Siyasət

  • 512

Azərbaycan-NATO münasibətləri ŞƏRH

image

Son illərdə dövlətlər arasında münaqişələr, ədalətsiz müharibələr bəzən NATO-nun müda­xi­ləsi ilə həll olunur. NATO-nun müdaxilə etmədiyi müharibələr də olur və hansı mərhələdəsə dayandırılır. Bütün müharibələr sonda danışıqlarla bitir. Azərbaycan ədalətli müharibəni NATO-nun müdaxiləsi olmadan qələbə ilə tamamladı. Qeyd etmək lazımdır ki, NATO hərbi təşkilat olaraq “Soyuq müharibə” dövründə 1949-cu il aprelin 4-də yaradılmışdır. NATO rəsmən əsas məqsədinin təcavüzün qarşısının alınması və ya təcavüzdən hər hansı dövlətin ərazisini qorumaq olduğu elan etmişdir. Yaradılarkən 12 dövlətdən ibarət olan NATO , indi sıralarında keçmiş postsovet ölkələrindən 3-ü daxil olmaqla 32 dövləti birləşdirir. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı.

NATO ilə Azərbaycan arasındakı əhəmiyyətli tərəfdaşlıq isə 1994-cü ilə təsadüf edir. Bu tərəfdaşlıq Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyuldu. Bu gün də bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müsbət səviyyədə davam etdirilir. 1997-ci ilin noyabrında NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşmuşdur. Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv olmuş və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşulmuşdur. 2004-cü il sentyabrın 15-də NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edilmişdir.

2024-cü il martın 17-də NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycana iki günlük rəsmi səfəri baş tutdu. Azərbaycana rəsmi səfəri zamanı onu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul etmiş, onunla bir sıra məsələlərlə bağlı ,o cümlədən NATO ilə əməkdaşlıq, Ermənistanla sülh prosesinin vəziyyəti və Azərbaycanda bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının və COP29 sammitinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır. Prezident İlham Əliyev NATO-Azərbaycan münasibətlərini “yaxşı əməkdaşlığın 30 ili” kimi xaraketerizə etmiş,əvəzində Yens Stoltenberq “Azərbaycan NATO-nun çoxdankı əməkdaşıdır və mən bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə ümid bəsləyirəm” deyə bildirmişdir.

Azərbaycan hərbçiləri Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib və bu iştirak rəğbətlə qarşılanıb. Bütün dövlətlər Əfqanıstandan qoşunlarını çıxartdı. 2021-ci il av­qus­tun sonlarında Əfanıstanı tərk edən sonuncu müttəfiq qüvvə Azərbaycan hərbi bölüyü oldu. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda onu da xatırlatdı ki, Azər­baycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çər­çivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.

Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günə ərazisininin xeyli hissəsini erməni işğalından azad etməsi ,daha sonra 2021-ci il noyabrın 16-da sərhəddə Zəngəzur döyüşləri, 2022-ci ilin 12–14 sentyabr tarixlərində iki günlük sərhəd toqquşması nəticəsində Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının ərazisində Ermənistan hərbi qüvvələrinə sarsıdıcı zərbələr vurması, nəhayət 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zaman cəmi bir sutka ərzində 15 minlik Ermənistan ordusunu məğlub edərək ərazisini tamamilə separatçı tör-töküntüsündən azad etməsi onun beynəlxalq nüfuzun yüksəlməsinə ciddi təsir göstərmişdir.Bununla bağlı prezident İlham Əliyev NATO baş katibi Yens Stoltenberqə Qarabağ münaqişəsinin BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququmuzdan istifadə etməklə hərbi-diplomatik yolla həll olunduğunu bildirmişdir. İslahatlar nəticəsindəsovet-rus hərb məktəbinin qardaş Türkiyənin yardımı ilə NATO stadartlarına uyğun hərb məktəbi ilə əvəzlənməsi Azərbaycan ordusunu rəhbər kadrlar baxımından NATO-ya yaxınlaşdırılmasına kömək etmişdir.Azərbaycan prezidenti Azərbaycan silahlı qüvvələrindəki islahatlaradan danışaraq bildirdi ki,”Biz öz müdafiə bacarığımızı təkmilləşdirməklə məşğuluq və bu gün peşəkarlığın ən yüksək səviyyəsini nümayiş etdirə bilərik”.

Dövlət başçısı qeyd etdi ki, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Əlbəttə ki, sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Ölkə rəhbəri bildirdi ki, təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə verməmişdi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. İndi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı təbii ki daha da artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

Azərbaycanın II Qarabağ müharibəsində qazandığı qələbə Cənubi Qafqazda geosiyasi vəziyyəti Azərbaycanın xeyrinə dəyişmişdir. Azərbaycan NATO üzvü olmasa da bu hərbi ittifaqa daxil olan Türkiyə ilə hərbi sahədə çoxdandır ki, əməkdaşlıq edir. 2021-ci ilin iyunun 15-dəAzərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Şuşa bəyannaməsi bu əməkdaşlığın zirvəsini təşkil edir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər