Siyasət

  • 995

Münasibətlərdə yeni səhifənin başlanğıcı

image

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsas məsələ kimi diqqətdədir. Bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmləndirilməsi münasibətlərin gələcək inkişafına imkanlar yaradır. Son illər Prezident İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvət olunması ölkəmizin nüfuzunun, dövlətimizin başçısına etimadın göstəricisidir.

Cənab İlham Əliyevin bu günlərdə dost, qardaş Pakistana dövlət səfəri bir daha təsdiqlədi ki, qarşılıqlı etimad münasibətlərin inkişafında əsasdır. Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
Münasibətlərimizə qısa baxış Azərbaycan-Pakistan əlaqələrinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Sonrakı illərdə qarşılıqlı səfərlərin davamlı xarakter alması, imzalanan sənədlər münasibətlərin daha da dərinləşməsində əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Belə ki, günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılması, vahid mövqenin ortaya qoyulması, nəzərdə tutulan sahələrdə inkişafı təmin etmək üçün sənədlərin imzalanması əməkdaşlığa öz müsbət təsirini göstərir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin sözügedən səfəri də xüsusi diqqətdə oldu. Keçirilən məhdud və geniş tərkibdə görüşləri məhsuldar dəyərləndirən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, bu müzakirələrin qarşılıqlı inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan, dostluğumuzu, qardaşlığımızı əks etdirməyən ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik, sarsılmaz dəstək əsasında aparıldığından çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında münasibətlər səmimi xarakter daşıyır: “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.”
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan və Pakistanın iqtisadi əlaqələrinə gəldikdə deyə bilərik ki, 1995-ci ildə Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” imzalanıb. 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub. 2017-ci ildə Azərbaycandan ixrac missiyası Pakistanda işgüzar səfərdə olub. Həmin ildə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib və “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu ildə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sərgisi keçirilib.
Pakistanın Baş nazirinin qeyd etdiyi kimi, Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticarət sahələrində aktivlik ikitərəfli münasibətlərin səviyyəsinə uyğun deyil. Bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial vardır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər.
Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyatdır. İki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən il AZAL Bakıdan Lahora, İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb.
Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində müzakirə olunan məsələlər, atılan addımlar, imzalanan sənədlər iki ölkənin iqtisadi, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrinin uğurlu inkişafından xəbər verir. Səfər çərçivəsində aparılan müzakirələr əsasında ikitərəfli ticarətin genişləndirilməsi barədə razılağa gəlindi. İnvestisiya sahələri müzakirə edildi. Sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub.
Cənab İlham Əliyevin dövlət səfəri strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafını təmin edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz qardaşıq və dostuq.

Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri

Digər xəbərlər