Siyasət

  • 750

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır - ŞƏRH

image

Slovakiya Baş nazirinin Azərbaycana səfəri, imzalanan sənədlər, aparılan müzakirələr iki ölkə arasında əlaqələrdə yeni səhifə açır. Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu bəyannamədə əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir. Rəsmi Bakı ilə Bratislava arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan deputat bildirib ki, iki ölkənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlməsi münasibətlərin yeni mərhələyə keçdiyini deməyə imkan verir. Qlobal təhlükələr fonunda hərbi sahədə əməkdaşlıq hər iki ölkənin təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələrdən bəhs etdi və bu da təsadüfi deyil. Çünki Azərbaycanın enerji təhlükəsizliyi hazırda bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa ilə tərəfdaş olsun. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinə də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədi.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də azad edilmiş ərazilərin bərpasına verilən dəstəkdir.

Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Ümumiyyətlə, Azərbaycanda Slovakiya şirkətləri yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Keçirilmiş Slovakiya-Azərbaycan biznes forumu, iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Slovakiya Baş nazirinin səfəri zamanı verilən mesajlardan da aydın oldu ki, müstəqil siyasət aparan Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Avropa İttifaqının üzvü olmasına baxmayaraq, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının əleyhinədir. Eyni zamanda, rəsmi Bratislava Bakı ilə Avropa İttifaqı arasında körpü olmağa hazırdır. R.Fitso Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqına təqdim etmək niyyətini də bəyan etdi. Bu da ikitərəfli münasibətlərdə sağlam yanaşmanın göstəricisidir. Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır. Ümumilikdə Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər