İsrailin nüvə proqramının məxfi yerlərinə- Dimonadakı gizli tədqiqat mərkəzinə nüfuz etməyə müvəffəq olan İran kəşfiyyatı tərəfindən "milyonlarla səhifəlik müxtəlif və qiymətli məlumatlar" əldə edilib. İranın kəşfiyyat üsulları hansılardır və onlar bu cür həssas məlumatları necə əldə edə biliblər və İsraildə agentləri necə işə cəlb ediblər? Bu haqda Rusiyada nəşr olunan “Vzqlyad” qəzetində maraqlı material dərc olunub. Məqaləni oxucularmıza təqdim edirik.
İran kəşfiyyatı İsrailin nüvə və hərbi mərkəzləri, habelə nüvə silahının hazırlanmasında iştirak edən alimlərin və hərbçilərin adları haqqında “məlumat xəzinəsi” əldə edib. Bunu İslam Respublikasının kəşfiyyat naziri İsmail Xətib deyib. SNN onun sözlərindən sitat gətirib: “Reallıq budur ki, mürəkkəb əməliyyat nəticəsində İran kəşfiyyatının xüsusi təyinatlı bölməsi İsrailin məxfi obyektlərindən birinə sızmağa müvəffəq olub. Ölkəyə daşınan xəzinə sionist rejimlə bağlı milyonlarla səhifəlik müxtəlif və qiymətli məlumatı ehtiva edir”. Xətibin qeyd etdiyi kimi, bir çox israilli könüllü olaraq ya pul müqabilində, ya da İsrailin baş naziri Benyamin Netanyahuya nifrət edərək İran kəşfiyyatı ilə əməkdaşlıq edib.
“Bu sənədlərdə İsrail ordusunun əvvəlki və hazırkı silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və bəzi Avropa ölkələri ilə birgə layihələr, habelə nüvə silahının hazırlanmasında iştirak edən inzibati struktur və şəxslər haqqında tam məlumatlar var”, - İsmail Xətib deyib. O, iyun ayında İsraillə 12 Günlük Müharibə zamanı İran raketləri tərəfindən məhv edilən gizli ikili təyinatlı obyektlərin koordinatlarının ələ keçirildiyini, üstəlik, o, İsraildəki əməliyyatda iştirak edən komandanın bütün üzvlərinin sağ-salamat geri qaytarıldığını və Tehrana çatdırılan sənədlərin strateji, elmi və praktiki əhəmiyyətə malik olduğunu bildirib.
Bu, Negev səhrasındakı Dimona şəhəri yaxınlığındakı nüvə tədqiqat mərkəzinin obyektlərinə aiddir. Rəsmi olaraq, Dimonadakı nüvə mərkəzi Veizman Elm İnstitutunun bir hissəsidir, yayılmış videolara əsasən, İran kəşfiyyatçıları ora da sızmağı bacarıblar. İranın rəsmi kanalları tərəfindən yayılan videolarda əsasən ingilis dilində müxtəlif təsnifatlı sənədlər, İsrail pasportlarının, şəxsiyyət vəsiqələrinin və Dimona mərkəzindəki elm adamlarının və əməkdaşlarının xidməti vəsiqələrinin skanları, texniki sənədlər və diaqramlar, həmçinin Dimona mərkəzinin daxilindəki müxtəlif otaqların, o cümlədən reaktor zalının fotoşəkilləri göstərilir. Bu fotoşəkillərdən birində uranı zənginləşdirmək üçün istifadə edilən sentrifuqaların stellajları aydın şəkildə göstərilir.
Maraqlıdır ki, bütün bunlar MAQATE-nin direktoru Rafael Grossinin, əsasən də ailəsi ilə birlikdə çoxlu şəxsi fotoşəkilləri ilə kəsişir. Bu fotoşəkillər elədir ki, onları yalnız Qrossinin şəxsən istifadə etdiyi cihazlardan əldə etmək olardı. Bu fotoşəkillərdən birində onun Minnie Mouse maskotu kimi geyinmiş birisi ilə öpüşdüyü göstərilir. Bu, çox güman ki, uşaq məclisindən çəkilmiş fotoşəkildir və multfilm qəhrəmanı “Minnie Mouse” kostyumunu MAQATE direktorunun qızlarından biri geyinir. Dimona yaxınlığında səhnələşdirilmiş videolar və kəşfiyyat nəzarətindən alınan görüntülər də var. Onlarda İran agenti kolluqlarda bir növ daşıyıcı qoyur.
Hazırlaşmaq üçün xeyli vaxt olsa da, İsrail hələlik bu barədə şərh verməyib. Bu, təbii ki, görünməmiş bir hadisədir. Əvvəllər İran kəşfiyyatının İsraildəki əməliyyatları yarı həvəskar xarakter daşıyırdı.
Onlar ilk növbədə ani mesajlaşma proqramları vasitəsilə qeyri-stabil yeniyetmə məktəbliləri işə cəlb etməklə məşğul olublar. Bir neçə dəfə həm yəhudi, həm də başqa millətlərdən olan İsrail vətəndaşları olan evli cütlükləri işə cəlb edə biliblər.
İsrailin əks-kəşfiyyatı Şabak öz açıqlamalarında çaşqınlıq içərisindədir. Müxtəlif məlumatlarda Şabak keçən il İsrail vətəndaşları arasında 20, hətta 30 İran agentini həbs etdiyini iddia edib. Məsələn, ötən ilin dekabrında Colan təpələrindəki bir kənddən İsrail qoşunlarının hərəkətini izləyən druzi ata və oğulun həbsi “kifayət qədər böyük hadisə” elan edilmişdi.
Eyni zamanda Şabakın yüksək vəzifəli rəsmisi Şalom Ben Hanan İran üçün işləməyə razı olan yəhudi həmvətənlərinin sayını “heyrətləndirici” adlandırıb. İrana casusluqda ittiham olunanlardan ən azı ikisi ultra-pravoslav icmasından idi.
Bununla belə, qeyd etmək lazımdır ki, bunlar yenə də mobil telefonların belə qadağan olunduğu pravoslav mühitindən ümidsiz şəkildə xilas olmaq istəyən iki yeniyetmə idi. Nəticədə, bu iki “üsyançı” valideynlərinin xəbəri olmadan mobil telefonlar alıb və onlara müəyyən mesajlaşma proqramları quraşdırıblar və bu proqramlar vasitəsilə qadın ləqəbləri ilə fəaliyyət göstərən iranlı kəşfiyyatçılar onlarla əlaqə saxlayıblar. Bunu İran kəşfiyyatının böyük uğuru kimi qələmə vermək çətindir; sadəcə daha çox maraq doğurur. İşə götürülən digər iki nəfərdən biri ordudan fərarilik edən, digəri isə cinsi cinayətlərdə ittiham olunan bir kişidir. Bu “agentlər” ilk növbədə İsraildə hökumət əleyhinə qraffitilər çəkir, avtomobilləri yandırır, vərəqələr paylayırdılar. Hər hərəkət üçün orta qiymət 5000 dollar təşkil edirdi.
Şabak vurğulayır ki, İran ABŞ və Kanadada və nədənsə Qafqaz əsilli yəhudilər arasında yaşayan İsrail vətəndaşlarını işə cəlb edir və ya cəlb etməyə çalışır. Onlardan biri, 30 yaşlı Vladislav Viktorson şəriki 18 yaşlı Anna Bernşteyni İrana işləmək üçün işə cəlb edib. Onlar əvvəlcə qraffiti çəkiblər, sonra isə İsrail dövlət məmurunu öldürməyə razılaşıblar. Onlar snayper tüfəngi alarkən yaxalanıblar. Digər 35 yaşlı Vladimir Verxovski də analoji yolla gedib: qraffiti çəkdi, sonra isə 100 min dollar müqabilində israilli nüvə alimini öldürməyə razı olub.
Bunlar köhnə əhvalatlardır. İndi isə İsraildə həqiqətən də genişmiqyaslı və ciddi kəşfiyyat əməliyyatının materialları açıqlanıb. Çox məxfi nüvə obyektinə sızmaq və onun işçiləri və əməliyyatları haqqında uzun müddət ərzində məlumat toplamaq nəinki İran üçün, hətta böyük qlobal kəşfiyyat xidməti üçün də çox böyük uğur sayıla bilər.
Aydındır ki, İsrailin özündə daxili siyasi vəziyyət də mühüm rol oynayıb. İsrail cəmiyyəti daxilində çatlar getdikcə genişlənir və şəxsən Netanyahudan və Təl-Əvivin Qəzzada müharibəni gücləndirmək siyasətindən fəal şəkildə narazı olanları tapmaq 10 il əvvəlkindən daha asandır. Amma biz hələ də İsrail əks-kəşfiyyatının daimi nəzarəti altında olan, səhrada təcrid olunmuş nüvə obyektindən danışırıq. Bu arada İranın indi təqdim etdiyi materialların mahiyyəti onu göstərir ki, əməliyyatda həm Weizman Elm İnstitutu, həm də Dimona nüvə mərkəzi olub.
Bundan əlavə, İran daha əvvəl İsrail və Qərb ölkələrini Rafael Qrossinin ətrafını və MAQATE-nin təftiş qruplarını kəşfiyyat agentləri ilə doldurmaqda günahlandırmışdı. İndi məlum olur ki, İran Qrossinin şəxsi cihazlarına çıxış əldə edib. Yeri gəlmişkən, o, hazırda BMT-nin baş katibi postu uğrunda mübarizə aparır. Bunlar yüksək vəzifəli məmurun kobud səhlənkarlığının bariz əlamətləridir. İsrailin Dimonadakı nüvə obyektinin MAQATE-nin imkanlarından kənarda olduğunu başa düşmək vacibdir. İsrail İrandan maksimum şəffaflıq tələb etməsinə baxmayaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamayıb, MAQATE ilə əməkdaşlıq etmir və xarici müşahidəçiləri Dimona obyektinə buraxmır. Yalnız bir dəfə, 2013-cü ildə Fukusima fəlakətindən sonra ictimai təzyiq altında İsrail beynəlxalq müşahidəçiləri Dimonada deyil, amerikalılar tərəfindən 1955-ci ildə inşa edilmiş köhnə Nahal Sorek reaktorunda öz nüvə obyektinə buraxdı. Və o zaman məsələ plutonium istehsalı üçün sentrifuqların axtarışı deyil, ümumilikdə ekoloji təhlükəsizliyin yoxlanılması idi. Dimonada silah dərəcəli plutoniumun istehsal edilməsi açıq sirrdir, lakin İsrailin çoxdankı ənənəsinə görə, bu ölkədə heç kim nəyisə təsdiq və ya təkzib etmir; sualları sualla cavablandırırlar.
Əslində, İranın Dimona obyektinə sızmasının siyasi məqsədi məhz İsrailin sənaye miqyasında silah kimi plutonium istehsal etmək qabiliyyətini açıq şəkildə nümayiş etdirməkdir. Bu, təkcə İsrail əks-kəşfiyyatının reputasiyasına deyil, bütövlükdə ölkəyə ciddi zərbədir.
Bununla belə, Təl-Əvivin sadəcə olaraq səssiz qalacağını və ya Dimona sentrifuqaları ilə bağlı suallara cavab olaraq bir daha dünyaya antisemitizm və Holokost haqqında mühazirə oxuyacağını proqnozlaşdırmaq asandır. Beləliklə, İran hələlik İsrail torpaqlarında həyata keçirdiyi ilk belə uğurlu kəşfiyyat əməliyyatından əldə edəcəyi təbliğat effektinə diqqət yetirməli olacaq. Əks təqdirdə, bütün cəhdlər boşa çıxa bilər.
Tərcümə - Elçin Bayramlı