Prezident İlham Əliyev: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.
Bu gün Xocalı azaddır. Ötən ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələrinin Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində 31 il sonra Xocalı da öz azadlığına qovuşdu. Həmin lokal xarakterli tədbir ilə 2020-ci ildə əldə etdiyimiz Zəfər üzərinə yeni bir Zəfər gəldi və ümumilikdə işğal altında olan ərazilərimizin düşməndən xilası başa çatdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü, konstitusiya quruluşunu bərpa etdi.
Bu il ilk dəfədir ki, Xocalı faciəsini onun azadlığı şəraitində anırıq. Hər zaman anmalıyıq da. Çünki illər, əsrlər sonra belə düşmən erməninin Xocalıda törətdiyi soyqırımı əsla unudulmayacaq. Eləcə də Xocalının düşməndən azad edildiyi gün tariximizin şanlı səhifəsini təşkil etdiyi üçün hər zaman qürurla anılacaq.
Faciəyə gedən yol
Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdı. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmış, 1992-ci ildə isə Xocalıda daha qanlı, daha dəhşətli faciə törədilmişdir. Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu. Belə ki, şəhər hələ 1991-ci ilin oktyabr ayından blokadaya alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malıbəyli və Quşçular kəndlərini işğal etmişdi. Həmin kəndlərin işğalından bir neçə gün sonra ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçmişdi. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, sovet ordusunun 366-cı motoatıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Növbə Xocalının idi...
O gecə Xocalı sakinləri olacaqlardan xəbərsiz şəkildə evlərində, yataqlarında idilər. Onlar üçün plan hazırlandığı barədə heç bir məlumatları yox idi. Bildikləri sadəcə bu idi ki, ermənilər 1988-ci ildən yenə sərhədyanı rayonlarımıza basqın edir, döyüşlər olur, ara bir qədər sakitləşdirilir, sonra yenə eynilə davam edirdi. Düz dörd idi ki, sərhəd rayonların sakinləri kimi, xocalılar da səksəkə içində idi. Lakin o gecəki faciə kimin ağlına gələ bilərdi?..
Bir neçə gün əvvəl Xocavənd rayonu işğal edilmişdi. Xocalılar bunu bilirdilər, belə bir təhlükənin onları da gözləyəcəyini təxmin edirdilər. Lakin bunun gecənin yarısında, şirin yuxuda ikən olacağını əsla düşünməmişdilər.
O gecəyədək, bəli, planlar artıq hazır idi. Ölkəmizə rəhbərlik edənlər Xocavənddən tutmuş Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilanadək hamısının bir-birinin ardınca işğalına hökm vermişdilər. Bunun üçün sovet imperiyasının başında dayananlarla əlbir olmuş, vəzifə kürsülərini möhkəmlətmək xətrinə Qarabağın ermənilərə hədiyyə olunmasına imza atmışdılar.
Bu səbəbdən də heç kim başına gələcək oyunlardan xəbərdar ola bilməzdi. Hələ aradan xeyli vaxt keçməli idi ki, ordumuzun zabit və əsgərləri, yurd yerlərini ov silahı, bel, şana, dırmıqla müdafiəyə qalxan oğullarımız kömək üçün dövlətə müraciət etsin və heç bir cavab almayandan xeyli sonra anlasınlar ki, bəli, torpaqlar planlı şəkildə satılıbmış.
O gecə növbə Xocalının idi. Xocavənddən sonra Xocalı işğal olunmalı idi. Xocalının günahsız, dinc sakinləri isə dəhşətli, faciəvi şəkildə qətlə yetirilməli idi ki, bütün ölkəni erməni xofu bassın və işğal üçün növbədə dayanan rayonların sakinlərinə görk olsun. Onlar Xocalı sakinlərinin başına gətirilənləri yaşamadan yurdlarını, ev-eşiklərini asanlıqla tərk etsinlər. Bəli, məsələ bu idi. Lakin erməni qonşusuna hələ də bələd deyildi ki, azərbaycanlılar torpaq üçün son damla qanlarına kimi vuruşmadan ölməzlər. Sonralar qonşuluqdan kənar olmuşlar bunu işğal etdikləri bütün rayonlarda da kor gözləri ilə gördülər. Minlərlə şəhid verdik, lakin bir addım geri çəkilmədik. Sərhədlərimizdəki qüvvələrimiz də, son nəfəsimiz də tam tükənəndən sonra düşmən torpaqlarımızı işğal edə bildi.
Xocalı sakinləri gecə yuxudan pəncərələrinə odlu silahlardan açılan atəşlərin rənginə və səsinə oyandılar. İnsanlara əyinlərinə paltar geyinməyə macal vermədi düşmən. Güllələnən güllələndi, qalan camaat isə meşələrə, dağlara üz tutdu. Qışın soyuqlu-sazaqlı, faciə, dəhşətlə dolu bir gecəsində yaşanacaqları görmək, şahidi olmaq üçün evlərindən çıxdılar...
Gecənin qaranlığı qədər dəhşətli
O gecə Xocalıda ermənilər tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü ki, onların 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
613... Bir gecənin soyqırımına məruz qalan 613 insan. Yataqlarında ölümünü gözləyən Xocalı sakinləri. Saatlar sonra nə baş verəcəyindən xəbərsiz insanlar...
O gecənin qaranlığı qədər dəhşətli anları yaşadı xocalılılar. 25 fevraldan 26 fevrala keçən gecə Xocalı şəhəri kimi, onun dinc əhalisi də məhv edildi. Həm xocalılılar, həm də Xocalı şəhid oldu və şəhərlə onun sakinləri bir-birilərinin ölümünə, məhvinə şahid oldular.
613 nəfər o gecənin qurbanı oldu. Kim ağlına gətirə bilərdi ki, bir gecədə bu qədər adam həyatla vidalaşacaq. Əsla düşünüləsi bir hal deyil. Lakin oldu, yaşandı və 613 Xocalı sakini o qaranlıq gecənin dəhşəti ilə üz-üzə qaldı. Qonşu qonşunun, qohum qohumun, ata balanın, uşaq ananın, atanın gözü qarşısında şəhid oldu. Dünyada oxşarı olmayan bir fəlakəti yaşadı Xocalı və xocalılılar.
Düşmən o gecə insanlıqdan əl götürdü. İnsanlığa qarşı bütün rəzalətləri sərgilədi. Bir sözlə, əsl xislətini ortaya qoydu. Bir-birinin ardınca törətdiyi hadisələrin hər biri ayrı-ayrılıqda əsl erməni obrazını nümayiş etdirdi. Əvvəlcə sakinlərin evlərindən çıxarılması, öldürülməsi, sonra onların evlərinin talanması, daha sonra evlərə və şəhərə od vurulub yandırılması, qaçan insanların yaxalanması, onların güllələnməsi, öldürülən insanların əl-ayağının kəsilməsi, gözünün çıxarılması, dərisinin soyulması kimi hərəkətlərin hər biri erməni vəhşiliyindən söhbət açdı o gecə, onların əsl üzünü tanıtdırdı. Daim gözü Azərbaycanın torpaqlarında, sərvətində olan bu qəbilənin nəyə qadir olduğundan danışdı. Yəni bu vəhşi qəbilədən bundan başqa nə isə gözləmək də düzgün olmazdı. Çünki onlar qəbilədirlər. Xalq, millət formasında nə vaxt yaşamışlar ki, onlardan başqa nə isə gözləyərdik.
Beləliklə, o qaranlıq gecə və açılan boz səhər Xocalı adlı şəhərin qətliamına şahid oldu. Soydaşlarımız öz yurdlarında öldürüldü, qalanlar isə məcburi köçkünə çevrildi, əsir götürüldü...
Məqsəd azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Burada hava limanı da yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir.
Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdiyi soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.
Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırmışlar. Fransadan olan jurnalist Jan-İv Yunet yazır: “...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin–qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə, hamısını çəkirdik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar”.
Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bu məlumat Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin açıqlamasında da öz əksini tapmışdır. Bütün bu faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
Xocalını yaşadan dahi
Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir.
Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Ümummilli Lider Heydər Əliyev demişdir: “İnanıram ki, bu gün xalqımız müstəqil Azərbaycan dövlətində daha da mətinləşib və dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda yenilməz mübarizə aparmaq əzmindədir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirləri görəcəkdir”.
Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamında qeyd olunur: “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır... Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı... 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir... Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.
Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı zamanı düşmən üzərində qazandığımız tarixi qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi.
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”, – deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Bu gün qürur duyuruq ki, faciənin 32-ci ilində Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bu əzəmətli bayraq Ali Baş Komandan İlham Əliyevin əzmi və minlərlə şəhid və qazimizin şücaəti ilə dalğalanır Xocalıda. Onun dalğaları hər bir xocalılının qisasının alındığını yayır yurd yerlərinə. Prezident İlham Əliyevin dediyi kimi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.
O bayrağın dalğalarını həm də bütün dünya görür. Görür ki, illərlə susduğu, həlli üçün bir addım atmadığı məsələni Azərbaycan dövləti necə həll etdi.
Mətanət Məmmədova