Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyətini, inkişaf istiqamətlərini və gələcək əməkdaşlığın perspektivlərini əks etdirən mühüm siyasi məzmunlu çıxışdır. Müsahibədə Azərbaycan–Vyetnam əlaqələrinin tarixi kökləri, strateji tərəfdaşlığın əhəmiyyəti, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar sahədə həyata keçirilən layihələr və xalqlarımız arasında mədəni dialoqun rolu geniş şəkildə diqqətə çatdırılmışdır.Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanaraq müxtəlif regionlarla əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzunmüddətli tarixi dostluq, qarşılıqlı etimad və əməkdaşlıq ənənələrinə söykənir. Bu əlaqələrin təməli ötən əsrin ortalarında qoyulmuş, zaman keçdikcə siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən geniş əməkdaşlıq sisteminə çevrilmişdir. 1959-cu ildə Vyetnamın dövlət xadimi Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnamda olması ikitərəfli münasibətlərin tarixində mühüm hadisələr kimi yadda qalmışdır. Ümummilli Lider Heydər Əliyevin Vyetnam səfəri zamanı nümayiş etdirdiyi diqqət və təşəbbüskarlıq iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan vermişdir. Həmin səfərin geniş coğrafiyanı əhatə etməsi, keçirilən görüşlər və əldə olunan razılaşmalar gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən mühüm siyasi və iqtisadi əsas yaratmışdır. Bu tarixi irs bu gün də Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında öz əhəmiyyətini qoruyur. Azərbaycan və Vyetnam arasında mövcud dostluq münasibətləri artıq daha konkret hədəflərə, qarşılıqlı maraqlara və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanır. Siyasi dialoqun intensivləşdirilməsi, hökumətlərarası komissiyaların fəaliyyəti, parlamentlərarası əlaqələr və hakim partiyalar arasında əməkdaşlıq tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Bu sahədə həyata keçirilən tədbirlər dövlətlərarası əlaqələrin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də insanların mənəvi yaxınlığına, dostluq münasibətlərinə və ortaq dəyərlərə əsaslandığını nümayiş etdirir.Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr də əlaqələrin möhkəmləndirilməsində mühüm yer tutur. Təhsil və sosial sahələrdə görülən işlər, xüsusilə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi kimi layihələr Azərbaycan xalqının dost Vyetnam xalqına münasibətinin, humanizm və xeyirxahlıq prinsiplərinə sadiqliyinin təzahürüdür. Azərbaycan və Vyetnam arasında mədəni münasibətlər uzun tarixə malikdir. Bu əlaqələr musiqi, kino, ədəbiyyat, incəsənət və digər yaradıcılıq sahələrində özünü göstərmiş, xalqlarımızın mənəvi dünyasının qarşılıqlı zənginləşməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğunu və müasir dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqləyir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi əlaqələrin möhkəmləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, humanitar əməkdaşlığın inkişafı və mədəni dialoqun davam etdirilməsi üçün mühüm yol xəritəsidir. Azərbaycanın həyata keçirdiyi müstəqil, praqmatik və çoxşaxəli xarici siyasət ölkəmizin müxtəlif regionlarla qarşılıqlı faydalı münasibətlər qurmasına imkan verir. Vyetnamla əməkdaşlıq da bu siyasətin mühüm istiqamətlərindən biri olmaqla, qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların üzərində qurulur. Tarixi dostluq ənənələrinin müasir strateji tərəfdaşlıqla birləşməsi Azərbaycan və Vyetnamın gələcəkdə daha böyük layihələr həyata keçirməsinə, iqtisadi və humanitar əlaqələri genişləndirməsinə, beynəlxalq platformalarda əməkdaşlığını gücləndirməsinə zəmin yaradır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini