Siyasət

  • 333

Azad Füzulimiz, ŞƏHƏR GÜNÜN mübarək!

image

Prezident İlham Əliyev: "Biz birinci şəhərsalma layihəsini Füzulidə icra edirik"

Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. Dörd il bundan əvvəl tarixin bu günü Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa müracətində "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"– deyə bildirmişdir. Cənab Prezident onu da bildirmişdir ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərinn işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi: "Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir".

"BURAYA GƏLƏN HƏR BİR İNSAN GÖRƏCƏKDİ, ERMƏNİ VƏHŞİLİYİ NƏDƏN İBARƏTDİR"

Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu. 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulmuşdur."Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir". Bu fikirləri Prezident İlham Əliyev ötən ilin oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: "Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.

"HƏM FÜZULİDƏ, HƏM BÜTÜN BAŞQA ŞƏHƏR VƏ KƏNDLƏRİMİZDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR, DÜNYA MİQYASINDA ŞƏHƏRSALMA PRİNSİPLƏRİNİN YENİ QAYDALARINI TƏSBİT EDİR"

Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə o cümlədən, Füzuliyə səfərləri tarixi hadisələrlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasına yönəlmiş layihələrdir. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinini göstəricisidir. Füzuli Beynəlxalq Hava Limanı, xüsusən bu rayonun Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. "Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr, dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edirlər", - deyə Azərbaycan Prezidenti bildirib: "Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var".

"FÜZULİYƏ HƏYAT QAYIDIR VƏ QAYIDACAQ"

Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli şəhərinin Baş planı hazırlanıb. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb. Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.

Bildiyimiz kimi, Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, daha sonra isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir".

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, siyasi iradəsi ilə Füzuli - Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, o cümlədən Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası xüsusi ilə qeyd olunmalıdır.

"Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik", - deyə Prezident bildirib. Laçınlıların öz doğma yurduna füzulililərdən bir qədər tez qayıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: "Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur".

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcəkdir. Bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbədən- qələbəyə aparır. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər