PDF Oxu

Siyasət

  • 6 257

Turizm sənayesinin inkişaf prespektivləri TƏHLİL

image

Azərbaycana gələn turistlərin sayının 10 milyona çatması hədəflənir

Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib və bu əlaqələrin bir qolu olan turizm sahəsində görülən işlər təqdirəlayiqdir. Təbii ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir".
Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.
Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını davam etməkdədir.

MÜASİR DÜNYADA TURİSTLƏRİN SƏYAHƏT SEÇİMİ

Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlər tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir. Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.
Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.
Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir.

SAĞLAMLIQ TURİZMİNİN İNKİŞAFI ÜÇÜN UNİKAL MƏKANLAR - QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

Müasir dövrdə sağlamlıq turizmi turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biridir. Davamlı olaraq ünvanlı layihələr, turizm sahəsində reallaşan layihələr, görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, idman turizmi, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral və qeyri-mineral bulaqlar, barlı-bəhərli meyvə bağları, atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti və s. turizmin inkişafı üçün mühüm amillər sırasında yer alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində 30 il həsrətində olduğumuz torpaqları işğaldan azad etdi. Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs həmin ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək. Xüsusilə sağlamlıq turizmi. Qeyd edək ki, Kəlbəcərdə 5 turizm rekreasiya zonası yaradılacaq. Bunlardan 2-si İstusu və Zülfüqarlı turizm rekreasiya zonaları sırf sağlamlıq turizmi baxımından ixtisaslaşmış zonalar olacaq. Burada sırf sağlamlıq turizminin inkişafı üzərində işlər aparılacaqdır. Azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialı çox böyükdür. Vurğulayaq ki, Xocavənddə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə Qubadlı turizm və rekreasiya zonaları olacaq. Onu da vurğulayaq ki, Kəlbəcərin məşhur olan "İstisu"yu dünyada məşhurdur. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir.

MİLLİ PARKLARI 252 485 TURİST ZİYARƏT EDİB

Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Ölkəmizdə mövcud olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. Əlbəttə ki, bu gün abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir.
Ekoloji turizmə də önəm verilməsi son illər bir ənənəyə çevrilib. 2023-cü ilin ötən dövrü ərzində milli parkları 252 485 turist ziyarət edib. Ən çox ziyarətçi qəbul edən və ilk üçlükdə yer alan milli parklarımız - Kəpəz dağı, Göygöl və Maralgöl gölləri ilə zövqləri oxşayan Göygöl Milli Parkı, Abşeron yarımadasının ada və dəniz mənzərəli Şahdili burnunda gəzmək fürsəti təqdim edən Abşeron Milli Parkı, Qaranohur gölü, şəlalələri ilə gözoxşayan, zubr və Xallı maral ilə turistlərin diqqət mərkəzində olan Şahdağ Milli Parkıdır. Ölkəmizdə 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.
2026-cı ilə daxili və xarici turistlərin sayının 10 milyona çatması hədəflənir. Cari ilin yanvar-noyabr aylarında 1 milyon 890 mindən çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Turistlər əsasən Rusiya, Türkiyə, İran, Hindistan, Pakistan, Özbəkistan və Qazaxıstandan gəliblər. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 faiz artım vardır.

TURİZMİN İNKİŞAFINA AÇILAN YOL

İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasında əhəmiyyətli rol oynayır. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən kompleks Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi də turizmin inkişafına yol açıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər