“Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd kimi mənim varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!”.
Ulu Öndər HEYDƏR ƏLİYEV
Hər bir xalqın tarixində onun inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Azərbaycan xalqı da dövlətimizin tarixində təkrarolunmaz şəxsiyyət Ümummilli liderimiz Heydər Əliyevi yetişdirmişdir. Bütün mənalı ömrünü vətəninə, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyev siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti ilə dərin izlər buraxmışdır. Heydər Əliyev öz istedadı nəticəsində müstəqil, müasir və qüdrətli Azərbaycan yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Ulu Öndər bir-birindən iqtisadi, siyasi-ideoloji xüsusiyyətlərinə görə kəskin fərqlənən iki fərqli dövrdə Azərbaycana rəhbərlik etmişdir. Birinci dövrü qiymətləndirərkən möhtərəm prezidentimiz İlham Əliyev bildirmişdir: “Müstəqil olmamasına və Sovet İttifaqında müəyyən ideoloji çərçivələrə baxmayaraq Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan respublikalar arasında ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir. SSRİ dağıldıqdan sonra ittifaq tərkibində olan başqa respublikalar kimi 1991-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının da dövlət müstəqilliyi bərpa olundu. Çox çətin bir dövr idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın ardıcıl olaraq işğal edilməsi və başqa problemlər respublikamızın müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmasına səbəb olurdu. Ölkədə xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran dərinləşir, bir-birini əvəz edən iqtidarların səriştəsiz siyasəti Azərbaycanı fəlakətə sürükləyirdi. Belə çətin dönəmdə Azərbaycan xalqının kömək umduğu yeganə qüdrət sahibi Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev xalqın israrlı tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtmaqla, xilaskar missiyasını yerinə yetirdi. Onun həyata keçirdiyi qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində ölkədə özbaşınalığa, xaosa son qoyuldu. Ermənistanın işğalçılıq müharibəsinin qarşısı alındı, səmərəli xarici siyasət kursunun həyata keçirilməsi ilə ölkəmizin xarici dövlətlərlə müvəqqəti hakimiyyət dövründə pozulmuş münasibətləri qaydaya salındı. Ümummili lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursu Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ məsələsində ölkəmizin haqlı və birmənalı yanaşmasının qlobal miqyasda dəstəklənməsi kimi hədəflərə yönəlmişdi. Heydər Əliyev bu məqsədlərə nail oldu. Azərbaycan regionun aparıcı dövlətinə çevrildi. Etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu. Beləliklə, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi daha da davamlı edən isə Ulu Öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri zamanı xalqa müraciəti oldu: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü il 1 oktyabr müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”. Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları görən xalqımız 2003-cü il oktyabr ayının 15-də keçirilən Prezident seçkisində fəal iştirak edərək İlham Əliyevə səs verməklə, onu dəstəkləyərək növbəti dövr üçün uğurlarımıza yol açdı. İlham Əliyev 76 faizdən çox səs toplayaraq ölkəmizdə Prezident seçildi. Prezident İlham Əliyevin andiçmə mərasimində ifadə etdiyi əminliyi bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır, bunun üçün ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Prezident İlham Əliyev hər zaman Heydər Əliyev siyasətinin yaşamasını zamanın tələbi adlandırıb: “Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasəti öz bəhrəsini verdi və beləliklə bu gün də biz hamımız Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu çox uğurla davam etdiririk. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, amma onun siyasəti, fəlsəfəsi yaşayır, yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır”.
Dövlətimizin başçısı İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi. Son 20 ildə onun müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı. Regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıldı, ümumilikdə həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edildi.
Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevirmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanmış, son 18 ildə uğurla davam etdirilmiş hərbi siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan vermişdir. Bu onunla əlaqədardır ki, İlham Əliyev prezident seçildiyi ilk illərdən iqtisadiyyatda, təhsil sistemində, səhiyyədə, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycana yeni uğurlar qazandırdı. Son 20 ildə Azərbaycanın təşəbbüsü və liderliyi ilə böyük enerji və nəqliyyat layihələri reallaşdırılmış, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi etmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin yüksək nüfuzunun və geostrateji əhəmiyyətinin göstəricisidir. Prezident seçildiyi ilk günlərdən cənab İlham Əliyev iqtisadiyyatda, təhsil sistemində, səhiyyədə, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Son 20 il ərzində Azərbaycanın təşəbbüsü və liderliyi ilə Trans-Anadolu, Trans-Adriatik qaz boru kəmərlərinin çəkilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunun bariz nümunəsidir. İlham Əliyevin təşəbbüsü ilə reallaşan Bakı-Tiflis-Qars dəmir yolu xətti isə bütün Asiya və Avropanı birləşdirdi. Prezidentimizin məqsədyönlü müdrik xarici siyasəti nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında siyasi, iqtisadi sahədə əməkdaşlıq əlaqələri yarandı. Hazırda Azərbaycanın təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac olunur. Ölkəmiz vaxtaşırı olaraq mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edir. Ölkə başçısı 2003-cü ildə Prezident seçilərkən xalqa verdiyi bütün vədləri yerinə yetirmişdir. Bu isə İlham Əliyevin güclü lider olduğunun göstəricisidir. Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı mötəbər prezidentimiz İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmiş və suverenliyi bərqərar olmuşdur. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində işğalçı qüvvələrə ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Rəşadətli ordumuz heyrətamiz qələbələr əldə etməklə, 44 günə 30 illik işğala son qoydu və dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün oldu. 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində isə bu il sentyabr ayının 19-na qədər Azərbaycanın Qarabağ bölgəsində 23 saat 43 dəqiqəlik antiterror əməliyyatı ilə respublika ərazisində separatizmə birdəfəlik son qoyuldu. Bu qələbədən sonra xalqımızın sevimli lideri İlham Əliyev fəxr və sevinc hissi ilə Azərbaycan bayrağını Xankəndi və digər şəhərlərimizdə dalğalandırdı. Prezidentimiz qətiyyətlə bütün dünyaya sübut etdi ki, Azərbaycan müstəqil dövlət olaraq yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadirdir və bundan sonra heç kəs onunla güc və təzyiq dili ilə danışa bilməz. Bununla da İlham Əliyev dünya azərbaycanlılarının və Türk dünyasının ürəyində özünə həmişəlik yer tutdu. Ulu Öndər Heydər Əliyev deyərdi: “Gün gələcək Azərbaycan Günəş kimi dünyaya işıq saçacaq”. İndi o gün gəlmişdir. Azərbaycanımız dünyaya işıq saçır. Bu Günəşin enerjisi xalqımızın İlham Əliyevə olan hörmət və məhəbbətidir. Çiçəklənən Azərbaycanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək və yeni-yeni böyük uğurlara imza atacaqdır.
Sultanəli Qurbanov
Səbail rayonu YAP “Ü.Hacıbəyli – 68” ƏPT sədri , ADPU-nun dosenti