Siyasət

  • 347

44 günlük müharibənin Füzuli Zəfəri ! ŞƏRH

image

Azərbaycanın dilbər guşələrindən olan Füzuli 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. İşğalı Zəfər ilə əvəzləndi. Dörd il əvvəlki Zəfərin sevinci yaşadığı məkandan asılı olmayaraq milyonlarla azərbaycanlını qürurlandırdı. Qələbədən-qələbəyə doğru addımlayan ordumuz 2020-ci il oktyabrın 17-də tariximizə daha bir qələbəni həkk etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində belə deyirdi: "Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzulinin 51 kəndi və rayon mərkəzi işğal olunmuşdu. 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edərək işğal nəticəsində, öz ata-baba yurdlarından didərgin düşmüşdülər. Yaşadığı ərazilərdə insanların şəxsi mülkləri talan olunub və tarixi memarlıq abidələri məhv edilmişdi. Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri tamamilə məhv edilib, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar, bütünlüklə, qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi surətdə məhv edilmişdir. Bütün bu və ya digər hadisələr işğalçıların təcavüzkar siyasətinin məntiqi nəticəsidir. İşğal nəticəsində, 1100-dən çox Füzuli sakini şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Bu ağrını füzulililər kimi, bütün Azərbaycan xalqı yaşamışdır.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirərək Füzuli uğrunda gedən çox şiddətli döyüşlərdə qələbə qazandılar. Təbii ki, Füzuli şəhərinin azad olunması strateji mövqedə yerləşməsi baxımından əhəmiyyət kəsb edirdi. Füzuli azad olunandan sonra Şuşa istiqamətinə geniş imkanlar açılmış oldu. Ermənistan tərəfinin güclü istehkamlar qurmasına baxmayaraq, ordumuz gücü müqabilində bu istehkamları yararaq qəhrəmanlıq tarixini yazdılar. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri, daha sonra Qubadlı azad olundu və artıq Azərbaycan Zəfərin bir addımlığında idi.

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək, tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür. Şəhər gününü bu gün bir qisim füzulili doğma yurdda qeyd edir. Füzulidə yeni bir həyat başlayıb. İşğaldan azad edilmiş Füzulidə irimiqyaslı layihələr reallaşır, mədəni abidələr bərpa olunur, abadlıq-quruculuq işləri aparılır.

Müharibə Zəfər ilə başa çatandan bir neçə gün sonra 2020-ci ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfəri zamanı Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırdı. Həmin gün Prezident tərəfindən Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu və bu yol Zəfər yolu kimi tarixə həkk olundu. Artıq Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə Beynəlxalq Hava Limanının tikintisi barədə Sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmin ilin yanvar ayının 14-də baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi. "Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib", - deyən dövlət başçısı bildirib ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.

Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə Vətən müharibəsi başlayan ilk saatlardan sona qədər ölkəmizə siyasi dəstəyini göstərdi. Qardaş ölkənin Prezidentinin təyyarə ilə məhz Füzuli Beynəlxalq Hava Limanına enməsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İlə hava limanının rəsmi açılışını bildirən qırmızı lenti kəsmələri dünyaya verilən daha bir qardaşlıq, birlik, həmrəylik mesajı oldu.

Qısa bir zaman məsafəsində dövlət başçısı tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi uğurla həyata keçirildi. Füzuli şəhərində dövlət başçısının iştirakı ilə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində "Ağıllı kənd"inin, şəhərdə salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməllərinin qoyulması və s. geniş miqyaslı layihələrin qısa bir zamanda reallaşmasına söykənirdi. Vurğulayaq ki, "Füzuli" yarımstansiyası işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib.

Bütün bu və ya digər görülən işlərlə yanaşı, dövlətimizin başçısı tərəfindən rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman, eləcə də ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməli qoyulub.

Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaqdır. Ən əsası isə onu qeyd edək ki, Füzuli şəhərinin Baş planı hazırlanıb. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur.

Qısa bir zamanda Füzuli şəhərində reallaşan infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha nümayiş etdirir. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan Füzulidə yeni həyatın başlanmasına imkan verir. Bu gün Zəfər qazanmış, erməniyə dərs verən və ona kimliyini göstərən Qalib Xalq kimi bu torpağa ayaq basırıq. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər Füzulidə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər