PDF Oxu

Siyasət

  • 2 215

Səmərəli əməkdaşlığın siyasi göstəriciləri ŞƏRH

image

Məlumdur ki, 14 sentyabr tarixində Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir. Prezident cənab İlham Əliyevin Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatların tədbirlərinə fəxri qonaq kimi dəvət olunması ölkə başçımızın güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Təkcə son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Prezident İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri zamanı iki ölkənin rəhbəri təkbətək görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin bu ilin aprel ayında Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər. Həmin səfər zamanı iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür.

Cənab Prezident İlham Əliyev də öz çıxışında bu görüşdən çox şad olduğunu və “ ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük” deyə qeyd etmişdir.Azərbaycanda həmçinin Qərblə Şərqi birləşdirən müasir və iqtisadi cəhətdən səmərəli nəqliyyat-loqistika şəbəkəsi yaradılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalar üçün ən səmərəli bir marşrut xəttidir. Bu marşrut vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır. Qürurla söyləyə bilərik ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın imkanlarından istifadə edərək Mərkəzi Asiya dövlətlərindən Avropaya daşınan yüklərin həcmi artacaq ki, bunun nəticəsində bu ölkələr öz iqtisadiyyatlarını xeyli yüksəltmiş olacaqlar.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər