Siyasət

  • 1 633

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır ŞƏRH

image

Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla həm razılaşır.

Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı.

Bu tarixi sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Prezident İlham Əliyevin də söylədiyi kimi, tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə Azərbaycanla Türkiyənin gələcək işbirliyinin istiqamətini göstərir.

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini də artırır, həmçinin ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməkdədir. Bütün əməkdaşlıq sahələrini əhatə edən bəyannamə sülhə və inteqrasiyaya yol açır. Regionda inteqrasiya proseslərini stimullaşdırır".

Azərbaycanın 44 günlük Vətən müharibəsi başa çatdıqdan və işğal olunmuş torpaqlarının azad edilməsindən sonra Şuşa Bəyannaməsinin imzalanması Türkiyənin həmrəyliyini və ərazisinin təhlükəsizliyinin və bütövlüyünün təmin edilməsində strateji tərəfdaşını dəstəkləmək istəyini əks etdirir. Bu akt həm də hər iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək istəyini nümayiş etdirir.

Torpaqların işğaldan azad olması ilə bərabər onun yenidən qurulması da vacib işlərdən biridir. Bu istiqamətdə də Türkiyə ilə olan sıx əməkdaşlıq çərçivəsində iqtisadi və geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizinin qurulmasıdır. Dəhlizin əhəmiyyəti təkcə ölkə daxili deyil, beynəlxalq istiqamətdə Şərqdən Qərbə uzanan böyük ticarət dəhlizinin əsasını təşkil edir. Türkiyə ilə Azərbaycan arasında birbaşa hava nəqliyyatından başqa avtomobil və dəmiryolu ilə ticarət dövriyyəsinin artırılması iqtisadi cəhətdən də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu iqtisadiyyatın sürətli inkişaf etməsinə, zəruri sahələrin davamlı genişləndirilməsinə, strateji cəhətdən təkmilləşdirilməsinə şərait yaradır.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər