Siyasət

  • 1 515

Böyük Qayıdış strategiyası: Füzuliyə yol alan köç karvanları - TƏHLİL

image

Füzuli şəhərində 2379 nəfərin daimi məskunlaşması təmin edilib

"Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib. Həmin gün yetişdi. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevrilir. Yeni reallıqların müəllifi olan Azərbaycanda tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub.
Artıq indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edilib. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

QƏLƏBƏ GÜNÜNDƏN 8 GÜN SONRA

Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk karvanı idisə, bu gün artıq bu istiqamətdə aparılan işlərin məntiqi olaraq köç karvanları digər ərazilərimizə mərhələli olaraq da yol alırlar. Ağalı, Talış kəndi, sonra isə Laçın, Füzuli. Son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən üç ildən artıq bir zaman ötsə də görülən işlərin miqyası əhatəli və çoxşaxəlidir. "Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən - Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək " -deyən Prezident qısa bir müddət ərizində böyük quruculuq işlərinə imza atmış oldu. "Bizim ölkəmiz üçün yeni dövr başlayır",- deyən dövlət başçısı bildirib: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

Artıq əzəli sakinlər, doğma yurdla görüşürlər. Əlbəttə ki, bu gün Zəfər qazanmış xalq olaraq bu torpağa ayaq basır. Erməniyə dərs verən və ona kimliyini göstərən Qalib Xalq kimi. Bu Qələbə əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR CƏNNƏTƏ ÇEVRİLİR

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir.
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Daha sonra isə digər ərzizilərimizə qayıdış oldu. Bir çox kəndlərdə artıq inşaat işlərinə başlanılıb. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də start verilib. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. 6 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır.

Bu İL XOCALI VƏ XANKƏNDİ SAKİNLƏRİ DOĞMA YURDLARINA QAYIDACAQLAR

Cənab Prezidentin bildirdiyi kimi, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar: "İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq"- deyə Prezident bildirib.Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Laçında, Füzulidə və digər ərazilərdə görülən işlər, Füzuli Beynəlxalq Hava Limanın cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilməsi, Zəngilan Beynəlxalq Hava Limanını açılışı və s. işlərin uğurla davam etdiyini göstərir. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. 10-dan çox kəndin Baş planı təsdiqlənib və bir neçə kəndin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Görülən işlər Baş planlar əsasında həyata keçirilir.
Bu gün ölkəmizin qarşında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafıdır."Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq", – deyə Prezident İlham Əliyev bildirib.
Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.
Beləliklə, qısa bir zamanda Füzuli şəhərində reallaşan infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha nümayiş etdirir.
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər