Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilib. Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən Azərbaycan iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri reallaşdırır və ölkəmizin təşəbbüsü, eləcə də iştirakı ilə qlobal layihələr uğurla icra edilir. İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda özünü göstərir. Belə ki, ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə 2 iyun mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.
Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bir əsrdən artıq tarixi mərhələ var bu yolda. Belə tarixi olan Azərbaycan aviasiyası dünəndən bu günə qədər keçdiyi yolda mərhələ-mərhələ inkişaf edib. Mənbələrdən bəllidir ki, Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakının səmasında baş tutub. Bu, rus aviatoru Utoçkinin "Farman" tipli aeroplanla Balaxanı "şossesində" 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi həmin zamandan yazılıb. Maraq doğuran hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılıb. Mülki aviasiya ilə bağlı bu xronoloji ardıcıllıq aviasiyanın keçdiyi yolun tarixinə həkk olub.
"HAVA LİMANI AZƏRBAYCANIN QAPISIDIR"
Qeyd edək ki, ötən əsrin əvvəllərində təməli qoyulan mülki aviasiyamızın tarixini əks etdirən materialları araşdırarkən İkinci Dünya müharibəsi illərində bu sahədə əldə edilən nailiyyətlər də diqqət çəkdi. Belə ki, ön cəbhədə, arxa cəbhədə azərbaycanlı hərbi təyyarəçilərimiz, aviatorlarımız, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin rolu danılmazdır. Müharibə illərində Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyət göstərirdi ki, fasiləsiz işləyən bu müəssisələrdə "UTİ-4" və "YAK-3" tipli təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal olunurdu.
Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr ötən əsrin yetmişinci-səksəninci illərinə təsadüf edir. Respublikanın 11 rayonunda yeni hava limanlarının tikilməsi və ya yenidən qurulması fikrimizi əsaslandırır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanda, Beyləqanda, Zaqatalada "Yak-40" reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salındı. Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. 1971-ci ildə Gəncə Avia müəssiəsi fəaliyyətə başladı. Bütün bunlarla yanaşı, Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Daha sonra 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlandı. Ümummilli Lider Heydər Əliyev sovet dövründə milli aviasiyanın inkişafında istədiklərini tam həyata keçirə bilməsə də, müstəqillik dövründə bu sahədə olan arzularını gerçəkləşdirə bildi. Məlumdur ki, sovet hakimiyyəti dağıldıqdan sonra hərbi əmlakın və texnikanın əksər hissəsi ölkədən çıxarıldı, Azərbaycanda yerləşən silahlı qüvvələr isə birbaşa Rusiyanın tabeliyinə keçdi. Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Bütün əlaqələr pozulmuşdu. Belə bir zamanda Onun uzaqgörən siyasəti nəticəsində aviasiya sahəsində böyük layihələrin həyata keçirilməsinə start verildi. 1993-cü ildə dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də kəskin dönüşə səbəb oldu. Görülən tədbirlər nəticəsində xarici aviaşirkətlərlə müqavilələr bağlandı. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksi tikildi.
"AZƏRBAYCANIN MÜLKİ AVİASİYASININ MİLLİ KADRLARI - AZƏRBAYCANLI TƏYYARƏÇİLƏR, MÜHƏNDİSLƏR, MÜTƏXƏSSİSLƏR VARDIR"
Müstəqillik illərində yaradılan "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Milli Aviasiya Akademiyası kadrların hazırlanmasında böyük rol oynadı. "Milli Aviasiya Mərkəzi" adı ilə yaradılan akademiya 1994-cü ildən Milli Aviasiya Akademiyasına çevrildi. Milli kadların hazırlanmasına xüsusi diqqət ayıran Heydər Əliyev "Mən xoşbəxtəm ki, artıq indi Azərbaycanın mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır", - deyirdi. Akademiyaya 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil oldu. Bu gün akademiya Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görülüb.
Bu gün inkişaf səviyyəsi, maşın parkı və xidmət mədəniyyəti ilə seçilən milli aviadaşıyıcımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri Azərbaycandan çox-çox uzaq yollara dünyanın 30-dan artıq şəhərinə uçur. Mütəxəssilərin qənaətinə görə, dünyanın müxtəlif nöqtələrinə sərnişin daşımaları həyata keçirən güclü milli aviaşirkətin mövcudluğu ölkənin yalnız nüfuzu hesab olunmur. Bu, eyni zamanda dövlətin iqtisadi, mədəni, humanitar siyasətinin möhkəmlənməsinə müsbət təsir göstərir. Çoxşaxəli marşrutların mövcudluğu Azərbaycanın iqtisadi potensialını və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
"Azərbaycan Hava Yolları" aviaşirkəti İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. Onun təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, Aviaşirkətin uçuşlarının təhlükəsizliyinin artırılmasına daima böyük diqqət yetirilir. "Azərbaycan Hava Yolları" aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Ümummilli Lider vurğulayırdı ki, "Azərbaycan Hava Yolları"nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır. Şirkət fəaliyyəti dövründə buna nail oldu. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan "İCAO" beynəlxalq mülki aviasiya təşkilatının təqdim etdiyi audit nəticələri "Azərbaycan Hava Yolları" aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edib.
Ulu Öndər Heydər Əliyev dediyi kimi: "Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun". Beynəlxalq tədbirlər məkanı olan Azərbaycana gələn - vəzifəsindən, irqindən asılı olmayan hər kəs ölkəmizin güc və nüfuzunu ilk andaca hiss edir. Sonrakı addımları sehrli ölkəmizin yavaş-yavaş açılan qapılarından başlanır. Ölkəmizdə, paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycana səfər edən əcnəblər şəhərimizin seyrəngahlığını, möhtəşəmliyini, gözəlliyini, dünya standartlarına cavab verən tələblər çərçivəsində inşa edilən Heydər Əliyev Beynəlxalq Aeroportunu görürlər. Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən məkanın VİP salonlarında və biznes-terminalında xidmətin nümunəvi təşkili, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qrupların, təyyarələrin, nəqliyyat xidmətinin, uçuş heyətinin, təyyarə bələdçilərinin, aviasiya təhlükəsizliyinin, gömrük və viza xidmətinin təmin edilməsini və s. yüksək ölçüləri ilə seçildiyini təsdiqləyir. Heydər Əliyev Beynəlxalq Aeroportu coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanıdır. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan London, Paris, Təl-Əviv, Ankara, Dubay, Roma, Moskva, Kiyev, Sankt-Peterburq, Vyana, Frankfurt və dünyanın digər şəhərlərinə uçuşlar təşkil olunur.
MÜLKİ AVİASİYAMIZIN KEYFİYYƏT VƏ MİQYASI ETİBARİLƏ YENİ MƏRHƏLƏSİ
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son illərdə mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb. Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət bu qapıdan - hava qapısı adlandırılan məkandan başlayır. Ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyanın inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturu yaradılıb. "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verilib. "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açılıb.
QARABAĞIN HAVA QAPISI - FÜZULİ BEYNƏLXALQ HAVA LİMANI
Mülki aviasiya sahəsindəki uğurlar bizə deməyə əsas verir ki, ölkəmizin coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaradıb.
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bu gün Zəfər qazanmış Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanları da tikilib və bu davam etməkdədir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunaraq istifadəyə verilib. Füzulidə yerləşən beynəlxalq hava limanı ən müasir standartlara uyğun təchiz edilmiş böyük bir kompleksdir. Hava limanının açılış mərasimi oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qələbə Gününün birinci ildönümündən bir neçə gün əvvəl baş tutdu. Türkiyə Prezidenti Füzuli hava limanında havaya qalxan ilk xarici sərnişin oldu. Maksimal rekord müddətdə inşa edilən hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk əhəmiyyətli infrastruktur obyektidir. Füzulidə yerləşən beynəlxalq hava limanı sadəcə regionun vizit kartı deyil, həm də mühüm strateji məntəqədir. O, Qarabağın digər regionlarla və bütün dünya ilə əlaqələrini genişləndirəcək. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti çıxışında Füzuli hava limanını "Qarabağın hava qapısı" adlandırıb. Yeni hava limanının uğurlu coğrafi mövqeyi ölkəyə beynəlxalq nəqliyyat logistikası və turizm potensialının açılması üçün geniş imkanlar yaradır. Bunun sayəsində sərnişin axını artacaq və regionun turizm potensialının inkişafına əlverişli təsir göstərəcək. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
ZƏNGİLAN - NƏQLİYYAT-LOGİSTİKA MƏRKƏZİ
Prezidentin dəstəyi sahənin inkişafı, təşəkkül prosesində tənzimlənməsi üçün əlverişli şərait yaratmışdır. Demək olar ki, bütün aviasiya layihələri dövlət başçısının dəstəyi və ya iştirakı ilə həyata keçirilib və bu işlər davam etdirilir. 2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Zəngilan rayonu üzərində nəzarəti geri qaytardılar. 2021-ci ilin fevralında Azərbaycan Prezidenti bəyan etdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq havalimanı tikiləcəkdir. Dövlət başçısının sözlərinə görə Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verəcək. Çox keçmədi ki, Zəngilan havalimanının 20 oktyabr 2022-ci ildə açılışı oldu. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir və havalimanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul etmək gücündədir.
Laçında isə beynəlxalq hava limanının tikintisi davam etdirilir. Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aviasiya sahəsində kompleks şəkildə həyata keçirilən tədbirlər bu sahənin daha parlaq gələcəyindən xəbər verir. Milli aviasiyamızın sürətli inkişafı, yeni-yeni nailiyyətlərin əldə olunacağına əminlik yaradır.
Nəzakət ƏLƏDDİNQIZI