Siyasət

  • 1 072

Sivilizasiyalararası dialoqa töhfə verən beynəlxalq tədbirlər MƏRKƏZİ TƏHLİL

image

Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. Paytaxt Bakımız daha bir beynəlxalq səviyyəli tədbirə - VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan "Bakı Prosesi" çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır.

2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Forum artıq mədəniyyətlərarası dialoq platformasına çevrilib və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirir.

SÜLH VƏ QLOBAL TƏHLÜKƏSİZLİK NAMİNƏ DİALOQ: ƏMƏKDAŞLIQ VƏ QARŞILIQLI ƏLAQƏ

Qeyd edək ki, "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilib. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil edilib. Mayın 1-dən 3-dək Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Bakı Prosesi"nin tərkib hissəsi olaraq İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunub. Azərbaycanda müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır. Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır. Ölkəmizin durmadan artan beynəlxalq nüfuzu, mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Bütün bunlar Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini dünya ictimaiyyətinə təqdim edir.

FORUMDA 700 MÖTƏBƏR QONAQ İŞTİRAK EDƏCƏK

Qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərlar qəbul edilir.Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Xalqlar və millətlər arasında dözümlülüyün və birgə yaşamanın gücləndirilməsi üçün bu cür tədbirlərin çox böyük mənası vardır. Azərbaycan mədəniyyətlərarası təmasların, dialoqun təşviq edilməsi üçün indiyə qədər bir çox tədbirlər keçirmişdir. Özü də bu tədbirlər beynəlxalq səviyyədə təşkil olunub.

SİVİLİZASİYALARARASI DİALOQ VƏ ƏMƏKDAŞLIQ PLATFORMASI

Sözügedən Forum artıq beynəlxalq səviyyədə böyük nüfuz qazanıbdır. Hazırda dünyanın qarşılaşdığı, üzləşdiyi çağırışların çətinliyini və mürəkkəbliyini nəzərə alaraq, bu kimi problemlərin aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür. Azərbaycan nadir məkandır ki, burada sivilizasiyalar, mədəniyyətlər bir-biri ilə qovuşur. Burada müxtəlif mədəni təsirlər, ümumi tarixi irs mövcuddur. Bütün bunlar bizim müştərək işlər üçün yol açır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir". Ölkəmizdə təşkil olunan beynəlxalq tədbirdə müxtəlifliyi, mədəniyyətlərarası dialoqu, sülh və inkişafı, eləcə də bunlar arasında əlaqənin təmin edilməsi məqsədi ilə müzakirələr aparılır və qərarlar qəbul olunur.

HƏR MƏSƏLƏNİN MƏRKƏZİNDƏ İNSAN AMİLİ DAYANIR
Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan sülhün və həmrəyliyin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini vermiş olur. Paytaxt Bakı Forum çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş olacaq. Bu forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirir və mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahının yüksək olması vacib məsələlərdəndir. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir.
QLOBALLAŞMA QAÇILMAZ PROSESDİR

Xatırladaq ki, qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" təsis edilmişdir. Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başladığını nəzərə alınaraq simvolik olaraq yeni platformanın adı "5 A" kimi müəyyən edilmişdir. 2013-cü ilin 29 may - 1 iyun tarixində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2015-ci il tarixdə Bakı şəhərində "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Sülh ağacı üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Yeni Bulvarın ərazisində qoyuldu. "Sülh ağacı" xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.
2017-ci il tarixində Bakı şəhərində "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçdi. Ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edirdi.
Qloballaşma artıq qaçılmaz bir prosesə çevrilib və hüdudları çox genişdir. Bu o deməkdir ki, qloballaşma müxtəlif mədəniyyətlərin nümayəndələri arasında təmasları artırmış, mədəni müxtəlifliyi daha da genişləndirmişdir. Beynəlxalq ictimaiyyət artıq bu məsələni öz gündəliyində vacib, mühüm bir məsələyə çevirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər