Siyasət

  • 899

Ölkəmizin iqtisadi gücünün təsdiqi

image

Dörd il öncə tariximizin Zəfər səhifəsi yazıldı. 2023-cü ilin 15 oktyabr tarixində isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ölkə Prezidenti Xankəndidən xalqa müraciət etdi. Bu müraciət 30 illik işğal dövründən bu günədək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatın uğurlarının təqdimatı oldu. Dövlətimizin başçısı Xankəndidən bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılmasını qarşıya bir nömrəli vəzifə qoymuşdu. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru gedirdik.

Ölkəmiz bu illər ərzində daha da gücləndi, iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, münaqişənin həlli üçün hüquqi baza yaradıldı. Beynəlxalq standartlara cavab verən Ordumuz formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək illərin qətiyyətinin nəticəsi idi. Azərbaycan münaqişənin həlli bağlı dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan etdi. Bildirildi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz.
Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində onu da vurğuladı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm dörd il bundan əvvəl, həm də ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Ordumuzla fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
İlham Əliyev bildirdi ki, Ermənistanın işğalçı siyasətini təhlil etdikdə onların bir qarış torpağımızı belə bizə qaytarmaq fikrində olmadığını görürük. Məsələnin həlli ilə məşğul olan vasitəçilər də faktiki olaraq münaqişəni dondurmaq, əbədi etmək istəyirdilər: “İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.
Azərbaycan tarixi Zəfəri ilə dünyaya səs saldı. Dövlətimizin başçısı Xankəndidən bu çağırışı da etdi ki, bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Son dörd ildə Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqları yaşayırıq. Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz daxili imkanları hesabına görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.
Dövlət başçısı İlham Əliyev Zəfərimizi əbədiləşdirmək üçün mühüm addımlar atır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. 17 oktyabr Füzuli Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəliş dövrünü yaşayır. Füzuli tamamilə yenidən qurulur. Onu da qeyd edək ki, Füzuli azad edilmiş ərazilərimiz arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu reallığı diqqətə çatdırır ki, Füzuli azad olunanda Bayrağımızı ucaltmaq üçün hərbi hissədən başqa bir salamat bina tapa bilmədik. Hərbi hissənin həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə adamın ürəyi ağrıyırdı. İnsan dəhşətə gəlirdi ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?!
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olundu.
Qeyd etdiyimiz kimi, Füzuli dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Sakinlərinə qovuşan 5 şəhərdən biri Füzulidir. Qayıdış ünvanlarının sayının artması sevindiricidir. Bu torpaqlarda müasir dövrün tələblərinə uyğun görülən işlər soydaşlarımızın yüksək səviyyədə yaşayışına xidmət edir. Aylar keçdikcə Füzuliyə qovuşan sakinlərimizin sayı artır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ildə 22 min keçmiş məcburi köçkünün Füzuliyə qovuşacağı planlaşdırılır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq: “Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır. Tezliklə bu torpaqlarımız turizm məkanı kimi dünyanın diqqətində olacaq.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Digər xəbərlər