Əvvəla demokratiya nədir, sualına aydınlıq gətirək. Bu söz birləşməsi yunan mənşəlidir, demos – xalq, kratos isə hakimiyyət deməkdir. Yəni, cəmiyyətin siyasi təşkili formasıdır, hakimiyyətin mənbəyinin xalq olmasıdır. Vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanan demokratiya budur. İlk baxışda sadə görünən mürəkkəb söz bəzi təşkilatların, dövlətlərin, siyasilərin dilində fərqli məna kəsb etməyə başlayıb. Ərazicə kiçik olan ölkələri təsir altına salmaq marağından çıxış edən supergüclərin bir bəhanəsi də demokratiya çatışmazlığı, yaxud bu nəsnənin olmamasıdır. Maraqlıdır, demokratiya problemi yaşayan dövlətlərin başqalarından bunu tələb etməsi hansı məntiqlə döğrudur. “Öz gözündə tiri görməyənlər, başqasının gözündə tük axtarır” misalı da tam yerində deyilir. Yalançı doğrudan, savadsız savaddan, ədalətsiz ədalətdən danışanda manasibətlər də, baxışlar da dəyişir. Bu gün dünyanın mizan tərəzisinin itməsində də bu amil böyük rol oynayır.
Demokratiya adlı bəhanələrlə rəngli inqilablar, iğtişaşlar, münaqişələr və müharibələrin törədildiyinə hər kəs şahiddir. Hamıdan daha çox ədalətdən, “xalq hakimiyyəti”ndən, yəni demokratiyadan danışan, boğazını yırtan Qərbdə hələ də apartheid, ayrıseçkilik, dinlər, millətlər arası nifrət siyasəti bütün baryerləri aşaraq sürətlə genişlənib. 1980-ci illərə qədər irqçilik ABŞ-da bir həyat tərzi idi. Qara dərililərin ağlarla bir avtobusda səyahət etmək problemi yaşanırdı. Hətta dərisinin rəngi qara olan afroamerikalı həyatını da itirə bilərdi. Bütün bunlar heç kimi narahat etmirdi, sanki bu, belə də olmalı idi. Amma ABŞ Sovet İttifaqına insan haqlarından “dərs” deməyə çalışırdı, bu ölkəni “xalqlar həbsxanası” adlandırırdı. Elə düşünməyin ki, özünə “demokratiyanın beşiyi” adlandıran Amerika mövqeyini dəyişib, tərbiyyələnib. Əksinə, daha da qəddarlaşıb, başqasını suçlamaqdan yorulmur, lazım bildiyi vaxt kimsədən icazə almadan, kimsənin rəyini dinləmədən planetin bu ucundan tutmuş, o biri ucuna qədər, istədiyi ölkənin, xalqın iç məsələsinə müdaxilə edir, çaxnaşma salır, nizam-tərəzisini pozur, demokratiya dəyənəyi ilə qarşısına keçənləri əzib-keçir.
Liviyada, Misirdə, İraqda, Suriyada, Ukraynada və nəhayət Yaxın Şərqdə yaşananlardan xəbərimiz var. Nə dəyişdi? Kimyəvi silahlar, terrorçular tapılmadığı kimi, bu ölkələrə demokratioya da gəlmədi, yaxud gətirilmədi. Deməli məqsəd cəmiyyəti demokratikləşdirmək deyilmiş. Liviyanın polkovnik lideri Müəmmar Qəddafi ölkəsində nəyi düz etmirdi? Xalqı üçün hər şey pulsuz idi. Ümumi bir sözlə ifadə etsək liviyalılar cənnətdə yaşayırdılar. Amma özlərinin bundan xəbəri yox idi. Yalnız əllərindəkini itirəndən sonar anladılar haradan hara gəldiklərini. Qəddafi BMT-nin tribunasından Qərbin iç üzünü açmışdı, onları ifşa etmişdi. “Böyük Britaniya sərnişin təyyarəsini iki liviyalı partladıb” bəhanəsi ilə Qəddafini hədəfə alanda da məqsəd bu ölkəyə qarşı total hücuma start vermək, Liviyanın sərvətini ələ keçirmək idi. Avropalılar liviyalılara qibtə ilə yanaşırdılar, Avropa universitetlərində təhsil alan tələbələrə Liviya dövlətinin qayğısı, onların bütün məsrəflərini ödəməsi “qoca qitə” sakinlərinin, dövlət ərkanlarının yuxusunu ərşə çıxarmışdı. Kapitalizmin yaratdığı vəhşi həyat tərzi humanizmi anlamamaq xəstəliyini avropalıların geninə qədər yoluxdurmuşdu. Nəyin bahasına olursa olsun Liviyadakı bu nizam pozulmalı idi və yüksək ustalıq və qəddarlıqla pozuldu. BMT TŞ qətnaməsini gözləmədən Fransa olmayan sənədə istinad edərək Liviyanın hava məkanını bağladı, ardınca bu ölkənin şəhərlərini bombardman etməyə başladı. Demokratiyanı özünə bayraq edən Qərb kimsəni dinləmək istəmədiyini yağdırdığı bombalarla isbat etdi. Geriyə qalanlar isə Liviyanın tar-mar, Qəddafinin isə linç edilməsi oldu. Bir ölkənin Lideri yadellilər tərəfindən öldürüldüsə, deməli həmin xalq öldü, məhv edildi, ayaqlar altına atıldı. Və bu gün belədir, Liviya Avropanın görmək istədiyi bir duruma salınıb, iki yerə bölünüb, vətəndaş müharibəsi gedir, Qəddafiyə qədər yağ-bal içində yaşayan liviyalılar bu gün avropalıların ianələrinə möhtac qalıblar.
İraqda baş verənlər də zaman və formaca fərqli olsa da mahiyyətcə eynidir. Kimyəvi silah bəhanəsi ilə İraqa soxulan 28 Qərb dövləti istədiyinə nail olsa da, kimyəvi silah tapa bilmədi, hətta onu axtarmadı da. Hərçənd bunun bir uydurma olduğunu bilirdilər, ona görə də müharibən tam ortasında “Əl-Qaidə” lideri Üsəma Bin Ladeni axtardıqlarını dedilər. Böyük Britaniyanın öz qoşunlarını İraqdan tələm-tələsik çıxarmasının da səbəbi yalanlara inanmaları oldu. İraq prezidenti Səddam Hüseynin aqibəti də Qəddafininkindən fərqli olmadı. İraq parçalandı, vətəndaş müharibəsi hələ də davam edir, nefti Qərbin əlinə keçdi, milyardlarla hesablanan aktivləri donduruldu, mənimsənildi, oğurlandı, tarixi abidələri müxtəlif bəhanələrlə ölkə ərazisindən çıxarıldı, hərraclarda satıldı. Səddamı bir “tiran”kimi asanlar bu gün peşmançılıqdan öz yaxınlarının üzünə çıxa bilmirlər, çünki aldadılıblar, oyuna gətiriliblər.
Bu gün Qərbin əlində ən böyük silahı atom bombası deyil, demokratiyadır. Hansı ölkədə maraqlarını təmin etmək istəyi yaranırsa ABŞ o ölkəyə “demokratiya”, “ insan haqqları” dəyənəyi ilə gedir. Cənubi Qafqazda nəhəng güclər üz-üzə dayanıb. İran, Rusiya və Türkiyə region ölkələridir, anladıq. Bəs Cənubi Qafqazda Avropa, ABŞ və Çinin arasındakı nüfuz və mövqe savaşına nə deyirsiniz. Qərblilər düşünür ki, Cənubi Qafqazın “ən zəif bəndi” Ermənistan SSRİ və daha sonar Rusiyanın təsir dairəsində qaldıqca demokratiyadan uzaqlaşır, inkişafdan qalır. Ona görə də erməni dövlətinə dəstək olmalıyıq. İndi gəlin görək, Qərbin Ermənistana dəstəyi, deyəndə nə anlaşılır? Əlbəttə, məsələnin kökündə ABŞ-ın Ermənistanda, dolayısı ilə Cənubi Qafqazda oturması, yerləşməsi dayanır. Ermənistanıən demokratiyadan uzaqlaşması, iqtisadi inkişafdan qalması cəfəngiyyatdır. Çünki Ermənistanda və ermənilərdə bunlar yoxdur, olmayan problemi isə həll etmək “Don Kixot”luqdur.
Cənubi Qafqazda baş verən hadisələrin, siyasi oyunların baş hakimi ABŞ olsa da tam olaraq meydanda görünmür. Onun funksiyasını “laysman”lar Fransa və Almaniya yerinə yetirir. Fransanın işğalçı Ermənistanı yenidən silahlandırması, Türk Dövlətləri Təşkilatını içindən vurmaq üçün Qazaxıstan və Özbəkistana səfəri böyük oyunun kiçik bir epizodudur. İlk baxışdan Afrikadan qovulan Fransa Orta Asiyada özünə yeni müttəfiqlər axtarır, iqtisadi əlaqələr qurmağa çalışır. Amma bir az dərinə gedəndə rəsmi Parisin “yuxarıların” tapşırığı ilə nə qədər çirkin oyunlara bulaşdığı ortaya çıxır.
Fransa ilə Almaniyanın qərəzi, ədalətsizliyi sərhəd tanımır. Hər iki ölkə Avropa Birliyinin aparıcı ölkələridir. Belə vəziyyətlərdə sinxron hərəkət edirlər. Almaniya və FransanınXİB başçılarının bəyanatları, tezisləri demək olar, üst-üstə düşür. Bu günlərdə Bakıda səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbokun danışığını, rəftarını izlədik. Berbok Ermənistanda özünü necə apardı, Bakıda hansı siyasi tərbiyəsizliyə yol verdi – hər birinə şahid olduq. İş o yerə çatdı ki, bütün diplomatik etiketləri ayaqlar altına alıb, Azərbaycanın BMT tərəfindən tanınan şəhərlərinin adlarını təhrif edərək saxta erməni toponimləri ilə dedi. Xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransında Berbokun bu “yanlışlarını” düzəltməli oldu. Əslində XİN başçımızın bu müdaxiləsi Berbokun timsalında Almaniya diplomatiyasının üzünə vurulan tərs şillə idi.
Qərbin yeritdiyi bu siyasət ikiüzlülükdür. Azərbaycan və Türkiyə prezidentləri də dəfələrlə Qərbi ikiüzlülükdə suçlayıb. Qərb ölkələrində də ictimai kəsim hakimiyyətdə olanların, dövlət rəhbərlərinin fikirləri ilə razı deyillər.
ABŞ başda olmaqla Qərb müdafiə olunmaq üçün Ukraynaya ən müasir silahlar verir, bu ölkəyə maddi və mənəvi dəstəyini əsirgəmir. Faktiki olaraq Ukrayna üzərindən Qərb Rusiyaya qarşı “proksi müharibə” aparır. Necə olur ki, Qərb bütün vasitələrlə Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı döyüşür. Ancaq Azərbaycanda Rusiyanın dəstək verdiyi separatizmi müdafiə edir. Niyə? Ən önəmlisi də bu suala cavab tapılmasıdır. Qərb Gürcüstanda, Ukraynada, Moldovada separatizmi rədd edir. Söhbət Qarabağ ermənilərindən gedəndə isə Qərb tanınmaz dərəcədə dəyişir. Böyük Britaniya Krımı geri almaq üçün ukraynalı komandoslara xüsusi hərbi təlimlər keçir. Qərb israr edirdi ki, Laçın yolu dəhliz statusunda açılmalıdır. Ancaq rusların çoxluqda olduğu Krım yarımadasını Rusiya ilə birləşdirən Krım körpüsünün partladılmasını toy-bayram edirdi. Qərbdə, xüsusən Fransada Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan dəm vururdular. Ukrayna, Gürcüstan və Moldovada tamam əks mövqedən çıxış edirdilər.
Fransanın, Almaniyanın Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqeyi əslində Ermənistana canıyananlıqdan irəli gəlmir. Ermənistanın guya Türkiyə və Azərbaycan tərəfindən təzyiqlərə, təhdidlərə məruz qaldığını əsas göstərərək, bəhanə edərək, bölgəyə hərbi kontingent çıxarmaq – hədəf budur. Aİ-nin Monitorinq Missiyası adı altında Ermənistanda peyda olmasının əsl səbəbi də budur.
V.VƏLİYEV