PDF Oxu

Siyasət

  • 1 478

Azərbaycanın birgəyaşama modeli TƏHLİL

image

Prezident İlham Əliyev: "Hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir"

Azərbaycanın dünyada multikulturalizmin ən mükəmməl modelini yaratdığını dedikdə hansısa bir mübaliğə yaratmış olmuruq. Mövcud mühit artıq bu fikri söyləməyə dilindən, dinindən asılı olmayaraq hər bir insanı sövq edir. Ölkəmizin elə bir məkanı yoxdur ki, orada bu mühit ilə qarşılaşmayasan. Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı da məhz ölkəmizin tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnək olduğunun göstəricisidir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycanı dünyada tanıdıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar. Bu ziyarət İsa Peyğəmbərin mücəssəməsi gününə təsadüf edib.

Dini etiqadından asılı olmayaraq hər kəs burada özünü rahat bir şəkildə hiss edir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bizim pravoslav vətəndaşlarımızın özlərini evlərindəki kimi hiss etmələrinə şadıq. Bu, hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir. Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur ki, burada belə bir vəhdət var". Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, tolerantlıq mühitinin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib.

PRAVOSLAVLARIN ETİQAD ETDİYİ MƏBƏD

Din tolerantlığın ünvanı olan Azərbaycanda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsini məqsədi ilə fəaliyyət göstərir. Tarixi dövrünə diqqət etsək görərik ki, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdir. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranmışdır. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların səyləri və Ulu Öndər Heydər Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb.

"AZƏRBAYCANDA AYRI-AYRI XALQLARIN VƏ ETİQADLARIN MƏNSUBLARI YÜZ İLLƏRDİR Kİ, SÜLH VƏ ƏMİN-AMANLIQ ŞƏRAİTİNDƏ YAŞAYIR"

Azərbaycanın bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlət olması ölkəmizi tolerantlıq, dözümlülük mərkəzinə çevirib. Çağdaş dünyamızda Azərbaycanda onlarla milli azlığın nümayəndəsi - rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. yaşayır və onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti və s. göstərmək olar. Bütün xalqların nümayəndələri öz ayinlərini, milli bayramlarını sərbəst şəkildə yerinə yetirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Pasxa bayramı münasibəti ilə Azərbaycanın pravoslav xristian icmasını təbrikində bildirdiyi kimi, "Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ayrı-ayrı xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

"ERMƏNİ MƏDƏNİ İRSİ HƏM BAKIDA, HƏM DƏ QARABAĞDA MÜHAFİZƏ OLUNUR"

İnkar olunmaz faktdır bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün tam bərabər hüquqa malikdirlər.

Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.

Belə bir ənənəyə sahib olan Azərbaycan təəssüf ki, erməni vandallarının təcavüzünə məruz qalıb. Mənbələrdə göstərilir ki, təkcə XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam - Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Cənab Prezident çıxışlarının birində onu da bildirib ki, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur: "Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər".

Azərbaycan tolerant ölkə olaraq dünyada tanındığı bir zamanda ermənilər 30 ilə yaxın işğal altında olan dini abidələrimizi dağıtmış, viran qoymuşdular. "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb", - deyə Prezident çıxışlarının birində bildirmişdir. Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Ölkəmizdəki tolerantlıq mühiti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir.

Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər