Siyasət

  • 2 376

Uğurla başa çatdırılmış antiterror tədbirləri ŞƏRH

image

Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. 2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.
44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Müzəffər Ordumuzun bu il sentyabrın 19-da Qarabağ bölgəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə yenilməz, məğrur Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi.
Ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan artıq bütün ərazisinə nəzarət edəcək. Növbəti qələbəmiz nəticəsində ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Bu müraciət, əslində, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Müraciətdə Dövlətimizin başçısı bildirmişdir ki, cari ilin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs olmaqla mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular. Birbaşa dialoq üçün lazımi addımlar atılıb. Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə hazırdırlar. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. Onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.
Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı olan baxışlarımızı çatdıracağıq. Qarabağda yaşayacaq ermənilərin bütün hüquqları təmin ediləcək - təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçki hüquqları. İşğaldan azad olunmuş bütün ərazilər inkişaf edəcəkdir. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.
Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər