Siyasət

  • 2 766

İranın atom bombası: real, yoxsa xəyali təhlükə? - ŞƏRH

image

İranın atom bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olmasına "aylar yox, həftələr" qalıb. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib. Onun sözlərinə görə, İranda uranın zənginləşdirilməsi səviyyəsi demək olar ki, nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə çatıb və bu, narahatlıq doğurur.

Bununla belə, Qrossi əlavə edib ki, İranın artıq belə silahlara malik olduğu qənaətinə gəlmək mümkün deyil. MAQATE rəhbərinin sözlərinə görə, işlək nüvə başlığının yaradılması zənginləşdirilmiş uranın istehsalı ilə yanaşı, bir çox başqa şeyləri- məsələn, sınaqları tələb edir. Bir jurnalistin İranın effektiv şəkildə nüvə silahı inkişaf etdirməsi və MAQATE-nin bundan xəbəri olmadığı haqda sualına Qrossi cavab verdi ki, məlumat çatışmazlığı səbəbindən bu barədə danışa bilməz.

“Aylarla deyil, həftələrlə” çox ciddi ifadədir. Xüsusən də, planetin əsas "nüvə" rəsmisi bunu bəyan etdikdə. Söhbət Azərbaycanın ən yaxın qonşusundan getdiyini və bir müddət əvvəl İsrailin Dəməşqdəki SEPAH qərargahına zərbə endirməsindən sonra İran parlamentinin deputatlarından birinin cavab qisas forması kimi İsrailin Bakıdakı səfirliyinəin bombalanmasını təklif etdiyini nəzərə almamaq mümkün deyil. İranda atom silahı yaradılarsa, İsraili və ya Azərbaycanı nə gözləyə bilər, bunun artıq izaha ehtiyacı yoxdur. Amma sual budur ki, dünya bu ölkədə nüvə raketinin yaradılmasının qarşısını hansısa yolla ala bilərmi?

Əcnəbi ekspertlər bu haqda fikirlərini Caliber”Az-la bölüşüblər. Ekspertlərin şərhini oxuculamıza təqdim edirik.

İsrailli jurnalist və iranşünas tədqiqatçı Maykl Borodkinin dediyi kimi, dünya təbii ki, hərəkətə keçib İranı bu layihədən imtina etməyə razı sala bilər.

“Biz xatırlayırıq ki, İran hakimiyyəti nüvə silahı əldə etmək qərarına necə gəlib, çünki onlar bu silahları sağ qalmalarının təminatı hesab edirlər. Əgər dünya Tehranı inandıra bilsəydi ki, nüvə silahına can atmaq qaçılmaz olaraq onun süqutuna gətirib çıxaracaq, məsələn, şərtlərə əməl edilmədiyinə görə qaçılmaz güc tətbiqi təhlükəsi ilə dəstəklənən ən sərt sanksiyalar tətbiq edilərdi, amma İran hərbi nüvə proqramını məhdudlaşdırarsa ona qarşı sanksiyaları tamamilə ləğv etməyə hazır olduğunu nümayiş etdirməklə yanaşı, ona ən azı sanksiyalardan möhlət verə bilərdi”,- deyə tədqiqatçı hesab edir.

Lakin dünya əvvəlcə bu təhlükəni ciddi qəbul etmədi, o qeyd edir.

“Nə Qərb ölkələri arasında, nə də xüsusilə Rusiya və Çində İranın nüvə proqramı ilə bağlı fikir birliyi olmayıb və bu problemin həlli üçün vahid qəti mövqe lazımdır. İndi isə bu mümkün deyil”,- iranlı ekspert hesab edir.

Öz növbəsində, iranlı politoloq, Rusiya-İran münasibətləri üzrə mütəxəssis Əmir Məhəmmədi Çahaki qeyd edib ki, İran və İsrail arasında bir neçə həftəlik gərginliyin artmasından sonra müzakirə mövzusu yaranıb- İslam Respublikası nüvə bombası yaratmaq texnologiyasını inkişaf etdirməklə xarici düşmənlərdən qorunmaq üçün öz taktika və strategiyasını dəyişmək niyyətindədirmi?

“Ancaq bu, necə deyərlər, sadəcə bir versiyadır. Ruhani lider, Ali Baş Komandan Ayətullah Xamenei və İran rəhbərliyinin nüvə silahından imtina taktikasını dəyişməsi iddiasını əsaslandıracaq yeni heç nə baş verməyib.

Təbii ki, nüvə silahı yaratmaq üçün İranın müəyyən miqdarda zənginləşdirilmiş uranı var ki, bu da atom bombası ehtimalına yaxındır. Amma bu nüvə silahının yaradılması xəbəri deyil. Bu, çoxdan məlumdur və məncə, Tehran Amerika bu sazişdən çıxdığı üçün “nüvə sazişi”nin protokoluna əməl etməyəcəyini demək olar ki, açıq şəkildə bildirdi. MAQATE-nin baş direktoru sadəcə xəbərdarlıq edir. Bununla belə, o deyir ki, mövcud məlumat İranın nüvə bombasına malik olmadığına zəmanət vermir”, - Çahaki bildirir.

O hesab edir ki, Qrossinin sözləri ciddi qəbul edilməlidir.

“Yeri gəlmişkən, aydındır ki, məsələn, Azərbaycanda onlar buna başqa cür baxırlar və bütün bunları təhlükə kimi qəbul edirlər. Ancaq bir növ realist yanaşmamız lazımdır. Aprelin 1-də İsrail beynəlxalq konvensiyalara əməl etmədiyini nümayiş etdirərək, digər dövlətin ərazisi sayılan İranın Dəməşqdəki konsulluğuna birbaşa hücum edib. Təbii ki, İranla İsrail arasında problemlər illərdir davam edir. Amma Tehranın bu zərbəyə reaksiyası, məncə, proqnozlaşdırıla bilən idi. Baxmayaraq ki, İsrail tam olaraq bu cavabı gözləmirdi. İndi də Təl-Əviv və Tehran açıq şəkildə nümayiş etdirirlər ki, yaranmış münaqişəni inkişaf etdirmək istəmirlər.

Qrossinin dediyi kimi, atom bombası yaratmaq o qədər də asan deyil. Testlər əvvəlcə tamamlanmalıdır. Və bu baş verərsə, İranın dünya ictimaiyyəti qarşısında reputasiyası çox pisləşəcək. Daha da böyük təcrid olacaq. Ona görə də mən düşünmürəm ki, Tehran indi nüvə bombası yaratmaq istiqamətində dəqiq kurs tutmuşdur”,- politoloq bildirib.

O, həmçinin əlavə edib ki, MAQATE direktoru İranın planları haqqında tam dolğun məlumata malik olmadığını deyirsə, bu, Mossad, CIA, SVR və ya MI6-nın belə məlumatlara malik olmadığı anlamına gəlmir.

“Biz başa düşürük ki, Qərb dünyasının bütün təhlükəsizlik xidmətləri İran daxilində istənilən hərbi əməliyyatı çox diqqətlə izləyir. Casus şəbəkələri var, texnoloji imkanlar var. Hesab edirəm ki, bu halda biz daha bir təbliğat təzahürü ilə qarşılaşırıq. Tehran başa düşür ki, nüvə texnologiyasının hərbi inkişafını davam etdirmək qərarı çox avantürist olardı. Hələlik deyə bilərik ki, İran daxilində belə bir təhlükə yoxdur və heç nə dəyişməyib. İran nüvə bombası yaratmayacağını rəsmən bəyan edib və fikrimcə, bu müddəa hələ də qüvvədədir”, - Çahaki bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər