Siyasət

  • 1 111

Azərbaycan-Çin əlaqələri: dostluq və qarşılıqlı əməkdaşlıq müstəvisində TƏHLİL

image

Prezident İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir"

Azərbaycanın dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəlib. Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb. Azərbaycanın iştirakçısı olduğu görüşlər, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir.
Müasir dövrümüzdə böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrilib. Azərbaycanda bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələr uğurla inkişaf edir. Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbulu əlaqələrimizin dostluq və qarşılıqlı əməkdaşlı müstəvisində inkişafını bir daha təsdiqləyir. Azərbaycan Prezidenti Azərbaycan-Çin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd edib. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğulayıb. Dövlətimizin başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu diqqətə çəkib. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlətimizin başçısı, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirib və Yan Vanminin ölkəmizə səfərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

İKİTƏRƏFLİ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK ÜÇÜN ƏLVERİŞLİ İMKANLAR

Yan Vanmin Ulu Öndər Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkədə siyasi sabitliyin bərqərar olunduğunu, iqtisadi yüksəlişin əldə edildiyini, əhalinin rifah halının yüksəldiyini və respublikamızın beynəlxalq aləmdə layiqli yerini tutduğunu vurğulayıb. O qeyd edib ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.
Dünyanın ən böyük dövlətlərindən olan Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişaf və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Belə ki, 1994-cü il 7-10 mart tarixində Ulu Öndər Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılmışdır. Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir. Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin inkişafında roluna bir daha toxunan qonaq bildirib: "Biz Çin-Azərbaycan münasibətləri haqqında danışarkən Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır: Heydər Əliyev Prezident seçildikdən çox qısa müddət sonra - 1994-cü ildə Çinə səfər etdi və Çinin ovaxtkı rəhbərliyi ilə birlikdə xalqlarımız arasında əlaqələrin möhkəm təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü. Bu, Çin xalqının yaddaşında əbədi qalacaq. Siz bu gün atanızın siyasətini davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə yanaşır".

"ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINA, PARLAQ GƏLƏCƏYİNƏ ÇOX İNANIRDI"

Dövlətimizin başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafına, parlaq gələcəyinə çox inanırdı və buna nail olmaq üçün böyük səylər göstərirdi. Azərbaycan Prezidenti qeyd edib ki, 1994-cü ildə Ümummilli Liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Öz növbəsində Ulu Öndərin siyasətini bütün sahələrdə davam etdirən bir şəxs kimi Azərbaycan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, birgə səylər nəticəsində müəyyən olunmuş möhkəm əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək.Ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. 2005 və 2008-i illərdə Prezident İlham Əliyev ÇXR-ə rəsmi səfəri, 2004-cü ildə ÇXR-in xarici işlər naziri Li Çjaosinq Azərbaycana rəsmi səfəri, daha sonra 2010-cu il 16-17 may – ÇXR-in xarici işlər naziri Yanq Cieçı Azərbaycana səfəri Çin-Azərbaycan əlaqələrinin sürətli inkişaf mərhələsinin davamı idi. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması ölkələr arasında münasibətləri daha da gücləndirmiş oldu.

"BİR KƏMƏR, BİR YOL" STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNDƏ AZƏRBAYCAN LOGİSTİKA MƏRKƏZİ, QOVŞAQ VƏ KÖRPÜ ROLUNU OYNAYIR

Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir.
Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir. Bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur. Dövlətimizin başçısı qeyd etdi ki, Si Cinpinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir və biz Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunu yaradaraq qonşu ölkələrlə də təmaslar əsnasında bu layihənin həyata keçirilməsi istiqamətində səylərimizi əsirgəmirik.

ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİNİN TƏSDİQİ

Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması iki ölkənin tarixində yeni mühüm səhifə açıb. Ölkələrimiz arasında humanitar, mədəniyyət və elm-təhsil sahələrində də sıx əməkdaşlıq müşahidə olunmaqdadır. Mütəmadi olaraq, Çində və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsi proqramları buna bariz nümunədir. 2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri keçirilib, 10-14 dekabr 2012-ci il tarixində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib. 2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası səfirliyinın dəstəyi ilə "Azərbaycan musiqisi axşamları" adlı konsert proqramı baş tutub. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır. Bütün istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın böyük potensialı var.Göründüyü kimi, Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Belə ki, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri ilə dəfələrlə keçirdikləri görüşlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb. Si Cinpinlə son dəfə keçirdiyi görüşü də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüş zamanı bir çox önəmli məsələlərin müzakirə edildiyini və əməkdaşlığın perspektivlərinin təsdiq olunduğunu bildirdi.Diplomatik münasibətlərimizin qurulmasından ötən dövr ərzində əlaqələrimiz sabit şəkildə inkişaf edib və bu davamlıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti dünya ölkələrində, eləcə də Çində böyük maraqla izlənilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər