Siyasət

  • 1 723

Türk dövlətləri sülhə və ədalətə sadiqdir ŞƏRH

image

Qloballaşma meyillərinin gücləndiyi bir zamanda Türk dövlətlərinin vahid platformada birləşməsi ölkələr arasında əməkdaşlıq əlaqələrinə yeni imkanlar açıb. Etnik və mədəni köklərə, ortaq keçmişə malik olan Türk dövlətləri arasında əməkdaşlıq münasibətləri daha da güclənib. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında bildirdiyi kimi, "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur". Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü Türk dövlətləri arasında əlaqələrin intensiv xarakter aldığını və baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir.

Türk dünyasının bir araya gəldiyi Şuşa şəhəri artıq ideoloji, mənəvi bir mərkəzə çevrilib. Milli birlik və mədəniyyət paytaxtı olan Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi olaraq türk dövlətlərini birləşdirən məkan rəmzi kimi yerini daha da möhkəmləndirir. Şuşa şəhərinin 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də əbəs deyildi. 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Şuşa şəhərinin "Azərbaycanın Mədəniyyət Paytaxtı" elan edilməsi haqqında Sərəncamı bu şəhərin əhəmiyyətini bir daha sərgiləmiş oldu. Daha sonra dövlət başçısının məlum Sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edildi.

2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Azərbaycanın müstəqillik tarixində yeni səhifə oldu. Məhz diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunan Bəyannamənin Şuşada imzalanması dövlətlər arasında əlaqələri ən yüksək zirvəyə qaldıraraq, gələcək işbirliyinin təminatında tarixi sənəd oldu.

28 ilə yaxın bir tarixdə erməni işğalında qalan Şuşamız azad olundu və yeni tarixi dövrə qədəm qoydu. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilmədilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular. Hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

Zəfər qazanan Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir, quruculuq-abadlıq işlərinə türk dövlətləri də töhfələrini verirlər.

Bu gün Şuşa beynəlxalq tədbirlərin məkanına, türk dünyasının mərkəzinə çevrilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Türk dünyası arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirəsi baxımından əhəmiyyət kəsb edir. Türk dövlətlərinin regionda sabitliyin, sülhün qorunub saxlanılmasında rolu getdikcə artır və Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin göstəricisidir.

Dost dövlətlər arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr səmərəli əməkdaşlıq baxımından ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə daha da yüksəlib. Türk dövlətləri regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rola malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir" ifadəsi ilə öz mesajını vermiş oldu. Şuşa şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı idi. Cənab Prezidentin çıxışı zamanı səsləndirdiyi fikirlərdə türk dövlətləri qarşısında duran hədəflər diqqətə çəkilib. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi prioritet məsələlərdən biri olaraq qarşıda duran məsələlərdəndir. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. "Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək", - deyə Prezident bildirib.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlıq üçün yol xəritəsidir. Vahid ailə ideyası ətrafında birləşən türk dövlətləri birlik və əməkdaşlığın yeni bir modelini ortaya qoydular. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dövlətlərinin həmrəyliyini, beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Güləddin Dadaşov,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər