Belarus Azərbaycanla hərbi tərəfdaşlığını davam etdirməyə hazırdır. Bunu Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin 5-ci ildönümü ilə bağlı səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-mayor Pavel Muraveyko deyib. P.Muraveykonun qeyd etdiyi kimi, Belarusla Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır. “Biz Azərbaycanın hərbi sahədə tikinti, müasir hərbi texnikanın inkişafı və ya münaqişələrin həlli təcrübəsini böyük məmnuniyyətlə öyrənirik. Bu sahədə əlaqələrimizin inkişafında təkcə hərbi strukturlar deyil, həm də dövlət başçıları arasında mövcud olan dostluq münasibətləri mühüm rol oynayır. Bu dostluq münasibətləri bizə irəli getməyə imkan verir”,- deyə P.Muraveyko qeyd edib.
Belaruslu ekspertlər Bakı və Minsk arasında hərbi-texniki əməkdaşlığın perspektivləri haqda fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Rəyləri oxucularımıza təqdim edirik.
Belaruslu hərbi ekspert, ehtiyatda olan polkovnik, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski:
“Təəssüf ki, Ermənistan hələlik Belarusun KTMT və Aİİ-də tərəfdaşıdır, lakin Paşinyanın son bəyanatlarına və onun hökumətinin Qərb kursuna baxmayaraq, Belarus hakimiyyəti Azərbaycanla sıx əlaqələri inkişaf etdirmək üçün uzun müddətdir və ardıcıl olaraq çalışır. Bakı həqiqətən də hərbi-texniki əməkdaşlıq sahəsində rəsmi Minskin əsas tərəfdaşlarından biridir və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi ilə Azərbaycan Mdüfaiə Sənayesi Nazirliyi arasında müvafiq saziş bağlanmışdır.

Xatırladıram ki, Azərbaycan son 20 ildə Belarusdan müxtəlif növ silahların alınmasında liderdir: tank və artilleriya alışında 1-ci yerdə; zirehli texnikanın alınmasnda 2-ci, döyüş təyyarələrinin alınmasında 3-cü yerdədir. Və hələ 2020-ci ilin oktyabrında, yəni İkinci Qarabağ müharibəsinin qızğın vaxtında Azərbaycan prezidenti İlham Əliyev Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Rusiya, Türkiyə və İsraillə yanaşı Belarusu da Azərbaycan ordusunun ehtiyacları üçün silahlar və əsas avadanlıq tədarükçülərindən biri kimi göstərib. Mövcud ekspert hesablamalarına görə, silah ticarəti sahəsində Belarus-Azərbaycan sövdələşmələrinin ümumi paketinin dəyəri çoxdan 1 milyard dolları ötüb.
Belarus hərbi sənaye kompleksinin müəssisələri ilə potensial əməkdaşlıq baxımından erməni tərəfinin maddi imkanları Azərbaycandan xeyli aşağıdır. Diqqətinizə çatdırmaq istərdim ki, 2020-ci ilin noyabr ayından Belarusun Azərbaycandakı səfiri vəzifəsini Belarus Respublikasının keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi vəzifəsində çalışmış general-polkovnik Andrey Ravkov tutur. Bu baxımdan Belarus ekspert birliyində belə bir fikir qəbul olunur ki, Aleksandr Lukaşenko təhlükəsizlik blokunun yüksək rütbəli nümayəndəsini Bakıya göndərməklə İlham Əliyevlə münasibətlərin etimad xarakterini və iki dövlət arasında müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini bir daha vurğulayıb. Ravkovun Belarusun müdafiə naziri kimi varisi, general-leytenant Viktor Xreninin ilk xarici səfərini Azərbaycana etməsi də çox simvolikdir.
Mövcud məlumatlara əsasən, hazırda tərəflər texnika və silahların inkişafı sahəsində ikitərəfli layihələrə xüsusi diqqət yetirirlər, bu layihələr haqqında sazişlər Azərbaycanın müdafiə sənayesi nazirinin Belarusun MILEX-2021 hərbi sərgisinə səfəri zamanı əldə olunub. Bu proses ADEX-2024 sərgisinin keçirildiyi Bakıda da davam edir. Belarus silah ustaları orada öz yeni texnologiya nümunələrini, xüsusən də təyyarələri, vertolyotları, qanadlı raketləri və pilotsuz təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş 9A33MB döyüş maşını olan “Sapfir” qumbaraatanlarını təqdim etdilər. Bundan əlavə, bütün relyefli zirehli texnikalar, artilleriya növləri və komandir heyəti üçün nəqliyyat vasitələri nümayiş etdirilir.
Vurğulamaq yerinə düşər ki, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətin bir çox aspektləri məxfi xarakter daşıyır, lakin hətta açıq məlumatlar belə Azərbaycan və Belarus arasında bu sahədə uzunmüddətli və sıx əməkdaşlıq haqqında nəticə çıxarmağa imkan verir.
2023-cü ilin sentyabrında Qarabağ üzərində tam nəzarəti bərpa etməyə nail olan Bakının mühüm uğurları Belarus rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Bakının Ermənistan-Azərbaycan münaqişəsində qələbəsindən sonra Belarusla Azərbaycan arasında əlaqələr güclənsə də, Minsklə İrəvan arasında onsuz da çətin olan münasibətlər getdikcə pisləşir.
Xatırlayaq ki, Lukaşenkonun bu ilin mayında Bakıya səfəri zamanı qeyd edib ki, “çətin vaxt gəlib çatıb ki, bu torpaqları dirçəltməliyik, insanları qaytarmalıyıq...”. Belarus prezidenti deyib ki, bu iş çox vaxt və böyük iş tələb edəcək və Minsk bu istiqamətdə dəstək verməyə hazırdır.
Məntiqlidir ki, müharibədə qələbə nəticəsində inkişafa təkan vermiş Azərbaycan Belarusla hərbi-texniki əməkdaşlığın mövcud vəziyyətinin yenidən formatlaşdırılmasına maraq göstərir- Sovet texnikasının modernləşdirilməsindən və Belarus silahlarının idxalından tutmuş daha yüksək səviyyəli qarşılıqlı əlaqələri təmsil edən birgə elmi-tədqiqat və təcrübə konstruksiya işlərinə qədər. Eyni zamanda, rəsmi rəsmilərin, o cümlədən prezident Aleksandr Lukaşenkonun bəyanatlarına əsaslanaraq, Belarus tərəfi azərbaycanlı tərəfdaşların istənilən xahişini təmin etməyə hazırdır, bu isə o deməkdir ki, Bakı və Minsk hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməyə potensial hazırdırlar və qarşılıqlı əlaqəni gücləndirməyə qadirdir.
Belarus Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi, siyasi elmlər namizədi, fəlsəfə doktoru, Anatoli Boyaşov:
Hərbi-texniki əməkdaşlığın artması Minsk və Bakı arasında tərəfdaşlığın etibarlılığını sübut edir. İlk növbədə, bu tərəfdaşlıq iki ölkənin ümumi milli maraqları ilə müəyyən edilir.

Həm Azərbaycan, həm də Belarus üçün xarici siyasətin ardıcıllığı prinsipial əhəmiyyət kəsb edir. Minsk sabit regional inkişafda, nəqliyyat-kommunikasiya dəhlizlərinin fasiləsiz işləməsində, iqtisadi inkişafın yeni səviyyəsinə yüksəlməsində maraqlıdır. Müvafiq regionların sabitliyi Belarus və Azərbaycanın milli rifahından və müdafiə qabiliyyəti səviyyəsindən asılıdır, bu səbəbdən hərbi-texniki əməkdaşlığın intensivləşdirilməsi məntiqlidir və vaxtındadır. Yüksək səviyyəli müdafiə qabiliyyəti bizə dinc inkişaf gündəmini birləşdirməyə və təxribatların qarşısını almağa imkan verir.
Xarici siyasətdə peşəkarlıq və ardıcıllıqla yanaşı, Belarus və Azərbaycan daxili işlərə qarışmamaq prinsipinə əməl edirlər. Bizi bir-birimizin milli ictimai-siyasi xüsusiyyətləri, dövlətlərimizin özünəməxsus inkişafı maraqlandırır. Məhz bu səbəbdəndir ki, iki dövlətin iqtisadi və nəqliyyat-logistika qarşılıqlı əlaqəsi siyasi diktəyə deyil, qarşılıqlı mədəniyyətlərarası zənginləşməyə gətirib çıxarır. Nəticədə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. BMT və digər beynəlxalq platformalarda yanaşmalarımızın əlaqələndirilməsi buna misal ola bilər. Bizim yanaşmalarımızın vəhdətinin bariz nümunəsi Aleksandr Lukaşenkonun Şuşaya səfəri oldu. İşğaldan azad edilmiş ərazilərin bərpasında Belarusun iştirakı ilə bağlı razılıqlar əldə edilib, tarixi yaddaşa, Şuşa şəhərinin mədəni dirçəliş etalonu kimi yüksək əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Turbulentlik şəraitində münasibətlərin qurulmasında müəyyənedici amillər böyük sözlər və siyasi texnologiyalar deyil, etibarlılıq və peşəkarlıqdır. Ölkələrimizin bu komponentlərə arxalanması çox xoşdur. Ona görə də biz Belarus və Azərbaycan arasında strateji tərəfdaşlığın ardıcıl inkişafını gözləyirik.
Tərcümə - Elçin Bayramlı