Siyasət

  • 14 808

Əli Kərimli və Tofiq Yaqublu düşmən mövqeyində dayanmağa üstünlük verirlər ANALİZ

image

Vətənin hər bir qarışı doğmadır, əzizdir. Kimsə Vətəninə fərqli prizmadan baxırsa və haqqında ziddiyyətli fikirlər söyləyirsə, deməli, onun qanında düşmənin maraqlarına cavab verən elementlər var. Yəni, heç bir halda nədənsə və kimdənsə narazı qalmağından asılı olmayaraq dövlətin və xalqın haqqında yanlış mövqe sərgiləmək olmaz. Böyük şairimiz Abbas Səhhət nə gözəl deyib: “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Təəssüflər olsun ki, Azərbaycan siyasi arenasında dövlətçiliyə qarşı bəzi müxalif ünsürlərin qərəzli mövqeləri onu deməyə əsas verir ki, aramızda vətəninə qarşı vicdansızlıq edənlər var. Hansı ki, bu şəxslər xarici maraqlı dairələrin ayırdıqları qəpik-quruşa aldanıb Azərbaycan dövlətinin imicinə xələl gətirməyə çalışır, xalqın heysiyyatına toxunan açıqlamalar verirlər. Elə məqamlar olur ki, dağıdıcı müxalif partiya funksionerləri açıq şəkildə erməni revanşistləri kimi fikirlər yürüdürlər. Bu halda onların azərbaycanlı olmalarına şübhələr yaranır. Düşünürsən ki, Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etdiyi halda necə ola bilər ki, özlərini azərbaycanlı kimi təqdim edən şəxslər birbaşa erməni dığaları kimi açıqlamalar verərlər.

Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri müstəqil olmadıqlarından qara fikirlərini və niyyətlərini dayandırmaq fikrində deyillər

Əli Kərimli deyir ki, “Rusiya sülhməramlıları Qarabağdan çıxmadıqları üçün qələbəmiz yarımçıqdır”. Bu məxluq anlamır ki, dünənə qədər televiziyalardan, sosial şəbəkələrdən Qarabağımızı seyr etdiyimiz halda, bu gün biz Xankəndidəyik, Xocalıdayıq, Ağdərədəyik və digər 30 il işğal altında olmuş ərazilərdəyik, hər yerdə üçrəngli bayrağımız dalğalanır. Heç bir hərəkətimizə və fəaliyyətimizə heç bir qüvvə, o cümlədən, rus sülhməramlıları mane ola bilmir və təbii ki, ola bilməzlər də. Vaxtı çatanda onlar da bölgəni tərk edəcəklər. Zamanında Qəbələ RLS-də də rus hərbi qüvvələri vardı, sonradan onlar ərazini tərk etdilər. Eləcə də Xankəndi ətrafından da rus sülhməramlıları gedəcəkləri şübhəsizdir. Sadəcə, gözləmək və Prezidentimizin atacağı addımları və verəcəyi qərarları izləmək lazımdır. Dəstək göstərmək, yardımçı olmaq qabiliyyətindən uzaqsınız, heç olmasa susun, danışmayın. Görünən isə ondan ibarətdir ki, Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri müstəqil olmadıqlarından qara fikirlərini və niyyətlərini dayandırmaq fikrində deyillər, əksinə, daha böyük həvəslə anormal fəaliyyətlərini davam etdirirlər. Hətta arada bir fars-molla rejiminin əmmaməli mollalarının və revanşist ermənilərin istəklərinə uyğun ifadələr də səsləndirirlər. Milli Şuranın zədəli üzvü T.Yaqublu sayıqlayır ki, Zəngəzur dəhlizi açılmamalıdır. Bu yerdə 2023-cü il iyunun 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Zəngəzur dəhlizinin açılmasına əngəlləməyə çalışan qüvvələrin adını çəkməsi düşdü. Erməni nazir olanları dilə gətirərək bildirir ki, fars-molla rejimi Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır: “Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İran mane olur”.

T.Yaqublu üçün əxlaq, mənəviyyat deyilən anlayış yoxdur

T.Yaqublunun Zəngəzur dəhlizi ilə bağlı separatçı fikirlər söyləməsi onu deməyə əsas verir ki, bu məxluq özünün deyil, fars-molla rejiminin istəklərini dilə gətirir. Təbii ki, qarşılığında maliyyə vəsaiti əldə edir. Ümumiyyətlə, faktlara əsaslansaq məlum olur ki, T.Yaqublu üçün əxlaq, mənəviyyat deyilən anlayış yoxdur. Məqsədi və hədəfi ancaq pul əldə etməkdir. Bu istəyini reallaşdırmaq üçün hər cür iyrənc vasitə və üsullardan istifadə edir. Onun üçün fərqi yoxdur kimin qucağında və nəyin üstündə oturur. Dünən gözünü Avropanın fondlarına dikmişdirsə, bu gün cibini fars-molla rejiminə açır. Bu üzdəniraq məxluq hər yerə başını soxmağa çalışır. Gah fars-molla rejiminin, gah erməni revanşistlərin maraqlarından, gah da Qərbin doymuş məhlullarının istək və arzularına uyğun mövqe ifadə edir. Müəyyən məqamlarda dünən hörmətsizlik edib, tənqid etdiyi rəqiblərini, bu gün göstərişlərə əsasən xoş sözlər söyləyir. Misal üçün yada salmaq lazımdır ki, 2014-cü ildə Müsavatın rüsvayçı qurultayından sonra Qubad İbadoğlu başının dəstəsi ilə partiyanı tərk etdiyi zaman T.Yaqublu bir növ Q.İbadoğlunu tənqid və təhqir edənlərin sırasında ön cərgədə durmuşdu. Elə ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçildi T.Yaqublu mövqeyini sifarişlərə əsasən dəyişib başladı keçmiş rəqibini müdafiə etməyə. Halbuki, Q.İbadoğlunun qardaşı, deputat Vüqar Bayramov bildirib ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. V.Bayramov qardaşının həbsi üzərindən siyasi divident qazanmağa çalışanları da ittiham edib. Bildirib ki, cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar, sadəcə, təəssüf doğurur. Söz yox ki, V.Bayramov “ciddi qəbul olunmayan bir sıra fiqurlar” deyərkən T.Yaqublunu, Ə.Kərimlini və digər boşboğazları nəzərdə tutur. Həmin boşboğazlar isə ətəklərində daşları yerə atmaq fikrində deyillər. Çünki xaricdəki ağaları əks halda onları tənbeh edər və ciblərini boş qoyar. Bu baxımdan hələ ki, deyingən qarı kimi deyinirlər. Lakin bu deyinməyin də bir gün sonu olacaq və onlar da Q.İbadoğlu kimi ədalət məhkəməsi qarşısına çıxarılaraq etdikləri bəd əməllərə görə layiqli cəzalarını alacaqlar.

İ.ƏLİYEV

Digər xəbərlər