Dünya

  • 7 994

Müharibələr: öldürülən heyvanlar və məhv edilən ekosistem -ARAŞDIRMA

image

Müharibələrin, təbii fəlakətlərin, insanın səbəb olduğu bir çox qarşıdurmanın nəticəsində bütün dünyanın yalnız 3 faizi ekoloji cəhətdən toxunulmaz olaraq qalır. Ekoloji cəhətdən bütövlük, sağlam nəsil artıran və heç bir şəkildə müdaxilə edilməmiş yaşayış mühitinə malik bütün heyvan növlərinin mövcudluğu kimi xarakterizə edilir. İnsan faktoru nəticəsində zərər görməyən bu təmiz ərazilər Amazonda, Konqonun tropik meşələrində, Şərqi Sibir və Kanadanın şimalındakı meşə və tundralarda, Mərkəzi Afrikada yerləşir. Araşdırmaya görə, Avstraliyada pişik, tülkü, dovşan, keçi və dəvə kimi invaziv növlərin yerli heyvan növlərinə böyük təsir göstərdiyi ekoloji cəhətdən bütöv ərazi yoxdur.

2001-ci ildən etibarən BMT Baş Assambleyası 6 Noyabr tarixini Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü elan edib. Bu gün, insanları müharibə və münaqişələrin insan təlafatı ilə yanaşı həm də ətraf mühit üçün yaratdığı təhlükələr barədə məlumatlandırmaq məqsədi daşıyır.

Müharibədən tək insanlar zərər görmür

Bütün müharibələr insanlar üçün faciəvidir – həm günahsız, həm də günahı olan tərəflər üçün. Müharibələrin insanlar üçün nə qədər dəhşətli nəticələri olduğunu bilirik və bu barədə həmişə danışırıq. Ancaq təəssüf ki, digər fəlakətlər kimi, müharibənin bizdən başqa heyvanlara, ekosistemə və planetə təsirləri də çoxdur və barədə çox az danışılır. Müharibələr təkcə insanları öldürmür, planetdə yaşayan bütün canlıları məhv edir.

Müharibələrin iqlim problemləri ilə birbaşa əlaqəsi var. Müharibələrin iqlim problemlərinə təsirini araşdıran “Münaqişə və Ətraf Mühit Rəsədxanası” qurumunun məqaləsinə əsasən, karbon emissiyalarına birbaşa və dolayısı ilə səbəb olan səbəblər sıralanıb. Bilavasitə təsir edən səbəblər arasında neft anbarları, hasilat sahələri və boru kəmərləri müharibədə ilk hədəf alınan yerlərdən biridir. Bir ölkə başqa bir ölkə ilə müharibə edərkən ilk növbədə neft bazalarına, təbii qaz xətlərinə zərbə endirməsi, orada zəhərli qaz sızması və yanğınlar olması xəbərini çox görmüşük. Bu yanğınlar təbii ki, böyük karbon qazı emissiyalarına səbəb olur.

Həmçinin, bitki örtüyünün və meşələrin yandırılaraq məhv edilməsi, bununla da iqlimə birbaşa təsir edən başqa bir müharibə fəsadıdır. Məsələn, Vyetnam müharibəsi zamanı kimyəvi maddələrdən istifadə edilərək meşələrin məhv edilməsi nəticəsində ümumi meşə sahəsinin 44%-nin məhv edildiyi bildirilirdi. Təbii ki, bu, meşələrdə yaşayan milyonlarla canlının da yox olması deməkdir. Müharibədən sonrakı vəziyyətə nəzər saldıqda, ərazidə idarəetmənin zəifləməsi və iqlim-ətraf mühit ilə əlaqədar görülən tədbirlərin əhəmiyyətini itirməsi səbəbindən daha çox çirkləndirici variantlara əl atıldığını görürük.

Məsələn, Yəmən, Liviya və Suriya kimi münaqişə bölgələrində böyük miqdarda neftin yandırılması nəticəsində CO2-nin atmosferə buraxılması hadisələri var. Ukraynanın müharibə dövründə su qıtlığı səbəbindən ekoloji zərər görməsi halları da istisna deyil. Buna görə də müharibə və qarşıdurmalar həm qısa, həm də uzunmüddətli perspektivdə ekologiyaya, bitki örtüyünə, canlılara müxtəlif növ birbaşa və dolayı ziyan vurur. Müharibədən sonra, xüsusən də dağıdılmış şəhərlərin yenidən qurulması və torpaqlardan istifadənin dəyişməsi səbəbindən ekoloji problemlər davam edir.

Silah sənayesi təbiəti məhv edir

Başqa bir məsələ də budur ki, silahlanma və müharibə sənayesi hətta sülh dövründə belə planetə ən çox ziyan vuran sahələrdən biridir. Silahların istehsalı zamanı müəssisələrin atmosferə ötürdüyü karbon qazı ciddi problemlərə səbəb olur. Məsələn, bu səbəblə Pentaqon, İsveç, Norveç və Finlandiyadan daha çox karbon qazı buraxır. 2017-2018-ci illərdə Böyük Britaniya ordusunun yaratdığı tullantılar 60 ölkənin ümumi emissiyalarından çox olub. ABŞ ordusu 140 digər ölkənin ordusunun cəmindən daha çox karbon emissiyası istehsal edir. Bundan əlavə, hərbi obyektlərin yerləşdiyi yerlərdə torpaq və içməli su ehtiyatları təhlükəli kimyəvi maddələrlə (arsen, qurğuşun, asbest kimi) zəhərlənir. Bunlar həm insanlar, həm də təbiətdəki digər canlılar üçün böyük risklər yaradır.

Müharibələr tarix boyu biosferi dəyişmək potensialına malik dağıdıcı qüvvə olub. Bu mənfi təsirlər təkcə birbaşa münaqişələr nəticəsində deyil, həm də nüvə silahları, hərbi təlimlər və hərbi sahə ilə əlaqəli çirkləndiricilər kimi baş verir. Məsələn, bomba atıldığı zaman həmin ərazidəki insanlarla bərabər heyvanlar da dəhşətli şəkildə öldürülür, həmçinin yaşayış mühiti dəyişir, atılan bombanın səbəb olduğu kimyəvi çirklənmə, bombanın yaratdığı yüksək desibelli səslər heyvanların ölümlərindən əlavə fizioloji və psixoloji problemlər yaşamasına səbəb olur, biomüxtəlifliyin azalması, növlərin nəslinin kəsilməsi və s. ilə nəticələnir. Dənizdən olan hücumlarda sualtı partlayıcıların istifadə və səs dalğaları dənizin altında yaşayan heyvanların həyatına ciddi təsir edən vəziyyətlərdir. Bu partlayışlar zamanı yaranan təzyiq səbəbindən su altında yaşayan heyvanların ölümünə və ya ciddi zədələnməsinə səbəb olur.

Bununla belə, müharibə zamanı vəhşi təbiətdə qənimət ovuna çıxanlar da az deyil. Məsələn, Mozambikdə baş verən qarşıdurmalar zamanı döyüşən tərəflər zaman-zaman Qoronqosa Milli Parkında qənimət ovuna da çıxaraq buynuzu qiymətli keyvanları öldürərəq buynuzunu qənimət kimi kəsib götürüblər.

Qarabağdakı minalar nadir heyvan növlərini məhv edir

Qarabağ müharibəsi zamanı ermənilərin Qarabağ ərazisində basdırdıqları çoxsaylı minalara insanlarla bərabər vəhşi təbiətin nadir növdən olan heyvanları da düşür. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir müddət əvvəl sosial şəbəkədə Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində ölən ayı balasının qalıqlarının görüntülərini də paylaşmışdı. Prezidentin köməkçisi həmin paylaşımda belə yazmışdı:

“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.

Rəsmi məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin, terror qruplarının qalıqlarından təmizlənmiş Azərbaycan Respublikasının ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda 1 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Təxminən Livan boyda olan bu ərazi dünyanın mina ilə ən çox çirklənmiş sahələrindən biri hesab olunur.

Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıda olan növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır. Azad edilmiş ərazilərdə ekoloji fəlakət ürək ağrıdır. 30 illik işğal dövründə ərazidə xeyli sayda meşələrin qırılması və ya yandırılması, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsi heyvanlara qarşı da kütləvi qırğındır.

Lalə Mehralı

Digər xəbərlər