Ümummilli liderin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənəd Ulu öndərin neft strategiyasının şanlı səhifəsinə çevrilmişdir. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirmişdir-milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılmışdır.
Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edilmiş, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı olmuşdur-bu görüş və danışıqlarda Azərbaycan xalqının və dövlətinin maraqları əsas götürülürdü-bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı. 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 iri neft şirkəti ilə müqavilə imzalanmışdır. Bu müqavilədə Böyük Britaniyanın “British Petroleum” (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi), ABŞ-nin “Amoco” (17,01 faiz), “UNOCAL” (11,2 faiz), “Penzzoil” (9,81 faiz), “McDermott” (2,45 faiz), Rusiyanın “Lukoil” (10,0 faiz), Norveçin “Statoil” (8,56 faiz), Türkiyənin “Türk petrolları şirkəti”nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. “Məhsulun Pay Bölgüsü” sazişinin- “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir-dəyəri 7,4 milyard dollar olan bu müqavilə təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmışdır-bu razılaşma öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. “Əsrin müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu, dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. Onlar tezliklə işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. Azərbaycan nefti dünya bazarına çıxdı və eyni zamanda, ölkəmiz tranzit koridora çevrildi- “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın böyük neft siyasəti başlanmışdır.
“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları məbləğində investisiyanın 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinə yönəldilmişdir. Ulu öndər dünyanın inkişaf etmiş dövlətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə ölkəmizin davamlı və sürətli inkişaf ənənəsinin əsası qoyuldu-bu müqavilə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsası oldu. Bu müqavilənin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.
Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi-bu əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.
Milli neft strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır-bu gün ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada birincidir, ölkəmiz əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı-bununla neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü idarə edilməsi üçün əsaslı təminat yaradıldı. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Artan neft gəlirləri hesabına sosial siyasət sayəsində, o cümlədən, az təminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də saysız tədbirlər həyata keçirilir. Ölkənin artan maliyyə imkanları hesabına, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir-bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaratdı, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevrildi.
Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir-bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. 1971-ci ildə Azərbaycanda 1 milyard ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. Ulu öndərin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kranı, “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı-ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlandı və həyata keçirilməyə başlandı-həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi-hələ sovet hakimiyyəti illərində Ulu öndərin rəhbərliyi ilə respublikamızda görülən işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır. Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) Ulu öndərin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Bütün bunlar Ümummilli liderin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi-o, çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcəkdir-tarix onun haqlı olduğunu sübut etdi.
Bu gün neft gəlirləri hesabına Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli liderin müəllifi olduğu “Əsrin Müqaviləsi” təşkil edir. Bu müqavilə Ulu Öndərin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir- müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı, Azərbaycanın maraqlarına cavab verən müqavilə şərtləri əldə edildi. Dünya təcrübəsindən də bəlli olduğu kimi, zəngin enerji resurslarına malik olmaq heç də xalqların və ölkələrin xoşbəxtliyi anlamına gəlmir. Əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli şəkildə idarə etməkdən ibarətdir-Ümummilli lider özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təəssübkeşliyi sayəsində bütün bu kimi zəruri şərtləri təmin etməyə nail oldu.
Yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər olmuşdur- daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmir, ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində bütün bədxah ssenarilər puç oldu və müstəqil Azərbaycanın gələcək inkişafına hesablanan yeni neft strategiyasının möhkəm təməli qoyuldu-yalnız Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
“Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndərin müstəsna xidməti idi-mövcud çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Dahi şəxsiyyət xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu-Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. “Əsrin müqaviləsi” Ümummilli liderin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Prezident İlham Əliyev uğurlu enerji siyasətində Ulu öndərin müstəsna rol oynadığını vurğulayaraq demişdir: “Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir”.
“Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu müqavilənin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu-neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltmişdir. Əldə edilmiş gəlirlər davamlı şəkildə sosial layihələrə, elm, təhsil və mədəniyyətin inkişafına yönəldilmiş, “qara qızıl” “insan kapitalı” naminə istifadə edilməkdədir. “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin yüksəlməsini təmin etmişdir.
Ümumilikdə Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilmişdir: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı-yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik bu yataqların işlənilməsində yeni mərhələ başladı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Belə vəziyyətdə Ulu öndər “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək-ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Ümummilli lider xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Ümummilli liderin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir-əldə olunan nailiyyətlər özünü aşağıdakı istiqamətlərdə göstərdi: *neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına Azərbaycanın dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edildi-bütövlükdə “Əsrin müqaviləsi”ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 32 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur ki, bu da respublikamızın iqtisadi inkişafına ciddi təsir göstərmişdir; *Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradıldı-hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına bir neçə marşrut üzrə-Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlər ilə çıxarılır-bundan əlavə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP qaz kəməridə istifadəyə verilmişdir. Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərinin həm müsbət, həm də mənfi cəhətlərinin olmasına baxmayaraq Ümummilli lider müdrik və yeganə düzgün qərar qəbul edərək hər iki neft kəmərinin çəkilməsini lazım bildi. İlkin neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.1999-cu ilin noyabrında İstanbulda ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci ilin sentyabrın 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın Enerji resuslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi Ümummilli liderin böyük siyasətinin qələbəsidir və bu kəmər dünya “arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur; *Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırıldı, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməyə başlandı-bu məqsədlə 1999-cu il dekabrın 29-da Ümummilli lider “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır; * “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsidir-xüsusilə tikintidə və yataqların işlənilməsində, qazımada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng və əzəmətli dərin dəniz özülü tikilmişdir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçal terminal istifadəyə verilmiş və burada yüksək infrastruktur yaradılmışdır.
Ümummilli liderin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.
Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. 1994-cü ilə qədər Azərbaycanın həm quru ərazilərindən, həm də Xəzər dənizinin ona aid sektorundan bir milyard tondan artıq neft hasil edilmişdir. Dünyada ilk dəfə dənizdəki neft ehtiyatlarının sənaye üsulu ilə hasil edilməsinə də Azərbaycanda başlanılmışdır-bu fakt dünya neft tarixində xüsusi yer tutur. Azərbaycanın neftçi-mütəxəssislərinin neft və qaz hasilatı sahəsində əldə etdikləri bu yenilikçi təcrübənin bütün dünyada tətbiq edilməsi ilə ölkəmiz XX əsrin ortalarından başlayaraq dünya neft mühəndisliyi fikrinin əsas mərkəzlərindən biri kimi tanınmaqdadır. İkinci dünya müharibəsində faşist Almaniyası üzərində qələbə çalınmasında Azərbaycan nefti həlledici amillərdən biri olmuşdur. Müharibə zamanı keçmiş SSRİ üzrə istehsal edilən ümumi benzinin 80 faizi, müxtəlif yağların isə 96 faizi Bakıda istehsal edilmişdir. Bununla belə, Azərbaycan xalqı yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətlərdən milli mənafeyinə uyğun tam bəhrələnmək imkanı qazanmışdır-bu imkan Ulu öndər tərəfindən gerçəkləşdirilmişdir-o bəyan edirdi ki, “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.
Azərbaycanın neft strategiyası çərçivəsində imzalanan müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox davam etdirildi və müqavilə 1994-cü ilin sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının və bu günkü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən biri kimi qiymətləndirərək demişdir: “Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm”.
Bu müqavilənin yenidən milli istiqlalını qazanan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında müstəsna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. “Əsrin müqaviləsi” imzalanan zaman adları çəkilən üç yataqdakı enerji ehtiyatları 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilmişdir. Lakin sonrakı dövrdə aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsində həmin yataqlarda çıxarıla bilən neft ehtiyatının təqribən bir milyard ton, qaz ehtiyatının isə 300 milyard kubmetrə yaxın olduğu təsdiqləndi.
Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır-fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilməsini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamnamə sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərdə tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılmışdır. Burada həm icraedici, həm qanunverici hakimiyyətin, həm də ictimaiyyətin nümayəndələri təmsil olunur. Bu gün artıq həqiqətə, reallığa çevrilən BTC də, Bakı-Novorossiysk də, Bakı-Supsa da hələ uzun illər boyu xalqımıza, ölkəmizə fayda gətirəcək, hər bir vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edəcəkdir. Çünki Azərbaycan nefti xalqımıza məxsusdur, onun sərəncamçısı da, yiyəsi də Azərbaycan xalqıdır, millətimizdir. Bu gün Dövlət Neft Şirkətində həyata keçirilən tədbirlər, proqram və layihələr də məhz bu ali məqsədin reallaşmasına xidmət edir.
“Əsrin müqaviləsi” üzrə işlərin ilkin mərhələsində bir şox xarici investorlar Azərbaycanda neft ehtiyatlarının nəzərdə tutulduğundan az ola biləcəyindən ehtiyat edərək yeni iri neft kəmərinin tikintisinə tələsmirdi. Buna görə də ilk Azərbaycan neftinin Avropaya və dünya bazarlarına çıxarılması üçün 1998-ci ildə Bakı-Novorossiysk (Şimal marşrutu, Rusiya), 1999-cu ildə isə Bakı-Supsa (Qərb marşrutu, Gürcüstan) neft kəmərləri tikilib istifadəyə verilmişdir. Bu kəmərlərin birlikdə illik ötürmə qabiliyyəti maksimum 20 milyon ton təşkil edirdi. Lakin Azərbaycandakı neft ehtiyatlarının potensial həcmindən çıxış edən Ulu öndər əsas ixrac boru kəmərinin əlverişli marşrut əsasında çəkilməsinə çalışırdı. Gərgin siyasi-diplomatik əmək sərf edərək əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutunun seçilməsinə nail olan dahi lider 2002-ci ildə kəmərin Bakıda tikintisinə start verdi. Təsadüfü deyil ki, bu möhtəşəm mühəndis qurğusunun fəaliyyətə başlamasında Ümummilli liderin müstəsna xidmətləri nəzərə alınaraq kəmərə onun adı verilmişdir. Bakı-Tbilisi-Ceyhan öz miqyas və əhəmiyyətinə görə digərlərindən kəskin fərqlənir-2006-cı ilin iyulunda rəsmi açılışı olan əsas ixrac boru kəmərinin uzunluğu 1769 km, illik ötürmə qabiliyyəti 50 milyon tondur (gün ərzində bir milyon barrel). İnşasına dörd milyard ABŞ dolları həcmində investisiya qoyulan kəmərin tikintisində 22 min insan çalışmışdır-Bakıdan ötürülən xam neft Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına 10 günə çatır.
1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan Azərbaycanın neft strategiyası çərçivəsində bu günə kimi xarici neft şirkətləri ilə ümumilikdə 27 neft sazişi imzalanmışdır-həmin sazişlər üzrə birgə işlənilməsi nəzərdə tutulan perspektiv strukturların sayı 30-dur: bu sazişlərdən 15-i Xəzərin Azərbaycan sektorunu, 12-si isə quru sahələri əhatə edir. Bu sazişlərdə Azərbaycan hökumətinin tərəfdaşları dünyanın 21 ölkəsini təmsil edən 43 şirkətdir-proqnozlara görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlənilməsinə və nəqlinə ümumi sərmayə qoyuluşu 60 milyard ABŞ dolları həcmində olacaqdır. Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu quruldu. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başladı. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının kəşfiyyat və hasilatını öz üzərlərinə götürmüşdür.
“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Ulu öndər tərəfindən Bakıda beynəlxalq nüfuza malik “Xəzərneftqaz” sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyuldu-bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi-sərgi-konfransın Azərbaycan neft strategiyasının həyata keçirilməsində böyük rolu olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıtdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi. 2007-ci ildə geoloqların elan etdiyi kəşfiyyat-axtarış işlərinin yekunlarına görə, yataq bir trilyon kubmetr qaz ehtiyatına malikdir. 1996-cı ildə imzalanan “Şahdəniz” yatağının birgə işlənilməsi müqaviləsi bu gün Azərbaycanın neft strategiyası çərçivəsində “Əsrin müqaviləsi”ndən sonra icrasına başlanan və real nəticələri olan ikinci iri layihədir. 2006-cı ilin dekabrında yatağın genişmiqyaslı mənimsənilməsinə başlanılmışdır. 2005-ci ildə “Şahdəniz” qaz yatağının zəngin ehtiyatlarını dünya bazarına ixracını təmin edən digər miqyaslı layihənin - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə start verildi və 2007-ci ilin əvvəllərindən kəmərin istismarına başlanıldı. Bu kəmərin ümumi uzunluğu 971 km, diametri 1066 mm (42 düymə), keçirmə qabiliyyəti 20 milyard kubmetrə qədərdir.
Mərkəzi Asiya neftinin və təbii qazının Avropaya nəqli üçün Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən iri layihələr, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Transxəzər və Nabukko kimi genişmiqyaslı layihələrin meydana çıxmasına əsas səbəb kimi göstərilir. Bunlar isə öz növbəsində Azərbaycan üçün tranzit ölkə kimi həm siyasi, həm də iqtisadi baxımdan əlverişli faktlardır. Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir. Bütün bunları əvvəlcədən görən Ümummilli lider ”Əsrin müqaviləsi”nin imzalanması mərasimində söylədiyi tarixi nitqində demişdir: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.
”Əsrin müqaviləsi” ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapmışdır. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Ulu öndər verdiyi müsahibələrin birində “Əsrin müqaviləsi”nin “dar və təhlükəli cığırla” keçərək ərsəyə gəldiyini bildirmişdir. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluna çevrilmişdir. Ümummilli liderin neft strategiyasının perspektivinə qiymət verərkən dediyi bu fikir yerinə düşür: “Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir”.
Bu gün Azərbaycan öz inkişaf tempinə görə Qafqazda lider ölkədir. Bütün bunların əsası, özülü isə Ümummilli lider tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə gələcəyə doğru addımlayır, ölkəmizdə qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir, “Əsrin müqaviləsi” reallaşır. Ulu öndər hakimiyyətə qayıdarkən müstəqilliyini yeni qazanmış ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya idi. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi o ağır məqamda dahi şəxsiyyət, müdrik siyasi xadimin atdığı qəti addımlar, yürütdüyü tarazlı daxili və xarici siyasət ölkəni bürümüş dərin böhranı aradan qaldırdı, xalqımızı üzləşdiyi fəlakətlərdən xilas etdi. Ümummilli lider qısa müddətdə respublikada möhkəm ictimai-siyasi sabitlik yaratdı, yeni dövr üçün Azərbaycanın iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi və ölkənin bazar iqtisadiyyatı yolunda irəliləməsi üçün misilsiz işlər gördü, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından son dərəcə səmərəli istifadə edilməsini vacib sayaraq yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsinə, Azərbaycanın zəngin neft-qaz yataqlarının mənimsənilməsi, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasına nail oldu. Çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görən ulu öndər siyasi iradəsi hesabına bu istiqamətdə aparılan danışıqları uğurla sona çatdırdı. Azərbaycan MDB məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu.
“Əsrin müqaviləsi” Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycanda neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir-bu beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu. “Əsrin müqaviləsi” Azərbaycanda digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. 1999-cu ilin iyun ayından etibarən bp Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti-ABƏŞ-in vahid operatorudur. ABƏŞ-in iş proqramlarını və xüsusi layihələrin büdcəsini ARDNŞ, Azərbaycan hökuməti və xarici neft şirkətlərinin təmsilçilərindən ibarət Rəhbər Komitə təsdiq edir. 14 sentyabr 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı-başqa sözlə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılmışdır. Mərasimdə çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu gün imzalanan sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında “Əsrin müqaviləsi”nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə “Əsrin müqaviləsi” yaratmışdır”. BP-nin baş icraçı direktoru Robert Dadli imzalanma mərasimində demişdir ki, “Heydər Əliyevin əməyinin bəhrəsi olan yeni saziş çərçivəsində yatırılacaq sərmayənin məbləği 40 mlrd. dolları ötəcək. Bütün bu nailiyyətlər yalnız mərhum prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Altı fərqli ölkədən olan on bir şirkət SOCAR ilə birlikdə ölkənin enerji yolunda yeni bir səhifə açdı. 1994-cü ildə sentyabr ayının məhz həmin əlamətdar günündə mərhum prezident Heydər Əliyev “Azərbaycanın həyatında yeni dövrün başlandığını” demişdir-o, haqlı idi-Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənməsində və eləcə də həmin ehtiyatların dünya bazarlarına nəql edilməsində möhtəşəm nailiyyətlər əldə olunmuşdur”.
“Əsrin müqaviləsi” beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə töhfədir. Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti