Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
Yaşadığımız 2023-cü ildə Ulu Öndərin anadan olmasından 100, Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən 30 il ötür. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ”Heydər Əliyev İli” elan olunmuş və bu il Ulu Öndərin 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilmişdir. Bütün bunlar isə dahi şəxsiyyətə böyük ehtiramın, yüksək qiymətin əyani göstəricisidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter almış, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilmişdir. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub.
1993-cü ilin 3 oktyabr seçimi
Bu seçim həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradıldı.
1993-cü ildən tarixin qara səhifələri bağlandı və qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Böyük Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi.
Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.
Bəli, ötən 20 ilin hər saatında, hər anında Ulu Öndərimizin tapşırıq və tövsiyələrinin yerinə yetirildiyini görürük. Həm də çox yüksək səviyyədə. Bu tapşırıq və tövsiyələrin yerinə yetirilməsində bütün cəmiyyətimizin səfərbər olduğunu da görmək mümkün olub. Çünki Ulu Öndər Azərbaycan üçün nə qədər əzizdirsə, onun tapşırıq və tövsiyələrinin bu xalqın nümayəndələri tərəfindən yerinə yetirilməsi bir o qədər qürurvericidir. Biz bütün işlərdə həmişə dövlətimizin başçısının arxasında olmuşuq.
Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə deyirdi: Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.
Böyük Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Tarixi faktlara nəzər salarkən...
Azərbaycana rəhbərliyinin birinci dövründə də Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Xalqın taleyinin bu mərhələsində - azadlıq və müstəqillik duyğularının artdığı həmin illərdə Ulu Öndər həmin duyğuları alovlandırdı ki, bu da illər sonra müstəqilliyimizin bərpası ilə nəticələndi.
Hələ 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərkən ölkənin ictimai-siyasi həyatında anarxiya və hakimiyyətdaxili intriqalar baş alıb gedirdi. Azərbaycan sosial-iqtisadi cəhətdən durğunluğun və dərin böhranın yaşandığı geridə qalmış ölkə idi.
Ulu Öndər Heydər Əliyev dövlət təhlükəsizliyi sistemində işlədiyi ilk gündən əldə etdiyi imkandan istifadə edib böyük vətənpərvərlik və uzaqgörənlik ruhunda öz doğma xalqına xidmət etmişdi. DTK-nın rəhbər strukturlarındakı fəaliyyəti dövründə bu orqanın azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərən Ümummilli Liderimiz respublikaya rəhbərliyə başlayan kimi qısa müddətdə idarəçilik sistemini xeyli möhkəmlətmiş, sosial-iqtisadi tədbirlər həyata keçirmiş, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başlamışdır. Aparılan ardıcıl mübarizə nəticəsində qısa müddətdə Azərbaycanda əlverişli sosial-iqtisadi və mənəvi-siyasi şərait yaradılmışdır.
1970-1980-ci illərdə neft-qaz hasilatı sənayesinə və neftayırma zavodlarının yenidən qurulmasına 4 milyard manatdan çox vəsait qoyulmuşdur. Nəticədə, 1980-ci illərin sonunda Azərbaycan keçmiş SSRİ-də istehsal olunan neftçıxarma texnikasının üçdə iki hissəsini verir, neft maşınqayırma sahəsində ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu. 1969-1982-ci illərdə 213 iri sənaye müəssisəsi tikilmiş, sənaye məhsulu istehsalı 2,7 dəfə artaraq əvvəlki 50 ildə olduğu qədər – 101,5 milyard manatlıq məhsul istehsal edilmiş, Azərbaycan sənaye məhsulunun istehsal artımına görə SSRİ-də birinci yerə çıxmışdı. Bakı SSRİ-nin əsas sənaye mərkəzlərindən və beş böyük şəhərindən birinə çevrilmişdi. Azərbaycanın 120-dək müəssisəsində istehsal olunan 350 növ məhsul dünyanın 80 ölkəsinə satılırdı. İxracla idxal arasında 1,5-2 milyard manatlıq müsbət saldo yaranmışdı.
Meliorasiya və su təsərrüfatı kompleksinə qoyulan vəsaitin məbləği (2 milyard manat) əvvəlki 50 il ərzində bu sahəyə qoyulan vəsaitdən 2,5 dəfə çox olmuşdu. Kənd təsərrüfatının məcmu məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmiş, məhsul artımı 11,1 milyard manata çatmışdı. Bu dövrdə 7,7 min kilometr şose, 260 kilometr dəmir yolları çəkilmişdi. 1985-ci ildə Bakı limanından dünyanın 120 limanına gəmilər səfər edir, paytaxtdan respublikanın 12, SSRİ-nin 80 şəhərinə təyyarələr uçurdu. Bakı metropoliteninin 8 yeni stansiyası istismara verilmişdi.
1969-1982-ci illərdə 18,5 milyon kvadratmetr mənzil sahəsi (376,1 min yeni mənzil) istifadəyə verilmiş, 2,2 milyondan çox adam, yəni respublikanın hər üç sakinindən biri yeni evdə məskunlaşmışdı. 1970-1982-ci illərdə iqtisadiyyatın inkişafına 23,9 milyard manat vəsait qoyulmuşdu ki, bu da əvvəlki 50 ildəkindən 1,4 dəfə çox idi. Bu zaman milli gəlirin yalnız artım hissəsi 5 milyard 370 milyon manat təşkil etmiş, onun adambaşına düşən hissəsi 2 dəfə artmış, 633 min yeni iş yeri yaradılmışdı.
Məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 6 yeni ali məktəb yaradılmışdı. 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil alaraq yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. 1971-ci il iyul ayının 28-də Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmış, 1970-80-ci illərdə SSRİ-nin ali hərbi məktəblərində iki mindən çox azərbaycanlı zabit hazırlanmışdı. Qısa müddətdə SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikilmişdi.
1970-1980-ci illərdə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 44 muzey, 50 min yerlik 111 kinoteatr istifadəyə verilmişdi. 1980-ci ilin sonunda respublikada artıq ümumi kitab fondu 31,7 milyon nüsxə olan 3858 kütləvi kitabxana, 3212 klub və mədəniyyət evi, 2300 kino qurğusu var idi. 21 min yerlik xəstəxana və poliklinika istifadəyə verilmişdi.
1978-ci il Konstitusiyasında Azərbaycan dilinin ali səviyyədə rəsmi dil statusu alması, oncildlik Azərbaycan Sovet Ensiklopediyasının, üçcildlik “Müasir Azərbaycan dili” dərsliyinin işıq üzü görməsi, “Türkologiya” jurnalının nəşrə başlaması, Azərbaycan ziyalılarının imperiyanın təqiblərindən qorunması, görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimlərinə dövlət mükafatlarının, fəxri adların verilməsi, onların yubileylərinin keçirilməsi, abidələrinin qoyulması, milli ruhlu tarixi filmlərin çəkilişi, mədəniyyət kollektivlərinin və rəssamların qastrol və sərgilərinin təşkili və sair bu kimi faktlar 1970-80-ci illərdə milli-mənəvi həyatın və milli özünüdərk prosesinin sürətli dirçəlişini səciyyələndirirdi.
Beləliklə, Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
Bütün bu göstəricilər Ulu Öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə də daha fərqli bir şəkildə əldə olunmuşdur. Belə ki, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan yenidən qurulmuş, Azərbaycanda Yeni Azərbaycan yaradılmışdır.
Ümummilli Liderimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi müstəqilliyimizin xilası oldu
1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvanın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladıqları böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlətə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı.
Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”
Beləliklə, Ulu Öndər 1990-cı ildə Naxçıvana qayıtmasaydı, Naxçıvan indi yox idi. Qədim diyar həmin illərin qurbanı olmuş, Qarabağ kimi işğal edilmiş, naxçıvanlılar isə aclıq-səfalət içərisində məhv olmuşdu. Heydər Əliyevin Naxçıvana gəlməsi ermənilər tərəfindən sərhədlərində müharibə aparılan və blokadaya salınan diyarın xilası oldu. Və son 30 ildə Naxçıvanın inkişafı da 1990-cı illərdə Ulu Öndər tərəfindən həyata keçirilən və gələcəyə hesablanmış tədbirlərin nəticəsində reallaşmışdır. Bununla əlaqədar Prezident cənab İlham Əliyevin də dəyərli fikirlərini xatırlamaq yerinə düşər: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.
Müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətindir
Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.
Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi olacaqdı.
Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Zaman sübut etdi ki...
Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və müasir dövrə uyğunlaşdıran Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi aləmində özünəməxsus yeri ilə seçilir. Bütün dünya dövlətləri onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. Bu gün dünyanın hər yerində söhbət Azərbaycandan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gedir.
2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət də təkcə Ulu Öndərin deyil, bütövlükdə, Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu Öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “...Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Zaman və tarix sübut edib ki, Ulu Öndərimiz siyasətdə heç zaman yanılmayıb. Ötən 20 ildə bunun bir daha şahidi olduq. Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə şahid olduq. Sıravi vətəndaşdan tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan böyüyə hər kəsə qayğıda, ehtiramda gördük. Ölkə rəhbərinin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına qayğısında gördük. Ötən 20 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsində, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsində gördük. Nə üçün əsasən, ordu quruculuğu məsələsinin üzərinə gəldim? Çünki ölkəmizdə insanlar illərlə torpaq həsrəti ilə yaşayırdılar. Onları ən çox düşündürən yurd yerlərinə qovuşmaq idi. Nə qədər inkişaf etmiş bir ölkədə yaşasalar da, hərtərəfli qayğı ilə əhatə olunsalar da, qaçqınlıq və köçkünlük acısından, yurd həsrətindən özlərini narahat hiss edirdilər. Onlar öz torpaqlarını istəyirdilər. Qarabağ Azərbaycanın yarası idi. Bu yara sağalardısa, Azərbaycan tam ola bilərdi. Bütün bunlar isə dövlətimizin başçısının daim diqqətində olan məsələlər idi.
Azərbaycanın ərazi bütövlüyü təmin edildi
“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçısının rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizidir. O mənada ki, xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır. Xalq bir gün öz əzəli torpaqlarını da geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin”,- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu.
Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.
Tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri və ölkəmizin bugünkü inkişafı ötən 20 ilin hər anında Prezidentimizin praqmatik fəaliyyətinin nəticələridir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Bəli, qürur duyuruq ki, Ulu Öndərimizin siyasi yolu uğurla davam etdirilir. Qürur duyuruq ki, ötən 100 və ayrıca olaraq 30 ilin fövqündə Azərbaycan bu qədər nailiyyətlər əldə edib.
Mətanət Məmmədova