, Avropa Şurasına, ATƏT-ə müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın bu nüfuzlu beynəlxalq təşkilatlarına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.
Ümummilli lider həmişə deyirdi ki, bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, AR-in ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, AR-in daxili suları, Xəzər dənizinin (gölünün) AR-ə mənsub olan sektoru, AR-in üzərindəki hava məkanı AR-in ərazisinin tərkib hissəsidir. Bu maddənin III hissəsinə əsasən AR-in ərazisi özgəninkiləşdirilə bilməz. AR öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız AR-in Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir. Ümummilli lider bununla bağlı demişdir: “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı BMT-nin sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”. Erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi 30 il ərzində işğal edilmiş, 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalının əsası, əslində, XIX əsrin əvvəllərində qoyulmuşdur. Ümummilli liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. Sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan DQMV-nin Ermənistana birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilmiş, lakin bu cəhdlərin qarşısı həmin vaxtlar alınmışdır. Ümummilli lider 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildikdən sonra DQMV-nin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir. Ümummilli liderin bu fikirləri maraqlıdır: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya Baş katib Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdur. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.
Ümummilli lider SSRİ rəhbərliyində – Sov. İKP MK Siyasi Bürosunun üzvü, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin DQMV-nin Ermənistana birləşdirilməsi haqqında cəhdləri qətiyyətlə dəf edilmişdir. Lakin “üzdəniraq yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Ulu öndər “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açıılır. M.Qorboçovun iqtisadi məsələlər üzrə müşavir, akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetində DQMV-nin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış etdi və 1988-ci ilin fevralında məlum Dağlıq Qarabağ hadisələri başladı. Ümummilli lider keçmiş Sov. İKP MK-nın 1989-cu ilin aprel ayının 25-də keçirilmiş Plenumunda Sov. İKP MK tərkibindən çıxarıldıqdan sonra ermənilər və onların havadarları, xüsusilə, əl-qol açırlar, artıq bu zaman məlum Dağlıq Qarabağ hadisələri intensiv surətdə genişlənir və dərinləşir. Nəticədə problemə beynəlxalq status verildi-1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı və BMT Qarabağ münaqişənin həllini ATƏT-in himayəsinə verdi. Minsk qrupuna 12 dövlət daxildir- ATƏT-in Minsk qrupunun həmsədrlərinin vaxtaşırı dəyişməsinə baxmayaraq, bu münaqişənin ədalətli həllini təmin edə bilmədi.
Ümummilli lider hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur. BMT-nin TŞ Dağlıq Qarabağla bağlı 30 aprel 1993-cü il tarixdə 822 №-li, 29 iyul 1993-cü ildə 853 №-li, 14 oktyabr 1993-cü ildə 874 №-li və 11 noyabr 1993-cü ildə 884 №-li qətnamələr qəbul etmişdir. Həmin sənədlərdə BMT TŞ, əslində, Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. Lakin BMT TŞ-nın həmin qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi halda, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilməmişdir. Ümummilli lider Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur. BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlığı vurğulanmışdır. Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Məclisinin 61-ci sessiyasında müzakirəyə çıxarılması Ermənistanda siyasi atmosferi gərginləşdirmişdir. Rəsmi İrəvanın məsələyə soyuqqanlı yanaşmağa çalışması erməni siyasətçilərinə münaqişənin BMT səviyyəsinə çıxarılmasının Ermənistan üçün nə dərəcədə təhlükəli olduğunu demələrinə maneçilik törətmir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqelərinin getdikcə möhkəmlənməsi erməni siyasətçilərini son hadisədən hakimiyyət uğrunda mübarizədə yararlanmağa vadar edir. Ermənistan artıq iqtisadi müstəvidə uduzduğu kimi, siyasi müstəvidə də uduzduğunu başa düşür. Bu ölkənin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrdən kənarda qalması, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi ilə beynəlxalq aləmdən təcrid olunması iqtisadi sahədə qazandığı “uğurlarıdır”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin BMT-nin Baş Məclisinin sesssiyasına çıxarılması, BMT, AŞ, AB, İKT kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması isə onun siyasi-diplomatik “uğurları”ndan xəbər verir.
Ulu öndər öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Prezident İlham Əliyev Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı çıxışında demişdir: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olcaqdır… Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”. Bu illərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin prioriteti olaraq qalmışdır. Ulu öndər demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”. Ümummilli liderin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən İlham Əliyevin məqsədönlü fəaliyyəti nəticəsində qondarma Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapmışdır.
Azərbaycanın müasir - təxminən 50 illik dövrü böyük dövlət xadimi, mükəmməl strateq siyasətçi, fenomen şəxsiyyət Ulu öndərlə bağlıdır. XX əsrin 60-cı illəri təhlükəsizlik orqanlarından respublikanın ali rəhbərinədək olan yolda Vətəninə bağlı taleyüklü ömürdə Qarabağ məsələsi də gündəmdə olmuş, onun prinsipiallığı nəticəsində söndürülmüş, Azərbaycan xalqının milli maraqları dominant sayılmışdır. “1960-1970-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam” - söyləyən Ulu öndərin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflas olunmuşdır. Dahi şəxsiyyət Qarabağın geosiyasi tarixini, geoiqtisadiyyatı və mədəni-mənəvi həyat tərzini, orada tarixən yaşayan azərbaycanlı, eləcə də məskunlaşan erməni ailələrin keçmişini, birgə yaşayış münasibətlərini akademik səviyyədə bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı. 1967-ci ildə erməni millətçiləri özləri erməni əsilli birini öldürmüş və bu ölümü iki azərbaycanlının üzərinə qoymuş, onların məhkəməsində isə həmin azərbaycanlıları öldürmüşdülər. Məqsəd milli münasibətləri qızışdırmaq, qarşıdurma yaratmaqla yerli əhalini köçürmək, Qarabağın Ermənistana birləşdirilməsinin bünövrəsini yaratmaqdan ibarət idi-Ulu öndər 15 gün şəxsən Xankəndinə gedərək, bu prosesin qarşısını öz məharətli çevik müdaxiləsi ilə aradan qaldırmışdır.
Ümummilli liderin birinci hakimiyyəti zamanında da ölkədə, xüsusən də Dağlıq Qarabağda milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Tarixi Şuşanı çox sevən ulu öndər onun iqtisadi-mədəni inkişafında da böyük səylər göstərmişdi. Sonradan isə Moskvada Siyasi Büroda üzv olarkən də daim bu “Ermənistana birləşmə” arzusunun qabağına sədd çəkmişdi. Müstəqil Azərbaycanda yenidən hakimiyyətə gələn Ulu öndər məhz etnik təmizləmə, təcavüz, soyqırım, erməni millətçiliyi məsələlərinin əsil köklü mahiyyətini açmış və daşnakların “birləşmək arzularına” siyasi-hüquqi qiymət vermişdir. Dünya ictimaiyyətinə ermənilərin terrorçuluq, işğalçılıq siyasətinin əsl mahiyyətini göstərmişdir. Ulu öndər söyləyirdi ki, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Hazırda Prezident İlham Əliyev də “Bayrağımız bütün işğal edilmiş torpaqlarımızda dalğalanacaq” - deyə bəyan edir. “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”, - söyləyən Ulu öndər sanki uzaqgörənliklə dünəndən bu günə səslənib və yaxud “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır” paradiqmal məntiqi günümüzün yoludur. Ulu öndərin “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik” siyasi fəlsəfəsində “Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi” məntiqi var.
Prezident İlham Əliyev 2020-ci il sentyabrda Azərbaycanda qismən səfərbərlik elan etdi və sanki hər birimizdə dünəndən ünvanladığınız kəlamımızı öz qətiyyətli cəsarəti ilə oyatdı. Ulu öndərin “Dünya bilməlidir, o cümlədən Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik” hökmündə “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli” əmri bu gün də Şuşaya yolumuz, amalımız da “Qarabağ Azərbaycandır” nidamızdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” - söyləmiş və İlham Əliyevi siyasi varis elan etmişdir. Bu hadisə 2003-cü ilin payızında olmuşdur... Düz 17 il sonra isə yenə payızda Prezident İlham Əliyev böyük strateq Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi və Ali Baş Komandan, strateq sərkərdə olaraq işğalçı Ermənistanın yenidən atəşkəsi pozaraq torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusuna əks-hücuma keçmə əmrini verdi. Vaxtilə Ulu öndər Qarabağ münaqişəsini əlində xətkeş, önündə Azərbaycanın xəritəsi dünyaya Azərbaycanı-Qarabağı tanıdırdı, hazırda Ali Baş Komandan İlham Əliyev dünyanın məşhur televiziya və KİV-lərinə “Qarabağ Azərbaycandır!” bəyan edir.
Azərbaycan torpaqları işğal edilsə də, Ulu öndər siyasi-ideoloji, hərbi-diplomatik təbliğatı dayandırmır və ölkədə ictimai-siyasi sabitliyi bərpa edirdi. 17 il sonra XXI əsr Azərbaycanının islahatçı, lider Prezidenti, həm də xilaskar strateq, Ali Baş Komandan və Vətən müharibəsinin diplomat sərkərdəsi Ulu öndərin başladığı diplomatik yolu davam etdirdi. Prezident ilk öncə bu illərdə güclü ordu-güclü dövlət-güclü iqtisadiyyat strategiyası ilə vəhdətdə, azərbaycançılığa söykənən güclü xalq və kreativ, intellektual Azərbaycan vətəndaş formulasında xalqın milli mənafeyini qorumağa, Azərbaycanda yaşayan bütün xalqların birgəyaşayış həyat tərzinə hörmət amilini formalaşdırdı. Bu, ulu öndər Heydər Əliyev ideoloji məktəbinin siyasi-strateji və məntiqi yekunudur. Dövlət o zaman möhkəm olur ki, güclü lideri olsun! Güclü lideri də məhz güclü xalq meydana çıxarır. Prezident İlham Əliyev güclü Azərbaycan xalqının güclü, çevik lideri, diplomat, strateq Ali Baş Komandanıdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin uğurları bu illərdə səbrlə, soyuqqanlı diplomatiya ilə əldə olunmuşdur. Güclü liderin rəhbərliyi ilə bərpa edilən dövlət sərhədlərimiz, işğal altında qalan torpaqlarımızın azad olması ilə bahəm, həm də Azərbaycan xalqının özünə inamı qayıdır, özünə-liderinin gücünə etibarı daha da möhkəmlənir. Hər kəs güclü rəhbər - güclü Ali Baş Komandan fövqündə özünü də güclü hesab edir, iki əsrdən (1813-cü il Gülüstan müqaviləsindən başlayaraq) bu günədək uzanan yoldakı “tabeçilik” kompleksindən çıxır, Vətənin müdafiəsi uğrunda həm də Ali Baş Komandanına - Prezidentinə hörməti və məhəbbəti çoxalır. İstər fərd, istərsə fərdlər toplumu və ya xalq-millət özü-özünə hörmət-sayqı saxlamasa, ona heç kim hörmət bəsləmir. Cəsarətli, mübariz, qorxmaz, Vətəni, torpağının varlığının var olmasını müdafiə edənlərin də hörməti olur, sözü eşidilir və belə xalqlar da sayılır, diqqət nöqtəsində olur! Ali Baş Komandanımız - Qarabağı işğaldan azad edən İlham Əliyev Azərbaycanın fenomen xilaskarı, rəhbəridir-qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Bir çox əlamətdar və ağrılı-acılı hadisələrlə tarixə qovuşan 2020-ci ilin son aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı yerə-göyə sığmayan sevinc hissi və qururla Qarabag zəfərini qeyd etdi. Bu böyük qələbəyə aparan keşməkeşli yol 30 il sürdü. 30 il torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində düşmən tapdağı altında qalması Azərbaycan xalqının ürəyində bir yara oldu. 30 il Qarabağ həsrətilə alışıb-yanan ürəklərin fəryadı, Qarabağa qayıdacağı ümidi ilə yaşayan gözü yaşlı insanların duaları, bu qələbənin gərçəkləşməsi uğrunda dövlət başçılarımızın apardıqları ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və gərgin ordu quruculuğu, nəhayət ki, Zəfər gününü gətirdi!
Ümimmili lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtılə uzaqgörənliklə söylədikləri bu gün artlq Azərbaycanın reallığıdır: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarımızı ala bilməz, işğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun”. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı azad etdi, Qarabağı işğaldan azad etdi. Bu həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlərlə yazılan Böyük Zəfərdir!
1923-cü ildə Azərbaycanın tərkibində yaranan DQMV-nin qısa, lakin qanlı-qaralı tarixçəsi “xüsusi statusa” malik olmasından ibarətdir. Ümummilli liderin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən sonra sistemli və məqsədyönlü tədbirləri nəticəsində vəziyyət dəyişdi. 1970-1985-ci illərdə DQMV-də ümumi dəyəri 470 milyon manat olan əsas fondlar, 15 sənaye müəssisəsi və başqa istehsal sahələri ıstifadəyə verildi. 1979-cu ildə “Ağdam–Xankəndi” dəmiryolu çəkildi və istifadəyə verildi. Nəticədə, Qarabağın dağlıq və aran hissələrinin, respublikanın digər rayonları ilə daha sıx təsərrüfat əlaqələri yaradıldı. 1973-cü ildə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnstitut açıldı-burada erməni və rus fakültələri ilə bərabər Azərbaycan fakültəsi də fəaliyyət göstərirdi. Bu tədbirlər Ulu öndərin erməni separatçılarını açıq çıxışlardan çəkindirmək siyasəti və Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətləri idi, çünki Dağlıq Qarabağın Azərbaycana bağlılığını təmin etdi.
Ulu öndərin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində cəbhədə hərbi güc balansı artıq Ermənistanın xeyrinə idi, həmçinin informasiya mübarizəsində ermənilər üstün vəziyyəti ələ keçirmişdilər. Azərbaycanın paytaxtında hakimiyyət uğrunda şiddətli mübarizə gedirdi. Respublikanın şimalında və cənubunda separatçılar baş qaldıraraq Azərbaycanı parçalayıb “suveren Ləzgistan” və “muxtar Talış-Muğan Respublikası” yaratmağa çalışırdılar. O vaxtki Azərbaycanın rəhbərliyi təcrid olunmuş vəziyyətdə fəaliyyət göztərirdi, çünki ölkəni diletant səviyyəsində idarə edərək MDB-nin əksər respublikaları, həmçinin yaxın qonşuları – Rusiya və İranla münasibətləri korlamışdılar. Ulu öndər 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdıqdan dərhal sonra vəziyyəti düzgün qiymətləndirərək müharibənin davam etdirilməsinin uğurlu nəticələr verməyəcəyi qənaətinə gəlir və ilk addım olaraq atəşkəs əldə edərək mənasız axıdılan qanın qarşısını alır. Bundan sonra Dağlıq Qarabağ reallığıını dünyaya çatdırmaq, dünyanın aparıcı siyasi liderlərini danışıqlar prosesinə cəlb etmək, beynəlxalq ictimai rəydə dönüş yaratmaq və ilk mərhələdə informasiya müharibəsini qazanmaq uğrunda uzun və gərgin siyasi mübarizə yolu başlanır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizama salınması Ulu öndərin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur.
Dahi öndərin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin dünyada siyasi gücə malik olan dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə bu münaqişənin mahiyyətiyinə, reallığına dünya birliyinin diqqətini cəlb enməyə bacarmışdır. Böyük öndər bütün görüşlərində və çıxışlarında, siyasi fəaliyyətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət, yerlərindən-yuvalarında qovulan bir millyona yaxın insanların ağır şəraitdə çadırlarda yaşadıqları və öz evlərinə qayıtmaq arzusunda olduqları haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verən milli liderimiz özünün qətiyyətli və prinsipial mövqeyini hər bir görüşdə, hər bir çıxışında dünya ictimaiyyətinə tarixi faktlarla əsaslandıraraq çatdırırdı.
Rusiyanın ciddi dəstəyi ilə hərbi əməliyyatlar aparan ermənilərin maksimum məqsədi Dağlıq Qarabağ ətrafında təhlükəsiz bufer zonası yaratmaq idi. Bundan əlavə, ermənilərin daha ciddi niyyətlərindən biri də Yevlaxı ələ keçirmək, Murovdan enərək Gəncəyə girmək və bu hissəni Bakıdan ayırmaq idi. Çox təhlükəli bir vəziyyət yaranmışdı. Bu məqamda Rusiya vasitəçilik təklifini irəli sürdü və Azərbaycan Rusiyanın təklif etdiyi atəşkəsə razılıq verdi. Atəşkəs sənədinin Bişkekdə imzalanmasını təklif edildi. Beləliklə, Birinci Qarabağ müharibəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayın 12-də imzalanır. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdır. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdır. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin ”beynəlxalq müşahidəçilər missiyası” olması Azərbaycan tərəfinin təklifi ilə qeyd edilmişdir.
Danışıqlar prosesində Ulu öndəri ən çox düşündürən məsələ bu olmuşdur ki, Qərb dünyasının aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı təcəvüzkar dövlət saymır. Döğrüdür, Azərbaycanla daima həmrəy olan qardaş Türkiyə Respublikası hər bir zaman və hər yerdə Ermənistanın təcəvüzkar siyəsəti haqqında bəyan edirdi. İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasına siyasi dəstəyini göstərərək Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi haqqında qətnamə qəbul etmişdir. Lakin Qərb dünyası ölkələrində vəziyyət başqa idi.
Müdrik və uzaqgörən dövlət başçısı olan Ulu öndər münaqişənin başlıq mətninə xüsusi diqqət yetirirdi. Məhz Heydər Əliyevin tövsiyyəsi ilə münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırılmağa başlanmışdır, çünki əks halda qarşıdurmanın iki ölkə arasında deyil, Dağlıq Qarabağla Azərbaycan arasında baş verməsi təəssüratı yaranırdı.
1992-ci ildə ATƏT çərcivəsinda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində vasitəçilik edəcək 12 dövlətdən ibarət Minsk qrupu yaradıldı və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə verdi. 5-6 dekabr 1994-cü ildə keçirilən Budapeşt sammiti Ulu öndərin iştirakı ilə ilk sammit idi. Bu sammitdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər. Beləliklə, Rusiyanın “fərdi sülhyaratma” istəyinin qarşısı alındı. Budapeşt sammitində “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul edildi. Bu qərarda ATƏT-in sülhməramlı qüvvələrinin yaranması və saziş əldə olunarsa, Dağlıq Qarabağ bölgəsinə ATƏT-in sülhməramlı qüvvələrinin daxil olması nəzərdə tutulmuşdur. Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarının dördüncü Zirvə görüşü ərəfəsində yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında 1994-cü ildə razılaşdırılan atəşkəsin qorunması oldu. Buna baxmayaraq, dahi şəxsiyyət 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə verdiyi bəyanatında Lissabon zirvə görüşünə böyük əhəmiyyət verdiyini və Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini bildirmişdir.
Qafqaz regionu, xüsusilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilmişdir. Buna qədər vəziyyət tamamilə Ermənistanın xeyrinə idi. Lakin Lissabon sammitində Ulu öndər öz veto hüququndan istifadə edərək, adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Lissabon sammitində məhşur veto qarşıdurmasında milli liderin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalır. Ümummilli liderin mövqeyini 53 dünya dövləti dəstəkləyir. Bununla öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş edən böyük lider ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olur. Həmin prinsiplər aşağıdakılardı: *Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması; *Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi; *Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi.
Ümummilli lider Lissabon görüşünün tarixi əhəmiyyətini dəyərləndirərək bu üç prinsipin səsləndirilməsi uğrunda aparılan gərgin mübarizəyə görə qiymətləndirmişdir: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”. Rəsmi materiallarda qeyd edilir ki, AR-in Prezidenti Heydər Əliyev 1996-cı il 2 dekabr Lissabon Zirvə görüşündə səsləndirilən nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat vermişdir.Ulu öndər çıxışında Ermənistan tərəfinin bu münaqişədə məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan etmişdir. Azərbaycan xalqının liderinin Azərbaycanın gələcəyi uğrunda bütün dünya dövlətləri qarşısında nümayiş etdirdiyi diplomatik istedad, cəsarət və müdriklik, əminəm ki, bu parlaq şəxsiyyətə hər bir insanda rəğbət və qürur hissi yaradır. Bəli, bir həqiqət danılmazdır - biz Qarabağ zəfərinə vaxtilə Ümummilli liderin gərgin əməyi və siyasi mübarizəsi nəticəsində nail olmuşuq. Biz, azərbaycanlılar xoşbəxt millətik, çünki Uca Tanrı Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etmişdir. Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsindən hələ neçə-neçə yeni nəsillər bəhrələnəcək, yaşayıb-yaradacaqdır. Ümummilli liderin irsi – həm Qarabağ zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan həyatının zəminidir. ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. Beləliklə, Ulu öndər ərazilərində millətlərarası qarşıdurma yaranan heç bir dövlət başçısının bacarmadığını bacardı - danışıqlar prosesinə dünyanın aparıcı siyasi gücə malik olan dövlətlərin liderlərinin cəlb olunmasına nail oldu. Ulu öndərin siyasi mübarizəsi nəticəsində Lissabon sammitinin sənədlərində ilk dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü tanınsın, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilsin və Dağlıq Qarabağın əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyi təmin edilsin. Bu, öncə Ermənistanla Azərbaycan arasında gedən informasiya müharibəsində kəskin dönüş, daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi reallığının dünya ictimaiyyəti tərəfindən yekdilliklə qəbul edilməsi kimi qiymətləndirilməlidir.
1997-ci ilin iyun ayından başlayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət təkliflərlə çıxış etmişlər - Dağlıq Qarabağın ətrafında yerləşən 7 işğal olunmuş rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair. Onların təqdim etdikləri ilk təklif münaqişənin “paket” həllini nəzərdə tuturdu, yəni Dağlıq Qarabağın statusunun müəyyən edilməsi bütün məsələlərə baxılması ilə eyni vaxtda baş verməli idi. İkinci təklif isə münaqişənin “mərhələli həll” təklifi idi. O zamanlar Azərbaycan Prezidenti olan Heydər Əliyev həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etmişdir. Ermənistan Prezidenti Levon Ter-Petrosyan isə ikinci təkliflə razılaşdı. Sonralar Heydər Əliyev bu barədə demişdir: “Biz bunu qəbul etdik. Ədalət naminə deməliyəm ki, Ermənistanın o zamankı Prezidenti Levon Ter-Petrosyan buna müsbət reaksiya göstərdi. Oktyabr ayında Strasburqda olduğumuz zaman da rəsmi olaraq bu təklifi prinsipcə qəbul etdiyimizə dair ortaq bir bəyanat verdik”. Lakin Ermənistanda Levon Ter-Petrosyana qarşı müxalifət meydana çıxdı və o,1998-ci ilin fevral ayında istefa verdi. Bundan bir qədər sonra R.Koçaryan prezident seçildi. 1998-ci il noyabrın 9-da həmsədrlər həm beynəlxalq hüquq normalarına, həmçinin, Azərbaycanın dövlət maraqlarına zidd “ümumi dövlət” təklifini irəli sürdülər. Buna cavab olaraq Ulu öndər qətiyyətlə bu təklifi müzakirə etməkdən belə imtina edərək ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid etmişdir, çünki bu təklifin qəbul ediləcəyi təqdirdə Azərbaycanın ərazisində iki dövlətin yaranması və Azərbaycanın Dağlıq Qarabağa bütün hüquqlarının itirilməsi planlaşdırılmışdır. Heydər Əliyev çıxışlarının birində bu barədə demişdir: “Onların nümayəndəsi buraya bir neçə dəfə gəldi, amma dedim ki, bunu qəbul edə bilmərik. Sonra Amerika Konqresində danışmağa başladılar ki, niyə Azərbaycan Minsk Qrupunun təkliflərini qəbul etmir, Ermənistan qəbul edir? Ermənistan Minsk Qrupunun təklifini qəbul etmədikdə nədənsə bir nəfər də qalxıb demədi: Ermənistan niyə bunu etmir? Azərbaycan yalnız bir dəfə təklifi qəbul etmədikdə, bizim başımıza nələr gəlmədi”.
Belə bir vəziyyətə Milli lider çox böyük əzm, cəsarət və diplomatik məharətlə ona təzyiq göstərməyə çalışan Minsk Qrupunun planlarının həyata keçməsinə yol vermənişdir: “Minsk Qrupu həmsədrlərinin təmsilçiləri uzun sürən fasilədən sonra, görünür, danışıqlar prosesini yenidən canlandırmaq istəyi ilə 1997-ci il noyabrın 9-da Azərbaycan tərəfini çox məyus edən və danışıqların davam etdirilməsinə imkan yaratmayan sayca üçüncü təklifi irəli sürmüşlər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı və ATƏT-in iki sammitinin təsdiq etdiyi qərarlardan və prinsiplərdən irəli gələn əvvəlki mövqedən geri çəkilməkdən başqa bir şey deyildi. Bu təkliflər əslində Dağlıq Qarabağı respublika formasında dövlət ərazi qurumu kimi ayırır və ona uydurma “ümumi dövlət” çərçivəsində Azərbaycan ilə bərabər status verirdi. Həm də bu “ümumi dövlət”in Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində yaradılmalı olduğuna istinad edilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün təminat yaratmır, əslində bunları pozur”. Bununla Ümummilli lider bir daha yüksək siyasi iradəyə malik olan dahi dövlət xadimi olduğunu sübut etmiş və Azərbaycan Respublikasının dövlət mənafeyinə zidd heç bir planın baş tutmayacaqını böyük cəsarətlə bütün dünyaya bəyan etmişdir.
1999-cu il ərzində Amerika Birləşmiş Ştatlarının rəhbərliyi, prezident Klinton, dövlət katibi xanım Olbraytın xahişi ilə Heydər Əliyev bir neçə dəfə Robert Koçaryanla görüşüb danışıqlar aparmış, hətta bu danışıqlar prosesində mövqelərin xeyli yaxınlaşması da baş tutmuşdur, lakin həmin ildə Ermənistan parlamentində baş verən terror hadisəsindən sonra Ermənistan əldə edilmiş razılaşmalardan yenə də imtina etmişdir.
Beləliklə, Cənubi Qafqazda ən “uzunömürlü” münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında danışıqlar prosesinin Ermənistan tərəfindən dəfələrlə pozulması Qafqaz regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyinin təmin edilməsində başlıca maneə olmuşdur. “Ümumi dövlət” prinsipinin ortaya atılması, sözsüz ki, öz məqsədləri uğrundə hətta terrorçuluq əməllərindən belə çəkinməyən Ermənistan millətçi dairələrinin maraqlarına tam cavab verirdi və münaqişənin nizamasalma prosesinə maneçilik törətməklə yanaşı tərəflərin arasında olan ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Danışıqlar prosesinin uğursuzluğu nəticəsində yaranmış belə bir şəraitdə Heydər Əliyev dünya dövlətləri ilə sıx əməkdaşlıq və inteqrasiya proseslərinə qoşulmaq imkanlarından geniş istifadə edərək bütövlükdə Qafqaz regionun geosiyasi vəziyyətində ciddi dəyişiklik etmək uğrunda mübarizəyə başladı.
Dahi rəhbərin dünya siyasətində ən mühüm uğurlarından biri də o olmuşdur ki, bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlini qoyub uğurla həyata keçirdərək böyük dövlətləri ermənipərəst mövqelərindən uzaqlaşdırıb regionda iqtisadi maraqlar müstəvisinə cəlb etməyi məharətlə bacarmışdır. Bunun bariz sübutu 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyəti nəticəsinda bağlanan Əsrin kontraktının 2017-ci ildə daha 50 il müddətinə uzadılması, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında mühüm nəqliyyat dəhlizi olan tarixi Böyük İpək Yolunun bərpası strategiyası, bir-birinin ardınca həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrinin təməlinin qoyulması ilə yaradılmış iqtisadi amilin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində getdikcə daha önəmli rol oynamağa başlamasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə sıx əməkdaşlıq yaradılmışdı. Bunun nəticəsində 1995-1998-ci illərdə Avropa-Asiya istiqamətində tranzit yüklərin daşınmasında respublikamızın nəqliyyat kommunikasiyasından istifadə edilmiş və onun yükdaşıma dövriyyəsi 10 dəfə artmışdı. (12,s.244) Gürcüstan da bu proseslərə qatıldı. Həyata keçirilən layihə çərçivəsində Gürcüstanla Azərbaycan sərhədində yerləşən”Qırmızı körpü” yenidən qurulmuş, TRASEKA yolu üzərində olan qəzalı körpülər bərpa edilmişdi. 1993-cü ildən əsası qoyulan TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin keçdiyi ölkələrdə Avropa İttifaqının ayırdığı vəsait hesabına onlarca layihələr reallaşdırılmıdır.(12,s.249) Lakin Ermənistan bu layihələrdən təcrid olunmuş vəziyyətdə qaldı və bununla da özünün Cənubi Qafqazda siyasi, sosial-iqtisadi inkişafa və ümumiyyətlə Qafqazda müasir dövrdə yaşayan xalqların mədəniyyətlərarası dialoqunun qurulmasında maneə olan bir dövlət olduğunu sübut etdi. 1996-cı ilin fevralında Azərbaycana rəsmi səfərə gələn Gürcüstanın Prezidenti Ediard Şevardnadze Bakı Dövlət Universitetinin professor-müəllim heyəti qarşısında çıxış edərkən Azərbaycan Prezidenti Heydər Əliyevin Qafqazda sülhvə əmin-amanlığın bərqərar olunmasında xüsusi rolunu qeyd etdi: “Prezident Heydər Əliyev Qafqazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısıdır”.
Beləliklə, Azərbaycan xalqının ümummilli lideri özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 2003-cü ilədək davam edən gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi baza yaratdı, və ən əsası, Azərbaycana əbədi tarixi zəfər qazandıran ordumuzun quruculuğu ilə bağlı islahatlar unudulmaz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunların qəbul edilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, ordunun maddi-texniki təminatı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir.
Ulu öndərin əvəzsiz xidmətləri ona minnətdar olan xalqın tarixində və hafizəsində əbədiyyən yaşayacaq. Parlaq istedada, nəcib insani keyfiyyətlərə malik böyük siyasi və dövlət xadimi kimi Heydər Əliyevin əziz xatirəsi xalqımızın dilində canlı bir əfsanədir. Zəngin dövlətçilik təcrübasinə malik olan Heydər Əliyevin Azərbaycanda 35 illik hakimiyyəti dövründə Azərbaycan və ümumilikdə, Qafqaz xalqlarının xoşbəxt və firavan yaşamaları uğrunda həyata keçirtdiyi tarixi xidmətlər əvəzedilməzdir. Dünya siyasətində tanınmış, parlaq siyasi lider olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda qüdrətli Silahlı Qüvvələrin yaradılması, cəbhədə atəşkəsin əldə edilməsi, iqtisadiyyatın canlandırılması və Qafqazın geosiyasi xəritəsini dəyişən qlobal iqtisadi proyektlərin reallaşması kimi möhtəşəm işləri müasir Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələridir.
2003-cü ildə ulu öndərin bütün ömrü boyu fədakarlıqla xidmət etdiyi idarəçilik məktəbinin ideyalarını, yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişaf dövrü başlayır və bizim ölkəmiz artıq iqtisadiyyatın, təhsilin, mədəniyətin sürətlə inkişaf etdiyi bir ölkəyə çevrilir. Böyük öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Azərbaycan tarixində əbədi rəhbər kimi qalan Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bütün azərbaycan millətinin atası olan Heydər Əliyevin vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan ordusu yerinə yetirdi – 44 günlük Qarabağ müharibəsində düşməni torpaqlarımızdan qovdu və üçrəngli bayrağımız yenə də doğma yurdumuzda, Qarabağın döyünən ürəyi - Şuşada qürurla dalğalandırıldı.
Ümummilli lider Heydər Əliyevin təyin edib həyata keçirtdiyi müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş İlham Əliyevin mərdi-mərdanə və böyük cəsarətlə məqsədyönlü addımlar ataraq qondarma Dağlıq Qarabağ probleminin ədalətli həllininə nail oldu -. Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı silah gücünə azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan tarixi hadisə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və dövlət sərhədlərinin bərpa olunması baş verdi.
Dəmir yumruqla başı əzilən düşmən 10 noyabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nı - faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur edildi və ərazi bütövlüyümüz təmin edildi. (16) Beləliklə, Ali Baş Komandana inanan və güvənən cəsur Azərbaycan əsgərləri canları bahasına 30 illik işğala son verdi.
44 günlük İkinci Qarabağ Müharibəsində Böyük Qələbə münasibətilə Bakıda 10 dekabr 2020-ci il tarixində keçirilən möhtəşəm Zəfər Paradı ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təntənəsi oldu.Tarix sübuta yetirib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu gün müstəqil Azərbaycanın da NATO standartlarına uyğun, şəxsi heyətinin döyüş ovqatı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun inkişaf meyillərini şərtləndirən ən mühüm amillərdən biri məhz ölkənin uğurlu iqtisadi, daxili və xarici siyasəti olmaqla yanaşı, eyni zamanda, dünyada və bölgədə Azərbaycanın artan beynəlxalq nüfuzudur.Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdir. Müstəqilliyin ilk illərində ordu quruculuğunda heç bir ciddi addım atılmamış, Silahlı Qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdir. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazilərini bir-birinin ardınca itirmək məcburiyyətində qalmışdır. Ümummilli lider hakimiyyətə qayıdan sonra qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, torpaqlarımızı işğal edən düşmənin qarşısını almaq, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dururdu. Daxili ictimai-siyasi sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi Ali Baş Komandanın üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun riskli və qətiyyətli addımlar atmasını zəruri edirdi. Yaranmış acınacaqlı durumda bu taleyüklü problemlərin həllinə paralel yanaşmaya, bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdır. Ölkədə vəziyyətin sabitləşməsinə nail olmadan xarici investorları cəlb etmək, iri neft şirkətləri ilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsini adlamaq mümkün deyildir. Belə bir şəraitdə vəzifə səlahiyyətlərinin icrasına başlayan Ulu öndər qısa müddətdə bütün sahələrdə vəziyyəti sabitləşdirməklə peşəkar idarəçi və xarizmatik şəxsiyyət olduğunu bir daha təsdiqlədi.
Qısa müddətdə daxildə baş qaldırmış destabilizasiya ünsürləri aradan götürüldü, ictimai-siyasi sabitlik təmin olundu, ölkənin bütün maddi-siyasi resursları və potensialı Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı müqavimətin təşkilinə yönəldildi. 1993-cü il noyabrın 2-də xalqa müraciət edən Ümummilli lider ictimai ruh düşkünlüyünün qarşısını aldı, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı-o müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi. Eyni zamanda, keçmiş hakimiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, ordunun hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğuladı: “Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilmişdir”.
Ümummilli liderin xalqa müraciətindən sonra respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı-bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.
Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə 2beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdur. Atəşkəs rejiminin erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq pozulduğunu, nəinki hərbçilərin, hətta mülki şəxslərin qətlə yetirildiyini, azərbaycanlılara məxsus mal-qaranın tələf edildiyini də təəssüflə vurğulamaq lazımdır. İnsanlığa yaraşmayan vandalizm özünü həm də onda göstərir ki, cəbhə bölgəsində çoxsaylı snayperçilər yerləşdirən Ermənistan təxribatçı əməllərinə son qoymaq istəmir.
Ümumilikdə, atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu-bu mərhələdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm qollarından birinə çevrildi.
Ümummilli liderin vaxtilə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü büruzə verir. Ulu öndərin hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi ordunun bugünkü səviyyəyə yüksəlməsində təzahür edir.
. Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent