Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyətini, gələcək inkişaf istiqamətlərini və ölkəmizin Cənub-Şərqi Asiya regionunda artan iqtisadi-siyasi maraqlarını aydın şəkildə əks etdirir. Artıq coğrafi uzaqlıq ölkələrin yaxınlaşmasına mane olmur. Bakı ilə Hanoy arasındakı münasibətlər sadəcə ənənəvi dostluq çərçivəsindən çıxıb, ciddi strateji tərəfdaşlığa çevrilir. Fikrimcə, bu münasibətlərin ən böyük üstünlüyü onun möhkəm təməlidir. Söhbət yenicə yaranmış siyasi yaxınlaşmadan getmir. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama getməsi — bunlar hamısı bu gün bizə çox böyük bir "etimad kapitalı" qazandırıb. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması isə elə bir qırılmaz və səmimi bağ yaradıb ki, onu heç bir rəsmi sənədlə əvəz etmək mümkün deyil. Bu gün həmin insanlar Vyetnamda müxtəlif sahələrdə çalışırlar və iki ölkə arasında canlı körpü rolunu oynayırlar. İndi isə bu tarixi dostluq tamamilə yeni bir mərhələyə qədəm qoyub. Ötən ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Bu isə o deməkdir ki, artıq təkcə diplomatik dəstəkdən yox, müdafiə sənayesi, kibertəhlükəsizlik kimi çox həssas və yüksək etimad tələb edən sahələrdə əməkdaşlıqdan danışırıq.
İqtisadi tərəfdən nəzər salsaq, 2025-ci ilin yekunlarına görə ticarət dövriyyəmiz 150 milyon dollardan çoxdur. Həm Vyetnamın sürətlə böyüyən istehsal gücünü, həm də Azərbaycanın enerji və investisiya imkanlarını nəzərə alsaq, bu rəqəm hələ başlanğıcdır. SOCAR ilə "PetroVietnam" arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının birgə kəşfiyyatı və mütəxəssis hazırlığı baxımından böyük perspektivlər açır. Ən sevindirici məqam isə nəqliyyat və logistika sahəsindəki nəticələrdir. Bizim Orta Dəhliz və Şimal-Cənub marşrutu üzərində yerləşməyimiz Vyetnam malları üçün Avropaya açılan çox əlverişli qapıdır. Təsəvvür edin ki, 2026-cı ilin ilk doqquz ayında Vyetnam istiqamətində tranzit daşımaları ötən illə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçib. Bu artıq kağız üzərindəki plan deyil, real iqtisadi nəticədir. Təbii ki, bütün bunların davamlı olması üçün xalqlar arasında da əlaqə qırılmamalıdır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və sosial layihələr, universitetlərarası proqramlar məhz dövlətlərarası sazişləri insanlar səviyyəsində möhkəmləndirməyə xidmət edir. Bu gün Vyetnam sürətlə inkişaf edən iqtisadiyyata, geniş istehsal imkanlarına malikdir. Azərbaycan əlverişli coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və investisiya imkanları ilə bu əməkdaşlıqda mühüm və əvəzolunmaz bir tərəfdaşdır. Mövcud siyasi iradəni konkret investisiya layihələrinə, qarşılıqlı ticarətin artımına və uzunmüddətli iqtisadi nəticələrə çevirmək əsas prioritetlərimizdəndir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müsahibəsində ifadə olunan yanaşma göstərir ki, Azərbaycan xarici siyasətində Cənub-Şərqi Asiya kimi perspektivli bir regiona ciddi şəkildə inteqrasiya edir. Keçmişdən gələn səmimi və qırılmaz dostluğumuz artıq var,siyasi iradə də göz önündədir.İndi əsas məsələ bu güclü bazanı daha böyük investisiyalara, artan ticarətə və ortaq iqtisadi uğurlara çevirməkdir. Bu yolda Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və xalqımıza uğurlar arzulayırıq!
Sevinc Həsənova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ
Strateji inkişaf,qiymətləndirmə və monotorinq sektor müdiri
YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri