Ermənistan silahlı qüvvələrinin 32 il əvvəl Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi qətliamın acısı ilk günkü kimi ürəkləri sızladır.
1992-ci il fevralın 26-sı dünya Xocalıda bəşər tarixinin ən dəhşətli qırğınlarından birinə oyandı. Tarixdə qara iz buraxan qətliamda erməni faşistləri kişi, qadın və uşaq ayrı-seçkiliyi etmədən qarşılarına çıxan hər kəsi qətlə yetiriblər. Bu soyqırımda 613 azərbaycanlı, o cümlədən 83 uşaq və 106 qadın həyatını itirib.
Xocalıda baş verənlər 1949-cu il Cenevrə Konvensiyalarının, Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasının, Mülki və Siyasi Hüquqlar Konvensiyasının, İşgəncələrə və digər qəddarlığa qarşı Konvensiyanın pozulmasıdır. Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza, uşaq hüquqları bu Konvensiya kimi çoxsaylı sazişlərin ciddi şəkildə pozulmasıdır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Gənclərə milli ruhun, vətənpərvərliyin, torpaq təəssübkeşliyinin təlqin edilməsinin nəticəsidir ki, Qarabağın azad edilməsi Vətən müharibəsi xarakteri aldı. “Bir ölüb, min dirilirik!” deyimi Azərbaycan xalqının nümunəsində bir daha isbat edildi. 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayının 19-da lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın müvafiq dövlət orqanlarının uğurlu əməliyyatı ilə saxlanılaraq Bakıya gətirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş separatçılar törətdikləri faciələrə, o cümlədən Xocalı soyqırımına görə layiqli cəzalarına çatacaqlar.
Artıq 4 ildir ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir.İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi günəş, bükülməz qolumuz, Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.
Araz Xudadanov,
YAP Sabunçu rayon təşkilatının sədri