"Dünyanın ən çirklənmiş ərazilərindən biri də minalanmış Qarabağdır. Təəssüflər olsun ki, ermənilər Qarabağda, Zəngəzurda çox böyük həcmdə minalar basdırıblar. SSRİ dövründə mina zavodlarından biri də İrəvanda idi, Ermənistanın paytaxtında". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, orada bütün minaları istehsal edib gətirib Qarabağ ərazisini çirkləndiriblər: "Təsəvvür edin, təkcə Ağdamda - onların özlərinin etirafına görə, 97 min minanın xəritəsi var. Niyə bir rayona 97 min mina basdırılır? Bu, terrordur, bu, soyqırımdır. Onlar istəmirlər ki, azərbaycanlılar öz yurdlarına qayıtsın. Amma Azərbaycan qısa müddətdə müharibəni özü həll etdiyi kimi, minanı da öz gücünə həll edir. Minatəmizləmə agentliyi yaradılıb, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi birlikdə bu işi həyata keçirirlər. Müdafiə Nazirliyində iki yeni hərbi hissə yaradılıb, şəxsi heyət artırılıb, yeni təlimlər keçirilib, yeni avadanlıqlar alınıb. Ali Baş Komandanın, cənab Prezidentin tapşırığı ilə çoxlu işlər görülüb. Ancaq yüz faiz təmizləmək mümkün deyil.İkinci Dünya Müharibəsindən sonra hələ də Şərqi Avropada, müharibə gedən ərazilərdə sursatlar partlayır. Yəni, dünyada elə bir yer yoxdur ki, orada müharibə olub və həmin ərazi tam şəkildə sursatlardan və minalardan təmizlənsin.Azərbaycan dövləti texnologiyanın gücü ilə bu prosesi ən yüksək səviyyədə və qısa müddətdə aparır. Ərazilər minadan təmizlənir, hava limanları tikilir, dəmir yolları çəkilir, avtomobil yolları salınır, şəhərlər, qəsəbələr inşa edilir, evlər bərpa olunur. Ancaq təəssüf ki, bəzən mina qurbanları da olur. Beynəlxalq ictimaiyyət Ermənistanla bağlı konkret tədbirlər görməyib. Ermənistan isə verdiyi xəritələrin yalnız 25 faizinə qədərini doğru verib, qalanı isə real deyildi. Bu da Ermənistanın növbəti yalanı idi.Mina elə bir sahədir ki, onunla yalnız peşəkarlar məşğul ola bilər. Mina basdırılanda onun xəritəsi üç nüsxədə hazırlanır və təsdiqlənir: biri Müdafiə Nazirliyinin Baş Qərargahında, biri hərbi birləşmənin qərargahında, biri isə hərbi hissənin özündə qalır. Ermənilər həmin ərazilərdə idilər, bəs necə olurdu ki, özləri minaya düşmürdülər? Əgər xəritələr yanlış idisə, niyə rus sülhməramlıları və ya onlar özləri zərər çəkmirdi? Bir müddət ermənilər bunu inkar etdilər, sonra isə etiraf etdilər. Ancaq Azərbaycan dövləti bu məsələləri də öz gücü ilə həll edir. Qısa müddətdə böyük hissələr təmizlənib. Azərbaycan çalışır ki, yaxın gələcəkdə bütün işğaldan azad olunmuş ərazilər minalardan tam şəkildə təmizlənsin".
Müəllif: Ziya Hikmətoğlu