PDF Oxu

Siyasət

  • 800

Elm məbədi 80 illik tarixi yolda

image

Prezident İlham Əliyev: "Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər"

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ölkə başçısının elmə verdiyi yüksək dəyərlərdəndir. Bu sərəncam Azərbaycan elminə, alimlərinə, ziyalılarına verilən böyük dəyərin, dövlətimizin intellektual qüvvələrə olan hörmət və etimadının ifadəsidir. Bu elm məbədi yarandığı gündən respublikanın elmi-intellektual potensialının formalaşdırılmasında, elmi düşüncənin inkişafı istiqamətində müstəsna xidmətlərə malikdir.

"Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqva çıxışı zamanı bildirib.

Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. Maddi mədəniyyət abidələri və bir çox elmi mənbələr göstərir ki, hələ qədim Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və başqa elmlər yüksək səviyyədə inkişaf etmişdir. Ötən 80 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. "Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur", - deyə bildirən Azərbaycan Prezidenti bildirib ki, O, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir,: "Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı."

"SON ON İL ƏRZİNDƏ AZƏRBAYCAN ELMİNƏ AYRILAN VƏSAİT İKİ DƏFƏDƏN ÇOX ARTMIŞDIR"

Müstəqillik dövründə Ulu Öndərin hakimiyyətə qayıtması ilə ölkədə hərc-mərcliyə son qoyulması, sabitliyin təmin edilməsi, "Əsrin müqaviləsi"nin imzalanması, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi ölkənin inkişafına yeni yollar açmış oldu. Dahi rəhbərin başladığı işi Prezident İlham Əliyev müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir.

Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tarixində və taleyində mühüm rol oynayıblar. AMEA-nın dövlət səviyyəsində ilk dəfə yubileyi məhz Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə keçirilib. "Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı", - deyən Prezident bildirib ki, yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır, "O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. "Elm haqqında" Qanun qəbul edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir".

"BİZİM QƏDƏR PARLAQ, TAM VƏ MÜTLƏQ QƏLƏBƏ QAZANAN İKİNCİ ÖLKƏ OLMAMIŞDIR"

Zəngin bir yol keçmiş akademiya ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində alimlər qarşısında çıxış edərək ölkə qarşısında duran vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyini göstərmişdir. "Son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir", – deyən dövlətimizin başçısı diqqətə çəkib ki, dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir: "Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır".

"AZƏRBAYCAN ELMİ İCTİMAİYYƏTİ ÜÇÜN ÇOX BÖYÜK FƏALİYYƏT MEYDANÇASI YARADILIR"

Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər gününün beşinci ildönümünü qeyd edəcəkdir. Ermənistanın 30 ilə yaxın davam etmiş hərbi təcavüzünə son qoyulması böyük salnamə tariximizdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi. BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu. İllərlə görülən işlər, həyata keçirilən tədbirlər artıq öz sözünü demişdir. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter alması İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən "Hücum!" əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş insanların qisası döyüş meydanında alınırdı. Hər gün müharibənin getdiyi ağır döyüşlərin nəticəsində qələbə soraqları alırdıq: işğaldan adad olunan kənd, qəsəbə və şəhərlər.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. İmzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqini tapdı. Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası iiilə təchiz olunması bizi Zəfərə doğru aparırdı. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdi. Zəfər tarixini yazmış Azərbaycan Ermənistana sarsıdıcı zərbə vurmaqla "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı.

44 günlük Vətən müharibəsinin reallıqları bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən də böyük siyasi xadim, strateqdir və hər bir məsələnin müdrikliklə həllinə nail olur. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı.

İndi artıq müharibədən beş il ötür və Zəfər qazanmış Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həyat yenidən qaynayır. "Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır", - deyən Prezident diqqətə çəkib ki, Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır: "Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər.

Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər