PDF Oxu

Siyasət

  • 509

Elmin inkişafı milli-strateji prioritetdir ŞƏRH

image

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı bütövlükdə milli intellektual siyasətin və dövlət idarəçiliyi fəlsəfəsinin inkişafını təcəssüm etdirir. Bu amillər elmi dəyərlərin qorunması, intellektual sərmayənin möhkəmləndirilməsi və elmin dövlət siyasətində tutduğu yerin daha da güclənməsinin nümayişidir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı elmin strateji əhəmiyyətinə verilən yüksək dəyərin təzahürüdür. Bu çıxış elmi siyasətin ardıcıl şəkildə davam etdirildiyini, elmi potensialın qorunması və yenilənməsi istiqamətində məqsədyönlü addımların atıldığını bir daha sübut edir.

AMEA ötən dövr ərzində elmi düşüncənin formalaşmasında, intellektual mühitin möhkəmlənməsində və milli elmi məktəblərin yaranmasında mühüm rol oynamışdır. Fəaliyyəti dövründə akademiya yalnız elmi tədqiqatların aparıldığı bir mərkəz deyil, həm də intellektual fikir ocağı, milli düşüncə məktəbi kimi fəaliyyət göstərmişdir. Elmə dövlət səviyyəsində göstərilən diqqət və qayğı zamanın tələblərinə uyğun yenilənmişdir. Bu siyasət bir daha təsdiqləyir ki, elmi potensial, təhsil və intellektual inkişaf bir-birini tamamlayan, dövlətin sabitliyini və uzunmüddətli dayanıqlığını təmin edən əsas sütunlardır. Prezident İlham Əliyevin elmə münasibəti məhz bu prinsiplərin üzərində qurulmuşdur, bilik, texnologiya və insan kapitalı müasir dövlətin əsas sərvətləridir.

Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə həyata keçirdiyi siyasət Azərbaycanın elmi həyatında dönüş nöqtəsi olmuşdur. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutları yaradılmış, fundamental elmlər üzrə kadr hazırlığı gücləndirilmiş, gənclərin elmi fəaliyyətə cəlbi üçün mühüm addımlar atılmışdır. Həmin dövrdə yüz minlərlə gənc SSRİ-nin və dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanmış, bu da ölkədə elmin və texnologiyanın müasir əsaslarda formalaşmasına təkan vermişdir.

Prezident İlham Əliyev bu siyasəti müasir dövrdə yeni məzmunla zənginləşdirmiş, elmin modern idarəetmə prinsiplərinə uyğunlaşdırılması istiqamətində ardıcıl addımlar atmışdır. Bu gün minlərlə gənc dünyanın aparıcı universitetlərində təhsil alır, müasir texnologiyalar və innovativ yanaşmalarla geri dönərək müstəqil dövlətin elmi və iqtisadi potensialına dəyərli töhfələr verir. Beləliklə, Ulu Öndərin əsasını qoyduğu elmi inkişaf strategiyası müasir dövrdə qlobal standartlarla uzlaşdırılmış formada davam etdirilir.

Son onilliklərdə dövlətin elmə verdiyi dəyər və dəstək yeni keyfiyyət mərhələsinə yüksəlib. Yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Elmi müəssisələrin müasir standartlara uyğunlaşdırılması və maddi-texniki bazanın gücləndirilməsi bu istiqamətdə həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının və institutların təmiri, Elmi Kitabxananın və Milli Ensiklopediya binasının inşası elmi infrastrukturun yenilənməsinə xidmət edir. Bununla yanaşı, elmi fəaliyyətin qanunvericilik bazası da təkmilləşdirilib. Elm Fondunun yaradılması, “Elm haqqında” Qanun və Elmin İnkişafı üzrə Milli Strategiyanın qəbulu sözügedən sahənin sistemli şəkildə idarə olunmasına imkan yaradıb. Bütün bu tədbirlər göstərir ki, elm təkcə bilik mənbəyi deyil, həm də dövlətin təhlükəsizliyi, iqtisadi sabitliyi və texnoloji müstəqilliyi üçün strateji dayaqlardan biridir.

Son onillik təkcə iqtisadi və sosial deyil, həm də siyasi və hərbi baxımdan böyük Qələbələrin dövrü olub. Ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması Azərbaycanın tam müstəqil inkişaf modelinə keçidini şərtləndirib. Qazanılan bu Zəfər həm də milli elmi-siyasi müstəqilliyin rəmzidir. Artıq yeni dövr – quruculuq və bərpa mərhələsi başlamışdır. Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları elmin və texnologiyanın praktiki tətbiqinin ən parlaq nümunələridir. Bu proseslər bir daha sübut edir ki, elmi inkişaf yalnız nəzəri deyil, həm də praktik müstəvidə dövlət siyasətinin mərkəzindədir. Zəfərin yaratdığı yeni reallıqda elmin və intellektual potensialın rolu daha da artmış, müstəqil dövlətin gələcəyinin formalaşdırılmasında həlledici amilə çevrilmişdir. Dövlətimizin başçısı yubiley tədbirindəki çıxışında vurğulayıb ki, biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik: “Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.

Prezident İlham Əliyevin nitqində vurğulanan məqamlardan biri də texnoloji tərəqqinin milli prioritet kimi müəyyən edilməsidir. Müasir dövrdə dövlətlərin rəqabət gücü yalnız təbii resurslarla deyil, intellektual və texnoloji imkanlarla ölçülür. Elm və texnologiya sintezi iqtisadi inkişafı sürətləndirir, innovasiyaya əsaslanan idarəetmə modelini formalaşdırır və cəmiyyətin dayanıqlılığını təmin edir. Bu istiqamətdə qarşıya qoyulan məqsəd – süni intellekt, rəqəmsal texnologiyalar, informasiya sistemləri, enerji səmərəliliyi və ekoloji innovasiyalar kimi sahələrdə müasir elmi nailiyyətləri tətbiq etməkdir. Dövlət bu sahədə gənc mütəxəssislərə, startap təşəbbüslərinə və elmi layihələrə geniş dəstək verir. Azərbaycan Prezidentinin “Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır” fikri bu istiqamətdə dövlət siyasətinin qlobal düşüncə ilə uzlaşdığını göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi dövlətin elmi irsə və intellektual sərvətə verdiyi dəyərin rəmzidir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, elm yalnız tədris və tədqiqat fəaliyyəti deyil, həm də milli təhlükəsizlik, iqtisadi sabitlik və texnoloji müstəqillik məsələsidir. Bu, müasir dövlətin uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biridir.

Bu gün qarşıda duran əsas vəzifə – elmi potensialın texnoloji yüksəlişlə sintezini təmin etmək, gəncləri innovativ düşüncə tərzinə yönəltmək və gələcəyin intellektual mühitini formalaşdırmaqdır. Ulu Öndər Heydər Əliyevin əsası qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət müstəqil dövlətimizin davamlı yüksəlişinə, intellektual suverenliyinə və texnoloji qüdrətinə xidmət edir.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Digər xəbərlər