Siyasət

  • 974

Şuşa Bəyənnaməsi Cənubi Qafqazda sülhün qarantıdır ŞƏRH

image

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən danışarkən ilk növbədə bu tarixi sənədin Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olduğunu qeyd etmək lazımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən müddət ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Xüsusi olaraq bu məqamı da qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini bir daha nümayiş etdirir.

Şuşa Bəyannaməsində xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid yarandığı və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilmələri nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regioanunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri də məhz Şuşa Bəyannaməsinin həm də regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir və Azərbaycan ilə Türkiyə arasında yeni əməkdaşlıq formatının yeni iqtisadi perspektivlərini ortaya çıxarır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər