Siyasət

  • 1 594

Heydər Əliyev yolu Azərbaycanı möhtəşəm qələbələrə aparır

image

3 oktyabr 1993-cü il tarixinə təyin edilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün böyük inkişaf və tərəqqiyə gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ümummilli Lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu Öndər andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Dahi Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi xüsusi qeyd edilir. Ulu Öndər Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərin potensialına müraciət edərək, Ulu Öndər onları Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” söyləyən Ümummilli Lider Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.
Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Azərbaycanın iqtisadi uğurlarında demokratik inkişafı əsas rol oynayır. Hər bir ölkə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərdə ilk olaraq sabitliyə, qanunun aliliyinə xüsusi diqqət yetirir. Azərbaycanın qeyd olunan istiqamətlərdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq Azərbaycan insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin üzərindən senzura götürüldü, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Ölkəmizdə seçkilərin demokratikliyini təmin etmək, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımlar atıldı.
Ümummilli Lider atdığı hər addımında milli-mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə bağlı xalq olduğumuzu nümayiş etdirdi. Milli ideologiyanın yaradılması məhz Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi idi. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında əhəmiyyətli rol oynayır.
Son 21 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin xidmətlərinin ayrı-ayrı istiqamətlər üzrə təhlilinə geniş imkanlar yaratdı. Bir daha təsdiqləndi ki, bu yol Azərbaycanı hər zaman uğurlara aparır.
Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın keçdiyi yolun təqdimatıdır. Bir daha sübut oldu ki, hər bir ölkənin inkişafında Lider və düşünülmüş siyasət amilləri əsasdır. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdiyi yolun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı zəfərlərdən-zəfərə aparır.
Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi tərəqqi bütün inkişafın əsasıdır. Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha Azərbaycanın iqtisadi uğurlarını önə çəkərək hədəfləri açıqladı. Bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir. Ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlər görülür. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.
Cənab İlham Əliyev bildirdi ki, xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Əsas hədəflərdən biri Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri dünyaya dirçəlişin Azərbaycan modelini təqdim edir. Azərbaycan yeni təcrübələrin tətbiqində maraqlı olduğunu bərpa-quruculuq işlərində də təsdiqləyir. Bərpa işləri soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışı ilə müşayiət olunur. Sentyabrın 26-da Cəbrayıl şəhəri də sakinlərinə qovuşan şəhərlərimiz sırasına daxil oldu. Artıq 5 şəhərə və 4 kəndə soydaşlarımızın qayıdışı reallaşıb. Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür. Bu tarixi gün bizi keçilən yola nəzər salmağa çağırış edir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 44 günlük İkinci Qarabağ müharibəsi xalqımızın torpaq həsrətinə son qoydu. Müharibənin başlandığı ilk gündən qələbə qazanan rəşadətli Ordumuz irəliyə doğu daha böyük inamla addımladı. 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayıl dirçəlir, müasir infrastruktur yaradılır, doğma torpağına qayıdan soydaşlarımız sevinclidirlər. Qısa müddətdə reallığa çevrilən qayıdış Azərbaycanın iqtisadi imkanlarının nümayişidir.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər