Siyasət

  • 430

17 oktyabr 2020-ci il: Gəncə terroru

image

Yaşadığımız yüzillik bəşər sivilizasiyasının yüksək nöqtəsi olaraq qəbul edilir və ağılın, idrakın sivil nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, qəbuledilən deyil. Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəminində yaranır. Əlbəttə ki, bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər.

Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq. Azərbaycan xalqı ermənilər tərəfindən tarixi dövrlərdə soyqırıma, terrorlara məruz qalmışdır. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Tarixə diqqət etsək görərik ki, iki yüz ilə yaxın bir dövrdə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yeridilən soyqırımı siyasətinin acı nəticələrini yaşamışıq.

44 günlük müharibə dövründə də erməni vandallığının, terrorunun acılarını da yaşadıq. Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Ermənistanın ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə yer aldı. Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə aldı.

DEMOKRATİK CÜMHURİYYƏTİN MÜSTƏQİLLİYİ UĞRUNDA SONA QƏDƏR VURUŞMUŞ ŞƏHƏR

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də 2020-ci ilin oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi Ermənistan kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşmasını da kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bir neçə dəfə "Elbrus" ballistik raketlərlə bombaladılar. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə edilən növbəti qəddar hücum nəticəsində 13 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirdi, 45-dən çox insan ağır yaralandı. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir.

"Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!" Bu fikirlər 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi "Instagram" səhifəsində yer almışdır.

DÜŞMƏNƏ DÖYÜŞ MEYDANINDA LAYİQLİ CAVAB

Gecə radələrində düşmənin törətdiyi bu vandal aktının cavabı isə dərhal verildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 17-də səhər saatlarında xalqa müraciət etdi. Dövlətimizin başçısı müraciətində düşmənə döyüş meydanında layiqli cavab verdiyimizi vurğuladı və Füzuli şəhərinin, rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Bu, Ermənistana, onun rəhbərliyinin törətdiyi cinayətlərə ən tutarlı cavab oldu. Ardınca isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi döyüş meydanında düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikalarının məhv edilməsi anlarını əks etdirən videogörüntüləri yaydı. Bu görüntülər də Gəncə terroru qurbanlarının qanının yerdə qalmadığını bir daha əyani şəkildə göstərmiş oldu. Gəncədə törədilən terror günü Füzulinin işğaldan azad edilməsi xəbərini xalqımız aldı.

AZƏRBAYCAN ORDUSU QARŞISINDA TOTAL ACİZLİYİN TƏZAHÜRÜ

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi "Instagram" səhifəsində etdiyi daha bir paylaşımda isə belə yazırdı: "Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir! Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram. Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların faşist simasının təzahürüdür, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində, insan hüquqları kobudcasına pozulub, etnik təmizləmə siyasəti və terror aktları günahsız azərbaycanlının həyatına son qoyulub.

Terrorları törədən Ermənistanın son illərdə və 44 günlük Vətən müharibəsi dövründə törətdikləri vəhşi əməlləri faşist ideologiyasının sahibi olmalarının təsdiqidir. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edib.

TARİXƏ YAZILAN BÖYÜK CİNAYƏTLƏR

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində xalqımız misli görünməmiş faciələlər yaşamışdır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini gösətərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir. 1992-ci ilin Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi yazıldı. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Tariximizdə belə hadisələr kifayət qədərdir.

2011-ci il martın 8-də düşmən snayperi tərəfindən səkkiz yaşlı Fariz Arzu oğlu Bədəlov qətlə yetirildi. 2016-cı il Aprel döyüşlərində düşmənin Tərtərin Həsənqaya kəndini atəşə tutması nəticəsində 2000-ci il təvəllüdlü Kəlbəcər sakini Həsənli Turanə Kamandar qızı dünyasını dəyişdi. 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular. Bu mülkü insanlara qarşı törədilən cinayətlərdir. 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanda mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.

Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü, rəşadətli ordumuzun dönməzdiyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində Zəfər qazandıq. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər